Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

Qırğız və gürcü filmləri Berlinaledə. Azərbaycan yenə yoxdur...


Beynəlxalq 67-ci "Berlinale" kinofestivalı bu il 9-19 fevral arası davam edir.
Beynəlxalq 67-ci "Berlinale" kinofestivalı bu il 9-19 fevral arası davam edir.

Bu il "Berlinale" film festivalında postsovet ölkələrindən kimlər necə təmsil olunur

Kann və Venesiyadan sonra kino aləmində üçüncü ən böyük və nüfuzlu festival hesab olunan Berlin Beynəlxalq Kino Festivalı II Dünya Müharibəsi bitəndən altı il sonra yaradılıb. Amerikalı Oscar Martey və ingilis Georg Ternerin təşəbbüsü ilə təsis olunan festivalın yaradılmasında məqsəd həm Berlinin mədəni həyatını canlandırmaq, həm də Almaniya Federativ Respublikasının “azad dünyanın vitrini” olduğu barədə siyasi mesaj vermək idi.

İlki 1951-ci ilin 6-17 iyununda keçirilən festivala Hitler Almaniyası dövründə Reichsfilmkammer-də (Reyx Kino İdarəsi) işləmiş, müharibədən sonra isə Britaniya Hərbi Hökumətinin kino üzrə məsləhətçisi olmuş kino tarixçisi Alfred Bauer direktor təyin olunmuşdu.

Dahi ingilis rejissoru Alfred Hitchcock-un “Rebekka” filmi ilə açılışını edən festival 1956-cı idlən rəsmi olaraq beynəlxalq statusu alıb.

Berlinale öz ekranlarında daha çox geopolitik kinematoqrafiyaya yer verir. Festivalın təşkilatçıları dünyanın hər bölgəsindən filmlər qəbul etməyə çalışırlar və hər il festival çərçivəsində, təxminən, 400-ə yaxın qısa və uzunmetrajlı film nümayiş etdirilir. Bir şərtlə ki, film festivalın başlama tarixinə qədər bir il ərzində istehsal olunmalı və heç bir yerdə göstərilməməlidi.

Buna da bax: 67-ci "Berlinale" film festivalı bu gün başlayır

Festival daha çox müəllif filmlərinə üstünlük verir.

Berlin festivalı bir neçə bölmədən ibarətdir:

Beynəlxalq müsabiqə;

Panorama- müstəqil art-house filmləri bölməsi;

Forum - avanqard və qeyri-kommersiya filmləri bölməsi;

Generation -gənc auditoriya üçün nəzərdə tutulmuş müsabiqə bölməsi;

“Berlinale qısa filmlər” bölməsi;

“Perspektivli alman kinosu” və “Kulinar kinosu” bölmələri (kulinariya və ekologiyaya aid mövzulardan bəhs edən filmlər nümayiş olunur);

“Berlinale Special” proqramı - kinematoqrafiyada hadisə yaratmış müasir rejissorların işləri nümayiş olunur.

Keçmiş Sovet İttifaqı Berlində 1975-ci ildən Sergey Solovyovun “Uşaqlıqdan sonra 100 gün” filmi ilə təmsil olunmağa başlayıb və ilk dəfədən əsas mükafatlardan birinə – “ən yaxşı rejissor işi” nominasiyasında “Gümüş ayı”ya layıq görülüb. İki il sonra -1977-ci ildə isə Larisa Şepitkonun “Yüksəliş” filmi festivalın baş mükafatını – “Qızıl ayı”nı qazanıb. O vaxtdan etibarən rus rejissorları Berlin festivalının daimi iştrakçılarındandırlar və demək olar ki, hər dəfə vətənlərinə mükafatla qayıdırlar.

SSRİ-yə daxil olan ölkələr yalnız ittifaq dağılandan sonra sözügedən festivalda fəal iştirak etməyə başlayıb. Təbii ki, hamısı yox.

Məsələn, bu il 67-cisi keçirilən festival keçmiş SSRİ ölkələrindən Gürcüstan və Qırğızıstanın uğurları ilə yadda qalacaq, yəqin ki. Festival müddətində bu iki ölkənin “Panorama” bölməsində göstərilən filmləri, az qala, postsovet ölkələrindən olan bütün kinoşünasların ən çox diqqət yetirdiyi işlər sırasındadı.

Buna da bax: Neft qurtardı, film var

Qırğız rejissoru Aktan Arım Kubatın “Kentavr” filmi 2017-ci ildə Orta Asiya bölgəsindən festivalın rəsmi proqramına daxil edilmiş yeganə film, rejissorun özü isə festivalın fəxri qonağıdı.

Qırğızıstanı Berlinale kino festivalında təmsil edən "Kentavr" filminin posteri.
Qırğızıstanı Berlinale kino festivalında təmsil edən "Kentavr" filminin posteri.

