Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:02

Deputatların Biləsuvar hadisələrinə reaksiyaları


Arxiv fotosu (1 mart 2012)
Arxiv fotosu (1 mart 2012)

Biləsuvarda məcburi köçkünlərin elektrik enerjisinin kəsilməsindən sonra olub-bitənlərə deputatların reaksiyası

“On minlərlə insanın işığını kəsərək “mən belə istəyirəm” demək olmaz. Bunu edənlər cəzalanmalıdırlar”, - Deputat Elman Məmmədov Biləsuvarda məcburi köçkünlərin elektrik enerjisinin kəsilməsindən danışarkən, AzadlıqRadiosuna belə deyir. Parlamentin vitse-spikeri Bahar Muradova bu haqda danışmaq istəməyib, daha dəqiq deyilsə, radio müxbirinin salamlaşmasından sonra telefonu söndürüb. Digər vitse-spiker Ziyafət Əsgərov, ümumiyyətlə, zəngə cavab verməyib. Deputat Aqil Abbas AzadlıqRadiosuna danışmaq istəmədiyini bildirib. Görünür, o, həyat yoldaşının mediada “zarafat” adlandırdığı “müsahibə verməmək qadağası”nı ciddi qəbul edib.

Bayram günü olduğundan, ya başqa səbəbdən digər deputatlar telefona cavab verməyiblər, yalnız iki deputatdan başqa.

Əflatun Amaşov: “Nəinki spiker, başqaları da...”

Əflatun Amaşov, 2012
Əflatun Amaşov, 2012

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Biləsuvarda məcburi köçkünlərin etiraz aksiyalarından danışarkən belə deyib:

“Hesab edirəm ki, ayrı-ayrı qurumlar işləməlidir, qışdır, işıqla, qazla bağlı problemlər həll olunmalıdır”.

Son zamanlar bir neçə deputatın müsahibəsi narazılıqla qarşılanıb. Məsələn, Hadı Rəcəblinin və Astan Şahverdiyevin müsahibələri. Parlamentin spikeri Oqtay Əsədov bəzən eyhamla, bəzən açıq şəkildə deputatlara müsahibə verməməyi, ya da ehtiyatlı davranmağı tövsiyə edir. Sizcə, belə tövsiyələr deputatlar arasında nə dərəcədə özünüsenzuraya yol aça bilər?

-Hər insan öz danışığına cavabdehdir, danışanda düşünüb-daşınmalıdır. Bir var, şəxs olaraq qiymət verəsən, bir də var... Təəssüf ki, belə hallar da olur bəzi məqamlarda. Ancaq mənə elə gəlir ki, hər kəs, parlament üzvü olsun, ya qeyrisi, dediyi sözə məsuliyyətlə yanaşmalıdır. Məsuliyyətsiz deyilən söz bəzən diqqətsizliklə də əlaqədar ola bilər. Elə bilirəm, hər kəs dediyi sözə görə məsuliyyət daşımalıdır.

Buna da bax: Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

-Yəni spiker tərəfindən belə bir qadağa yoxdur?

-Qətiyyən. Hər kəs fikrini söyləməkdə azaddır, müstəqildir. Ancaq elə söz deməlidir ki, həmkarlarına da, parlamentin adına da xələl gəlməsin. Bu da hər kəsin özündən asılıdır. Bəzən insan əsəbi və psixoloji vəziyyətindən asılı olaraq, hadisələrə tələsik münasibət bildirir. Ancaq bütün bunlara baxmayaraq, danışan şəxs millət vəkilidirsə, seçicilərini parlamentdə təmsil edirsə, yetərincə məsuliyyətli olmalıdır. Əlbəttə, nəinki spiker, başqaları da deputatın hadisələrə münasibətindən narazı qala bilər... Məncə, deputatlar da mətbuatla dost olmalıdırlar, dedikləri sözü də yüz ölçüb bir biçməlidirlər. Jurnalistlərlə, mətbuatla dost olan siyasətçi daha ağıllıdır, daha çox dəstəyi olur.

-Əflatun bəy, dediyiniz kimidirsə, dövlət başçısı niyə Azərbaycan mediası ilə dost deyil, ona müsahibə vermir?

Prezident İlham Əliyev müxtəlif vaxtlarda Azərbaycan mediasının suallarını cavablandırıb.

-Yerli jurnalistlər bunun vaxtaşırı və geniş müsahibə şəklində olmasını istərdilər hər halda...

-Cənab prezident vacib hadisə olanda sualları cavablandırıb.

Elman Məmmədov: “Cənab prezident hər xırda məsələdən ötrü...”

