Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:50

Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır


Eldəniz Abbasov
Eldəniz Abbasov

Masallı rayonunda həmişə işsizliyin yüksək olduğu bildirilir.

Cənub rayonlarında yalnız Masallıda el arasında «qul bazarı» deyilən yer var. Bu yer Masallı şəhərinin ərazisindən keçən Bakı-Astara yolunun yaxınlığında yerləşir və ilin bütün günlərində orada toplaşıb iş axtaranları görmək mümkündür. Dəfələrlə ora toplaşanları qovublar. Ancaq görülən tədbirlər nəticə vermir.

Masallının Ərəb kənd sakini Eldəniz Abbasov oranın daimi sakinidir. Onun deməsinə görə, «qul bazarı»nda hər peşədən adam var. Arabir qadın da olur:

«SON VAXTLARI İŞ DƏ YOXDUR»

«Hər iş görürük. Gəlib yaxınlaşırlar, aparırlar işləməyə. Razılaşmamaqdan söhbət gedə bilməz. Çünki hər qiymətə işləyirik. Son vaxtları iş də yoxdur. Səhərdən axşama qədər dururuq, bir nəfərdə olsun yaxınlaşmır. İlin bu vaxtı belə olur. Həm də böhrandır. Tikinti az gedir. İndi məcburam, evdə əyləşirəm. Belə olanda vəziyyət daha da çətinləşir. İki uşağım məktəblidir, məktəbə göndərə bilmirəm. Çörəyə möhtacıq. May ayına kimi belə olacaq. Bəlkə maydan sonra iş oldu. Torpaq da bir şey vermir».

Rayonun digər sakini Hidayət Şəmmədov da deyir ki, iki oğlu «qul bazarı»nın daimi sakinləridir. H.Şəmmədovun deməsinə görə, onun-bunun evində işləmək də problemləri həll etmir: «İmkansızlıq, işsizlik cavanları boğaza yığıb. İş yoxdur. Bir dənə «qul bazarı» var, orda işləyirlər, günə 3-5 manata işləyirlər. Yoxdur iş».

Hidayət Şəmmədov
Hidayət Şəmmədov

ATA KREDİT BORCU ÖDƏYİR, OĞULLAR İŞ AXTARIR...

H.Şəmmədovun bildirdiyinə görə, kredit götürüb, aldığı maaşın çoxunu banka verir. Buna görə də övladlarına kömək edə bilmir.

Müsavat Partiyasının yerli təşkilatın sədri Xasay Səfəroğlu belə bir vəziyyətin yaranmasını rayonda bir çox sənaye müəssisəsinin bağlanması ilə izah edir:

«GƏNCLƏR İŞ TAPA, EVLƏNƏ BİLMİR»

«Masallı rayonunda 200 mindən çox əhali yaşayır, işqabiliyyətli insanların sayı da çoxdur. İndi böhran vəziyyətindəyik, mənzərə ürəkaçan deyil. Elə müəssisələr var ki, bağlanıb. Təzəcə tikilmiş «Nur» MMC fəaliyyətini dayandırıb. Deyirlər ki, 20-dən çox sənaye obyekti inşa edilib. Masallıda mebel sənayesi var, oralarda da ixtisarlar gedir. Xüsusən işsizlik gənclər arasında yüksəkdir. Gənclər iş tapa, evlənə bilmir. İnanmıram ki, işsizlik problemini rayonda yaradılacaq Sənaye Parkı həll etsin. Uzağı orda 50-60 nəfər işləyər. Bəs qalan işsizlər necə olacaq?».

X.Səfəroğlu hesab edir ki, hökumətin işsizlik problemini həll etməsindən ötrü reallığa söykənən proqramı olmalıdır. Onun fikrincə, hökumət 20 ildə işsizliklə bağlı ciddi bir iş görə bilməyib:

Masallıda «qul bazarı»
Masallıda «qul bazarı»

«İNSANLAR ZİNƏT ƏŞYALARINI SATIB TORPAQ ƏKİRLƏR...»

«İşsizlikdən danışanda çox vaxtı əkilməmiş torpaqları misal çəkirlər. Onların xəbəri varmı, yay mövsümündə nə qədər kənd təsərrüfatı məhsulları sahələrdə çürüyür? İnsanlar zinət əşyalarını satıb torpaq əkirlər, nəticədə hər şey əldən çıxır. Bazar olmalıdır, bazarı isə hökumət tapmalıdır».

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR?

Masallı rayon İcra Hakimiyyətinin saytında bildirilir ki, 2015-ci ildə 2128 yeni iş yeri yaradılıb. Bunların 1872-si daimi iş yerləridir.

Saytda qeyd edilir ki, 2003-2015-ci illərdə rayonda ümumilikdə 32487 iş yeri açılıb. Ancaq orada bağlanan müəssisələr haqda isə bir cümlə belə bəhs edilmir.

Prezident İlham Əliyev bu ilin iyununda Masallı Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam verib. Ancaq onun, hələ ki, heç təməli də qoyulmayıb.

XS
SM
MD
LG