Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:52

'Hökumətin 'anti-böhran tədbiri' narazıları nəzarətdə saxlamaqdır'


Naxçıvan şəhəri
Naxçıvan şəhəri

Regionlarının inkişafına dair Dövlət Proqramlarının icrası, neftdən asılılığın qalması, iş yerlərinin bağlanması və hakimiyyət-müxalifət münasibətləri bu gün medianın aparıcı mövzusudur...

REGİONLARIN MÜASİRLƏŞMƏSİ

«Azərbaycan» qəzetində «Milli iqtisadiyyatın modernləşməsi regional inkişafa əsaslanır» sərlövhəli məqalə dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycanın iqtisadi inkişafı regionların müasirləşməsinə söykənir. Regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması Azərbaycanı dünyada cəlbedici ölkəyə çevirib: «Prezident İlham Əliyev hər il regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrə şəxsən nəzarət edir və növbəti ilin əvvəlində işlərin nəticələrini müzakirəyə çıxarır».

Yazıda qeyd edilir ki, regionlarının 2014-18-ci illərdə sosial-iqtisadi inkişafı üzrə III Dövlət Proqramının gedişinə dair bu günlərdə keçirilən konfrans da belə müzakirələrdən biri idi.

Müəllif vurğulayır ki, ölkədə regionların inkişafına 2004-cü ildən başlanıb. İllər keçdikcə, regionların siması dəyişib. Müəllif prezidentdən də sitat gətirir: «Bizim proqramlarımız çox dəqiqdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm ikinci proqram artıqlaması ilə icra edilib. Əminəm ki, üçüncü proqramın da taleyi eyni olacaq».

Daha sonra müəllif bu proqramların nəticəsi olaraq bölgələrdə tikilən elektrik stansiyaları, idman obyektləri, yol çəkilişi və başqa görülən işlər barədə statistik rəqəmlər sadalayır.

Yazıda qeyd edilir ki, dünyadakı böhrana baxmayaraq, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində Azərbaycanda iqtisadiyyat dayanıqlığını möhkəmləndirir.

İsmayıllıda iğtişaşlar - 2013
İsmayıllıda iğtişaşlar - 2013

«CƏHALƏT HƏMRƏYLİYİ»

Azadliq.info saytında «Hökumətin AXCP dərdi» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, XXI əsr olsa da, Azərbaycanda hökumət hələ də orta əsrlərin havası ilə yaşayır. Hakimiyyət bu ilə «İslam həmrəyliyi ili» adını versə də, cəhalətlə həmrəyliyini nümayiş etdirir: «Hökumətin cılız addımları bir-birini əvəz edir. Ölkə ağır böhranla üz-üzə qalsa da, YAP hakimiyyətinin yeganə dərdi müxalifətdir. Şər-böhtandan, saxtakarlıqdan əl çəkmirlər».

Müəllif xatırladır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 9 funksioneri şərlənərək həbs edilib. Partiyanın qərargahı partladılıb. Partiya sədrinin qayını həbs adı ilə girov saxlanılır, üzvlərinin mütəmadi olaraq inzibati həbslə cəzalandırılması davam edir.

Yazıda qeyd edilir ki, bütün çətinliklərə rəğmən, AXCP-nin mübarizəni davam etdirməsi, cəmiyyətə həqiqətləri çatdırması hakimiyyəti qəzəbləndirir. Odur ki, indi də partiyanın rayon şöbələrinə təzyiqlər başlanıb.

Müəllif yazır ki, saxtakarlığın, talançılığın, qanunsuzluğun qarşısını almaq əvəzinə hökumət partiyanın rayon şöbələrinin iclaslarına mane olmaq istəyir: «Bəli, hökumətin yeganə «anti-böhran tədbiri» narazı insanları nəzarətdə saxlamaq, xalqın maraqlarından çıxış edənləri zərərsizləşdirməkdən ibarətdir».

