Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:24

Lenin rolunun ilk və tək ifaçısının 110 illiyi keçiriləcək


İsmayıl Dağıstanlı
İsmayıl Dağıstanlı

Yanvarın 26-da saat 15:00-də Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr edilmiş anım tədbiri keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, anım mərasimi bu qurumun, Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının və Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə İsmayıl Dağıstanlının kino və teatr fəaliyyətindən danışılacaq, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərindən bəhs olunacaq.

Anım mərasiminin ssenari müəllifi Çingiz Ələsgərli, rejissoru Mərahim Fərzəlibəyov, rəssamı İlham Elxanoğludur.

İsmayıl Dağıstanlı 1907-ci il yanvarın 6-da Qaxın Zərnə kəndində doğulub.

Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbə vaxtı Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib.

Dram Teatrında, İrəvan Dram Teatrında işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub.

1938-ci ildən Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rolunun ilk ifaçısı kimi məşhurlaşıb. SSRİ Xalq artisti adını da bu obrazlar qalereyasına görə alıb.

Ənvər Məmmədxanlının «Şərqin səhəri» pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin «Mahnı dağlarda qaldı» dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.

Ömrünün sоnlarında Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışan sənətkar aktyorlar və teatr haqqında kitablar da yazıb.

İsmayıl Dağıstanlı 1980-ci il aprelin 1-də Bakıda vəfat edib.

XS
SM
MD
LG