Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:14

'Evimiz plana düşüb, 3 ildir zirzəmidə qalırıq'


Foto arxiv
Foto arxiv

«Dil tökdülər ki, bircə həftə zirzəmidə qalın, gələn həftə sizi şəhərin ən rahat yerində evinizdən də rahat bir evlə təmin edəcəyik. İnandıq, çıxdıq, gəldik öz ayağımızla girdik zirzəmiyə. 3 ildən çoxdur bizi evdən çıxarıblar, indi heç kəs sözünə sahib çıxmır. Bir-birinə ötürürlər. Ailəlikcə zirzəmidə, kanalizasiya xətlərinin arasında yatıb dururuq».

Cümşüd Bayramov 3 il öncə evini sökənlərə inanıb, həyatı zillətə dönüb.

«UŞAQLAR GECƏNİ YATMIRLAR»

Bayramovlar ailəsi Binəqədi rayonu ərazisində yeni tikililərdən birinin zirzəmisində yaşayır. Ailənin başçısı deyir, məcburi köçkün olsa da, «Ağ şəhər» layihəsinə düşmüş ərazidə şəxsi ev-eşik sahibi imiş.Ətrafdakı evlər söküldükdən və kommunal xətlər kəsildikdən sonra ona təklif edilib ki, Binəqədidəki tikilinin zirzəmisinə müvəqqəti sığınsın. O da razılaşıb. Ancaq gerçəklik odur ki, ailə hələ də zirzəmidəki siçovullarla baş-başa yaşayır. Ən acınacaqlısı isə ailədə azyaşlıların olmasıdır:

Buna da bax-'Sovetski'də qohumları yadlaşdıran kompensasiya qovğaları

«Uşaqlar həşəratların qorxusundan gecəni yatmırlar. Binanın kanalizasiya xətti zirzəmidədir. Rütubətin, üfunətin içində yaşayırıq. Bizə «Qaçqınkom» (Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi) da sahib çıxmır. Gedirik, deyirlər, «gedin, icra hakimiyyəti ilə aydınlaşdırın». Qalmışıq ortada. İstədiyimiz nədir ki? Evimizdən çıxarıblar, dağıdıb töküblər, indi ev versinlər, uşaqlarımızı böyüdək. Kanalizasiya xətlərinin arasında gələcəyin əsgərini böyüdürəm».

Buna da bax-'Ağ şəhər'in qaragünlü sakinləri

Qeyri-iş günlərinə görə Bayramovlar ailəsinin gələcək taleyi ilə bağlı rəsmi qurumlardan məlumat ala bilməsək də, hüquqşünas Vaqif Alıyev ailəyə çıxış yolu göstərir:

«İCRA HAKİMİYYƏTİNİN YAXASINDAN YAPIŞIN»

«Həmin ərazidə plana düşmüş evlərlə bağlı Xətai rayon İcra Hakimiyyətində komissiya fəaliyyət göstərir. Əgər ev fərdidirsə, yəni köçkün kimi məskunlaşmayıblarsa, «Qaçqınkom» burada heç bir rol oynamır. Vətəndaş söküntü aparılmış ərazi üzrə icra hakimiyyətinin yaxasından yapışmalıdır. Həmin icra hakimiyyətində plana düşmüş həmin evlərlə bağlı komissiya fəaliyyət göstərir. Komissiyayarəsmi müraciət etməlidir. Qanunvericilikdə nəzərdə tutulan müddətdə cavab almasa, yaxud aldığı cavab onu razı salmasa, həmin cavabı da iddia ərizəsinə əlavə edib məhkəməyə müraciət etməlidir».

Bir sözlə, hüquqşünas məsələnin tərəflər arasında həllini tapmasa, məhkəmə yolu ilə çözülə biləcəyini bildirir.

Fəhlə prospekti ilə Babək prospekti arasındakı ərazidə 3 ildən çoxdur icra edilməkdə olan «Ağ şəhər» layihəsi 221 hektar ərazini əhatə edir. Burada 50 min sakinin yaşaması nəzərdə tutulur. Ərazinin 39 hektarını yaşıllıq və ayrıca park tutacaq. Burada 18 min yaşayış və kommersiya obyekti, 40 min avtodayanacaq nəzərdə tutulub. Layihə ilə əlaqədar ərazidəki köçürülmələr zamanı sakinlərlə iş icraçıları və yerli icra hakimiyyəti arasında dəfələrlə konfliktlər yaşanıb. Köçürülən sakinlər plana düşmüş evlərinə görə ödənilən kompensasiyanın məbləğindən razı qalmayıblar.

XS
SM
MD
LG