Yazıda qeyd edilir ki, hakimiyyət gerçəkdə heç bir islahat aparmaq niyyətində deyil: «Bütün bunlar onu göstərir ki, mövcud rejimlə yalnız uçurma getmək olar. Bir müxalif partiyanın varlığını həzm edə bilməyən hökumət heç bir müsbət addıma imza ata bilməz».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

ÜFÜQDƏ İNKİŞAF GÖRÜNMÜR

«Exo» qəzetində isə «Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi: biz rüşeymləri belə görmürük» sərlövhəli məqalə diqqəti çəkir.

Ekspertlərdən Oqtay Haqverdiyev qəzetə deyib ki, Azərbaycanın uzunmüddətli iqtisadi əlaqələri olan ölkələrlə əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə azalır.

O.Haqverdiyev bildirib ki, Azərbaycan Belarusda Ticarət Evi açmaq qərarına gəlib. Ancaq ardınca da xatırladır ki, 2016-cı ilin 10 ayının nəticələrinə görə, Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 50 faizdən çox azalıb.

Ekspert hesab edir ki, Azərbaycanın xarici ölkələrdəki ticarət nümayəndəlikləri yaratması istənilən nəticəni verməyəcək: «Hesab etmirəm ki, xaricdə ticarət nümayəndəliklərinin yaradılması ixracın və Azərbaycana investisiyanın həcminin artımına kömək edə biləcək. Azərbaycan iqtisadiyyatı hələ də neftdən asılıdır və hökumət bütün diqqətini enerjidaşıyıcılar bazarına cəmləşdirib».

Ekspert deyib ki, böhrandan sonra məmurlar yorulmadan iqtisadiyyatın şaxələndirilməsindən danışırlar. Amma bu nəzərə çarpmır: «Düzdür, şaxələndirilmənin nəticələrini bir-iki ilə əldə etmək olmaz. Ancaq biz onun rüşeymlərini belə görmürük. Öncə daxili problemləri araşdırıb həll etmək və yalnız bundan sonra xarici bazara çıxmaq lazımdır».

O.Haqverdiyevə görə, Azərbaycanda biznes-mühit mürəkkəb olaraq qalır. İş adamları bazarı tərk edirlər, xarici investorlar Azərbaycanın daxili bazarına etimadsız yanaşırlar.

Əmək yarmarkası
Əmək yarmarkası

ÜMİDSİZ GƏLƏCƏK

«Novoye Vremya» qəzetində isə «Gələcəyə ümidi necə saxlayaq? Əgər vətəndaşların əksəriyyəti iş yerlərini itirirsə» sərlövhəli məqalədə ölkədə işsizlərin getdikcə artmasından bəhs edilir.

Müəllif yazır ki, ayrı-ayrı idman, ticarət obyektləri, sığorta şirkətləri, təhsil müəssisəsi bir-birlərinin ardınca bağlanır: «Bütünlükdə əmək bazarına diqqət 2015-ci ildəki birinci devalvasiyadan sonra əhəmiyyətli dərəcədə artıb. İş yerlərinin bağlanması haqda istənilən xəbər ağrılı qarşılanır. Ona görə ki, bu ixtisarlar əmək bazarındakı sərt rəqabəti daha da artırır».

Müəllif yazır ki, xarici şirkətlər də tədricən Azərbaycanı tərk etməkdədirlər. Yazıda vurğulanır ki, bu amilin özü də yerli müəssisələrin işinə təsir göstərir.

Müəllif Qafqaz Universitetinin bağlanmasına da toxunur. Yazıda qeyd edilir ki, 4 minə qədər tələbə başqa ali məktəblərə köçürülsə də, müəllimlər iş axtarmalı olacaqlar.

Müəllif xatırladır ki, Qafqaz Universitetindən əvvəl Təfəkkür Universiteti də bağlanıb.

Yazıda bildirilir ki, ölkənin polad istehsalı müəssisələri də işlərini dayandırmaqdadır: «Bütünlükdə son dövrlər 1500-dən çox iş yeri bağlanıb. 100-ə qədər iş yeri açılıb. Deməli, əmək bazarında bütün meyllər mənfi yöndədir. İlin əvvəli gələcəyə yaxşı heç nə vəd etmir».

XS
SM
MD
LG