Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:06

'Bu templə Neft Fondu yaxın bir neçə ilə tükənəcək'


Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Dövlət Neft Fondunun (DNF-nin) büdcəsi, nisbətən gec - yanvarın 10-da təsdiqlənib.

Fondun 2017-ci il büdcəsi 6 milyard 113 milyon 266.2 min manat kəsirlə proqnozlaşdırılır. Bu büdcənin gəlirləri - 8 milyard 370 milyon 589,8 min, xərcləri - 14 milyard 483 milyon 856 min manat məbləğində təsdiqlənib. DNF-dən Azərbaycan Mərkəzi Bankına (AMB-yə) 7 milyard 500 milyon manat ayrılmasını da ilin ilk yeniliklərindən saymaq olar.

Buna da bax:​ Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır

İqtisadçı ekspert Zöhrab İsmayıl AzadlıqRadiosu-na müsahibəsində fondun builki büdcəsini dəyərləndirib.

- Zöhrab bəy, sizcə, fondun büdcəsi nədən vaxtında təsdiqlənməyib? Axı qaydalara görə, dekabrın 1-dək büdcə təsdiqlənməlidir...

- Fondun büdcəsinin təsdiqlənməsi əvvəllər də gecikib. Gecikməyə səbəb budur ki, hökumətin 2017-ci ilin büdcə-vergi siyasəti ilə bağlı əmin olmadığı məsələlər var. Çox güman, fondun təsdiqlənmiş büdcəsindəki bəzi ziddiyyətli məqamlar hökumətdə uzun müzakirələr doğurduğundan, bu proses gecikib. Mən burada makroiqtisadi tənzimləmə üçün AMB-yə ayrılmış 4.2 milyard dolları nəzərdə tuturam. Hökumətin, çətinliyə düşən kimi, fondun ehtiyatlarından böyük həcmdə xərcləməyə gedəcəyi bəlli idi. Demək, o kritik məqam gəlib çatıb. AMB sədri Elman Rüstəmov büdcə müzakirələri vaxtı qeyd etmişdi ki, 2017-ci il çox çətin il olacaq. Bax, AMB-yə 4.2 milyard dollarlıq dəstək həmin çətinliyin göstəricidir.

Buna da bax: Neft Fondunun büdcəsi yenə gecikir

- Fondun büdcəsində 6.1 milyardlıq kəsir proqnoz edilir. Öz gəlirindən bu qədər çox xərcləməyə Fondu nə vadar edir?

- Burada bildiyiniz kimi, 7.5 milyard manat, yəni təxminən 4.2 milyard dollar makroiqtisadi sabitliyi təmin etmək üçün AMB-yə ayrılır. Kəsirin mənbəyi budur. Hazırda Azərbaycanın tədiyə balansında böyük həcmdə kəsir var. Bu isə manatın məzənnəsi və makroiqtisadi sabitliyə böyük təhlükə törədir. Bir tərəfdən manat gündən-günə dəyərini itirir, o biri tərəfdən də ölkə banklarında xarici valyuta çatışmazlığı var. AMB bazara dollar buraxmır, təxminən 4 milyard dollarlıq ehtiyatlarını qoruyub saxlayır. Amma bu da, öz növbəsində, iqtisadi fəallığa zərbə vurur. Xarici ticarətçilər idxal edə bilmirlər, daşınmaz əmlak bazarında likvidlik aşağı düşüb, tikinti sektoru böyük tənəzzül yaşayır. Şirkət və bankların, elə hökumətin özünün də xarici valyutada öhdəlikləri var. Belə görünür ki, AMB bankların xarici valyuta təminatını artırmaq istəyir. Amma bunun indiki problemləri aradan qaldırıb-qaldırmayacağı bir başqa mövzudur. Azərbaycanda indiki iqtisadi böhranın səbəbləri dərindədir. Ölkədə dərin maliyyə, iqtisadi və institusional böhran var. Görünən budur ki, hökumət institusional böhranı aradan qaldırmaq istəmir və onun yaratdığı nəticələri aradan qaldırmaq yerinə, problemin üstünü pulla örtmək istəyir. Bu, yanlış yanaşmadır. Ölkədən nəzarətolunmaz kapital axını var. Buna görə də, əslində, tədiyə balansındakı real kəsir daha çoxdur. İnstitusional böhran aradan qaldırılmasa, institusional islahatlar aparılmasa, bazara buraxılan dollar manatla dəyişdirilərək ölkədən çıxacaq. Çünki iş adamlarında, ümumiyyətlə, insanlarda bank sisteminə və görüləcək işə güvən çox azdır.

Buna da bax: Neft Fondu hər hərracda 30 milyon dollar satıb

- Fond gələcək nəsillərə də pul saxlamalıdır. Belə xərc tempi ilə gələcək nəsillərin vəsaiti necə qoruna bilər?

- Neft və qaz gəlirlərindən istifadənin uzunmüddətli strategiyasına görə, gəlirlərin zirvə dövründə 25 faiz yığıma yönəldilməlidir. Amma bu, qanun deyil, prezident fərmanı ilə təsdiqlənmiş sənəddir. Vətəndaş cəmiyyəti uzun zaman hökumətə təklif etdi ki, fonddan büdcəyə ayırmalar limitləşdirilsin. Norveçdə belə limitləşdirmə var. Təsəvvür edin ki, vaxtilə ictimai vəsaitlər, neft gəlirləri israf olunmasaydı, indi DNF-nin təxminən 100 milyard dollar ehtiyatı ola bilərdi. Norveç Qlobal Pensiya Fondu idarəetmədən hər il aktivlərinin 4 faizinədək gəlir götürür, amma bizim DNF zərərlə çıxır. Bu baxımdan, Azərbaycan xeyli imkanları itirib. İndi də gələcək nəsillərə yığılmış ehtiyatlar xərclənməyə başlanır. Belə getsə, fondun aktivləri də yaxın bir neçə ilə tükənəcək.

XS
SM
MD
LG