Elman Məmmədov
Elman Məmmədov

Deputat Elman Məmmədov isə AzadlıqRadiosuna bunları deyib:

-Bu insanlar həmin etiraz aksiyası ilə heç də cənab prezidentimizin siyasətinə, dövlətçiliyimizə qarşı hər hansı hərəkət etmək niyyətində olmayıblar. Sadəcə, insan kimi hər birimiz fikirləşməliyik ki, qışın günü o qəsəbələrdə qaz yoxdur, odun yoxdur, kömür yoxdur, insanların qızınmaq üçün yeganə ümid yerləri elektrik enerjisidir. Kimlərsə öz iddiasını ortya qoyub 20 minə qədər insanın işığını söndürüb, onların balasını, özünü soyuqda qoyursa... Buna görə də həmin insanlar həmişə bizim problemlərimizi diqqətdə saxlayan prezidentimizə dərdlərini çatdırmaq üçün o vasitəyə əl atdılar. Ola bilər, hansısa qanun pozuntusu var, ya yox, - onu deyə bilmərəm, ancaq bu insanların məqsədi dərdlərini, onlara haqsızlığı İlham Əliyevə çatdırmaq idi. Hesab edirəm ki, həmin o qurumların o hərəkəti yolverilməz idi. İndi bu məsələlər aradan qaldırılır. On minlərlə insanın işığını kəsərək “mən belə istəyirəm” demək olmaz. Bunu edənlər cəzasını almalıdır.

-Başqa sözlə, siz yerli məmurları təhrikçi sayırsınız?

-O insanın evində işığı yansa, çörəyi olsa, nəyə görə o hərəkətə yol versin? Məcburiyyət qarşısnda qalıb səslərini ölkə başçısına çatdırdılar.

Buna da bax: «Uşaqlarımız narkoman deyil» - həbs olunan köçkünlərin yaxınları etiraz edir (29.12.2016)

-Səsləri eşidildimi?

-Bəli.

-Ancaq prezidentin buna reaksiyası görünmədi...

-Vacibdir ki,cənab prezident hər xırda məsələdən ötrü dursun, televizordan çıxış etsin? Prezidentin tapşırığı ilə elektrik verilişi bərpa edildi. İndi ora qaz çəkilişi məsələsi həll olunur.

-Dediniz ki, camaatı etiraza sövq edən məmurlar olub. Amma onlar hələ də vəzifə başındadırlar. Prezident niyə onları cəzalandırmadı?

-Təbii ki, müvafiq orqanlar araşdıracaq və günahkarlar cəzasız qalmayacaqlar.

Həyat yoldaşı həbs olunan Biləsuvar sakini Ulduz İsgəndərova, dekabr 2016
Həyat yoldaşı həbs olunan Biləsuvar sakini Ulduz İsgəndərova, dekabr 2016

-O hadisələrdə saxlanılan beş nəfərin ailəsi onların polisə müqavimət göstərmədiyini, sadəcə, işıq tələb etdiklərini deyir. Üstəlik, tutulanlardan ikisinin xanımı hamilədir, ilk övladlarının yolunu gözləyirlər. İkisi xəstədir, biriQarabağ əlilidir, yoldaşı da əlildir...

-Bir insan kimi onları anlayıram və cəza almalarını istəmərəm. Amma başa düşürəm ki, qanun hər şeydən alidir. Artıq burda insanlıq, humanistlik, vətəndaşlıq mövqeyi ilə bərabər, qanunçuluğu da nəzərə almalıyıq. Bu, artıq hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir.

Həmkarınız Astan Şahverdiyevin ayağa qalxan cəbrayıllıları “tör-töküntü” adlandırmasına necə baxırsınız?

-İstənilən məsələylə bağlı kimisə tənqid etmək yolveriləndir, ancaq kimisə təhqir etmək, xüsusən çoxluğun ünvanına nəsə təhqiramiz ifadə işlətmək yolverilməzdir.

Astan Şahverdiyev
Astan Şahverdiyev

-Astan Şahverdiyevin üzr istəməsini nə dərəcədə yetərli saydınız?

-Astan müəllim kifayət qədər yaşı, dünyagörüşü olan adamdır, alimdir, professordur, babadır, nəvələri var. Bəlkə elə bir vəziyyət olub ki, bəlkə də Astan müəllim, nə deyim... qeyri-iradi olaraq haldan, təbdən çıxıb ehtiyatsız ifadələrə yol verib. Astan müəllim də xalqdan üzr istədi ki, səhv edib. Üzrü qəbul etmək, günahı bağışlamaq alicənablıqdır. Azərbaycan xalqı da alicənab və müdrik xalqdır. Məncə, xalqımız onu başa düşdü, onun üzrünü qəbul etdi. Bu, kifayətdir.

-Amma bəzən bir məmurun şərəf və ləyaqəti təhqir ediləndə buna görə cinayət işi açılır, iş məhkəməyə gedir... İndiki halda xalqın bəlli kəsiminin heysiyyatına toxunulub...

-Artiq hərənin öz yanaşması var. Bu, mənə aid məsələ deyil.

XS
SM
MD
LG