Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:26

'Manat üzsə, çoxları 'şok terapiya'ya davam gətirməz'


Köçkünlər üçün tikilmiş bina.
Köçkünlər üçün tikilmiş bina.

Məcburi köçkünlərin sosial problemlərinin həlli, manatın sərbəst «üzmək»lə bağlı bacarıqları, məmur talançılığı, sahibkarlara təzyiqlər bu gün medianın aparıcı mövzusudur...

KÖÇKÜNLƏRİN SOSİAL MÜDAFİƏSİ

«Azərbaycan» qəzetində «Məcburi köçkünlərin sosial müdafiəsi sistemi təkmilləşdirilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, qaçqın və köçkünlər məsələsi dünyanın ən böyük problemlərindəndir. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan 25 ildən çoxdur ki, bu problemlə üz-üzə qalıb.

Məqalədə qeyd edilir ki, Azərbaycan bu problemin həllinə uğurla imza atıb: «Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin salınmış insanların taleyi, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi istiqamətində dövlət tərəfindən genişmiqyaslı işlər görülüb. Bu proses indi də davam edir».

Məqalədə vurğulanır ki, bu vaxta qədər məcburi köçkünlərin üzləşdikləri problemlərin həlli məqsədilə 6.2 milyard manatdan çox vəsait sərf olunub. Bunun 2.8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1.4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.

Müəllif yazır ki, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən, 3.2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb. 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Məqalədə vurğulanır ki, son 13 ildə 380 min nəfər əməkqabiliyyətli məcburi köçkündən 161 min nəfəri daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

MANAT SƏRBƏST «ÜZƏ» BİLİRMİ?

«Exo» qəzetində «Mərkəzi Bank Azərbaycanı manatın kəskin devalvasiyasından saxlayır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Mərkəzi Bank və Azərbaycan hökuməti 2017-ci ildən yeni pul-kredit siyasətinə, daha dəqiqtam üzən məzənnəyə keçmək barədə qərar verib. Ekspert Oqtay Haqverdiyev mövzunu qəzetə belə şərh edib:

«Manatın mübadilə məzənnəsi bazar iqtisadiyyatının tələb-təklifi əsasında formalaşdırılmalıdır. Amma bu, bütünlüklə belə deyil. Kəskin devalvasiyadan qaçmaq üçün Mərkəzi Bank bazarda pul kütləsi ilə manipulyasiya edir. «Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarının Strateji Yol xəritəsi»nə əsasən, sərbəst üzən məzənnəyə keçilməli idi, hələ ki, bu, mümkün görünmür».

Amma ekspert deyib ki, manat hər hərrac 2-3 qəpik ucuzlaşır və Azərbaycanın valyuta bazarı yavaş-yavaş sərbəst üzən məzənnəyə keçir.

O.Haqverdiyev hesab edir ki, Mərkəzi Bank manatın tam üzən məzənnəyə keçməsinə yol verə bilməzdi. Çünki əhalinin həyat səviyyəsi aşağıdır və çoxları bu «şok terapiya»ya davam gətirməyi bacarmazdı.

Başqa bir ekspert Samir Əliyevə görə də, manatın indiki durumunu tam sərbəstləşmə saymaq mümkün deyil: «Əgər bu, həqiqətən belə olsaydı, kəskin devalvasiya baş verməli idi. Odur ki, manatın sərbəst «üzməsi» fiksiyadır . Əvvəllər olduğu kimi, Mərkəzi Bank indi də manatın məzənnəsini bazara valyuta axını ilə təmin edir».

Dünya malı. Karikatura.
Dünya malı. Karikatura.

MƏMUR TALANÇILIĞI...

«Novoye Vremya» qəzetində isə «Dövlət məmurlarının talançılığı bizi iqtisadi böhrana gətirdi» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə iqtisadi durum pisləşməkdə davam etdir. Dollar isə Azərbaycanda tədricən 2 manata yaxınlaşır.

Yazıda qeyd edilir ki, ölkədə korrupsiyanın mövcudluğunu artıq rəsmi qurumlar da etiraf edir. İstər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi, istərsə də Rabitə və Yüksək Texnologiyalar Nazirliklərində baş verənlər buna sübutdur.

Yazıda vurğulanır ki, artıq ölkədə korrupsiyanın miqyası adamı dəhşətə gətirir: «Korrupsionerin məqsədi özlərinin varlanmasıdır. Ona görə də, investisiyanın səmərəliliyi aşağı enir. Bu səbəb üzündən dövlət layihələrinin qiyməti daim artır. Öncə bir məbləğ planlaşdırılır, sonra həmin məbləğ şişirdilir. Tikinti zamanı nə qədər pullar torpağın altına gömülübsə, heç kim hesablaya bilməz. Bu da korrupsionerləri heç zaman maraqlandırmır».

Müəllif hesab edir ki, bank sistemində durum daha pisdir. Ancaq əhalinin maraqları heç də nəzərə alınmır.

Yazıda vurğulanır ki, əhalinin illər ərzində soyulmasına görə məsuliyyəti dövlət öz üzərinə götürməlidir. «Ölkə vətəndaşlarının əmanətlərinin qəbul olunmasını və qaytarılmasını təmin etməlidir. Korrupsionerləri ölkənin gələcəyindən daha çox öz pullarının gələcəyinarahat edir. Korrupsiya ilə bir az və ya hissə-hissə mübarizə aparmaq olmaz. Ya onunla razılaşmaq, ya da onu məhv etmək lazımdır».

Aydın Əliyev
Aydın Əliyev

KOMİTƏ SƏDRİNDƏN «İKİBAŞLI» AÇIQLAMA

Musavat.com saytı «Ölkədən ixrac olunan məhsulların dəyəri ölkəyə qayıtmır?» sualına ekspert Natiq Cəfərli ilə cavab axtarıb.

Yazıda qeyd edilir ki, bu günlər Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu məsələ ilə bağlı açıqlama verib: «Dövlət Gömrük Komitəsi Azərbaycandan ixrac olunan məhsulların dəyərinin ölkə ərazisinə gətirilməsinə daha ciddi nəzarət edəcək. Çünki xaricdə satılan Azərbaycan malları üzrə valyutanın bir hissəsinin ölkəyə vaxtında daxil olmadığına dair şübhələr yaranıb»,-deyə o qeyd edib.

Ekspert Natiq Cəfərli isə komitə sədrinin açıqlamasını belə şərh edib: «Belə bir təhdid özəl biznesi və xüsusən də sahibkarları həddindən artıq ürküdən, çəkindirən bir yanaşmadır».

N.Cəfərli deyib ki, hər bir sahibkarın əldə etdiyi valyutanın sərəncam hüququ onun özünə məxsusdur.

Ekspertin fikrincə, açıqlama olacaqdısa, bunun kimə, hansı sahibkara aid olması dəqiqləşdirilməli idi: «Onsuz da ölkədəixrac olunan məhsulların dəyərinin 90 faizə yaxını dövlətin payına düşür. İxracda dövlət çox önəmli rol oynayır. Əgər dövlət şirkətlərinə aiddirsə, yaxud dövlətin payı olan şirkətlərə aid idisə, bunu daha açıq şəkildə bildirmək lazım idi».

N.Cəfərli deyib ki, özəl mülkiyyətə və fərdi sahibkarlara belə mesajların verilməsi, əslində, ölkə haqqında neqativ fon yaradır. Onun fikrincə, bu, hətta xarici investorları belə çəkindirə biləcək açıqlama kimi qiymətləndirilə bilər.

XS
SM
MD
LG