Qırğızıstan, Fransa, Almaniya, Niderland və Yaponiyanın müştərək istehsalı olan “Kentavr”ın qəhrəmanı, hamının Kentavr adlandırdığı sakit və təvazökar kişi qırğızları mifik qəhrəmanın xələfləri, qüdrətli xalq hesab eləyir. O əmindir ki, qırğız xalqı Yer üzündəki missiyasını unutduğuna görə tanrılar tərəfindən cəzalandırılıb. Kentavr, xalqının bağışlanması üçün yaxşı bir at tapmalı və dua eləyə-eləyə bütün gecə at çapmalıdı. Onda qırğızlar yenidən qüdrətli və nəcib xalq olacaqlar.

“Kentavr” filmi Tanrı axtarışları və öz xalqının ənənələrini qorumaq üçün mübarizə aparan insan haqqındadır.

Qırğızıstandan fərqli olaraq Gürcüstan 67-ci Berlin festivalında bir yox, dörd filmlə təmsil olunur: “Girovlar” (rej: Rezo Qiqineişvili), “Mənim xoşbəxt ailəm” (rej: Nana EkvtimişviliSimon Gross), “Günəş şəhəri” sənədli filmi (rej: Rati Oneli) və Natia Nikoleşvilinin qısametrajlı animasiya filmi.

Onların arasında ən çox səs gətirəni Rezo Qiqineişvilinin “Girovlar” filmidi.

Filmdə hadisələr 1983-cü ildə cərəyan edir. Bir neçə tələbə Tbilisidən Batumiyə uçan təyyarəni ələ keçirərək Qərbə qaçmaq qərarına gəlir. Lakin onların planları lap əvvəldən pozulur, pis hava şəraiti ucbatından reyslərin vaxtı dəyişdirilir. Planlarının baş tutmadığını görən tələbələr təyyarənin salonunda atəş açırlar. Nəticədə sərnişinlərin bir çoxu və ekipaj üzvləri həlak olur, zərərsizləşdirilən terrorçular isə güllələnmə cəzası alırlar.

Kinoşünaslar “Girovlar” filmini Berlin festivalının sürprizi adlandırırlar. Öz ölkəsində və Rusiyada daha çox komediya janrında çəkdiyi filmləri ilə tanınan (“Qızmar isti”, “Ləhcə ilə danışan sevgi”) rejissorunbu filmi dram janrındadı və real hadisələr əsasında çəkilib.

Xatırladaq ki, Gürcüstan artıq 12 ildir ki, Berlinaledə iştirak edir.

Bəs Azərbaycan? Vaxtilə eyni köynəkdə olduğumuz qonşularımızın kinematoqrafiyası bu qədər irəli getdiyi bir zamanda Azərbaycan kinosu hardadır? Bizim filmlərimiz də dünyanın ən nüfuzlu festivallarından birində iştirak edirmi, edibmi?

Sən demə, edib. Təxminən, bir neçə il əvvələ qədər Azərbaycan filmləri, Berlin Festivalının əsas proqram xaric, digər bölmələrində iştirak edirmiş.

Məsələn, rejissor Rövşən Almuradlının Bakı milyonçusu Musa Nağıyevin həyatından bəhs eləyən “Yük” filmi 1995-ci ildə festivalın “Forum” bölməsində nümayiş olunub.

Rejissor və kinoşünas Ayaz Salayevin 1995-ci ildə çəkdiyi “Yarasa” isə “Panorama” bölməsində iştirak edib.

Ayaz Salayevin çəkdiyi "Yarasa" film, 1995.
Ayaz Salayevin çəkdiyi "Yarasa" film, 1995.

Dünya kinosunun 100 illiyinə həsr olunmuş “Yarasa” filmi rejissorun mədəniyyət haqqında düşüncələrini, kinoya sevgisi və nifrətini əks etdirir.

Almaniyada nəşr olunan “Frank Furter Rundscau” qəzeti “Yarasa” filmini postmodern üslübda çəkilmiş ekran əsəri, Ayaz Salayevi isə postmodernizm cərəyanında yeni üslubun banisi adlandırıbmış.

Buna da bax: Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın

Sonuncu dəfə Berlin Beynəlxalq Kino Festivalında Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Oleg Səfərəliyevin çəkdiyi “Əlvida, cənub şəhəri” filmi iştirak edib. “Panorama” bölməsində nümayiş olunmuş film, Qarabağ müharibəsindən Bakıya qaçan məcburi köçkünlərlə şəhər sakinləri arasındakı münasibətlərdən bəhs edir.

2006-cı ildən sonra bəzi gənc rejissorlar festival çərçivəsində fəaliyyət göstərən müxtəlif tədris proqramlarında iştirak etsələr də, filmlərimiz Berlin festivalının ekranlarına gedib çatmır. Göndərənmi yoxdu? Deyilənə görə var. Sadəcə göndərilən işlərin bədii keyfiyyəti festivalın tələblərinə cavab vermədiyindən qəbul olunmur.

XS
SM
MD
LG