Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:05

'Sovet cəlladlarına 'rəhmət' oxutdururlar'


İƏT sammiti - 1 mart 2017
İƏT sammiti - 1 mart 2017

İqtisadi Əməkdaşlıq Təşkilatının XIII İslamabad sammiti, ölkədə siyasi vəziyyət, pensiya yaşının artırılmasına hazırlıq və əmək bazarında «ölü canlar» bu gün medianın aparıcı mövzusudur...

İSLAM HƏMRƏYLİYİNƏ DOĞRU

«Azərbaycan» qəzetində «Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının inkişafına töhfə verir» sərlövhəli məqalədə bu günlərdə Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammiti təhlil edilir.

Müəllif yazır ki, islam aləminin firavanlığına təhlükə olan problemlərin həllindən ötrü bu ölkələrin səylərini birləşdirilməsinə dərin və ciddi ehtiyac yaranıb.

Yazıda qeyd edilir ki, indiki mürəkkəb durumda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XIII sammiti İslam dünyasında əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli idi.

Müəllif bildirir ki, martın 1-də İƏT-in XIII sammitini prezident İlham Əliyev açıb. 2006-cı və 2012-ci illərdə İƏT-in iki sammitinə Azərbaycan ev sahibliyi edib.

Yazıda vurğulanır ki, İ.Əliyev çıxışında islamofobiyanı dünyada ən ciddi təhlükələrdən biri sayaraq qəti pisləyib: «İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik».

Stavropolda siyasi repressiya qurbanlarına abidə.
Stavropolda siyasi repressiya qurbanlarına abidə.

DAVAM EDİR 37

Azadliq.info saytında «Hökumətin repressiya standartı» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, Milli Məclis «Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında» Qanuna dəyişikliklər edir. Yazıda sovet dövrü siyasi repressiya qurbanlarının haqlarının qaytarılması ədalətli hesab edilir. Ancaq müəllifi repressiya dövrü ilə indiki dövr arasında paralellər də aparır: «Məsələ ondadır ki, bu günün siyasi repressiyalarına haqq qazandıranlar dünənin siyasi repressiyasına məruz qalanlara bəraət verilməsini təmin edəcəklər. Ölkədə 100-dən artıq siyasi məhbus var, dünyanın tanınmış hüquq-müdafiə qurumları, beynəlxalq təşkilatları bu adamların azadlığını tələb edir. Onlar ən nüfuzlu mükafatlara layiq görülürlər».

Müəllif yazır ki, ölkədə insan hüquqlarının pozulması üzündən Avropa İnsan Hüquqları Məhkəməsinə 100-lərlə şikayət ərizəsi daxil olur və bunun da əksəriyyəti siyasi repressiyalarla bağlıdır.

Müəllif «Nardaran işi» adlanan məhkəmələrə diqqət çəkir. Onun gəldiyi nəticəyə görə, sovet dövrünün ən iyrənc ənənələri bu gün də davam edir.

Yazıda qeyd edilir ki, öz antiinsani davranışı ilə mövcud hakimiyyət sovet imperiyasının cəlladlarına «rəhmət» oxutdurur: «O dövrdə repressiyalar olsa da, insanları öz adları ilə həbs edirdilər. Yəni, cibə narkotik atmaq, evə silah qoymaq, avtomobilə kitab tullamaq dəbdə deyildi».

Yazıda vurğulanır ki, bir vaxt gələcək ki, bu gün şərlənərək həbs olunan şəxslər bəraət alacaq, qəhrəman kimi qiymətləndiriləcək: «Ona görə də mandatlı bəylər 70-80 il əvvələ boylanıb ədalət axtarışına çıxanda, bu günün ədalətsizliklərinə də nəzər salmalıdırlar. Bu gün Azərbaycanda baş verənlər, günahsız insanların ağır cəzalara məhkum edilməsi unudulmayacaq və bu mənəvi terroru törədənlər bəraət ala bilməyəcək».

Bakıda əmək yarmarkası.
Bakıda əmək yarmarkası.

ƏMƏK BAZARININ «ÖLÜ CANLARI»

«Exo» qəzetində «Azərbaycanın əmək bazarındakı «ölü canlar»» sərlövhəli məqalə dərc edilib. Yazıda əmək bazarındakı durum ekspertlərlə müzakirə edilir.

Müəllifin yazdığına görə, Azərbaycanda rəsmi qaydada işlə təmin edilən elə şəxslər var ki, onlar əslində işləmirlər: «Rəsmi məlumatlara görə, məşğulluq qurumları ötən il Azərbaycanda 56 min nəfəri işlə təmin edib. Ancaq məsələ ondadır ki, ölkədə nə qədər insanın işsiz olduğunu, bank, tikinti və başqa sahələrdə nə qədər ixtisar olduğu açıqlanmır».

Ekspertlər qəzetə deyiblər ki, işlə təmin edilməyən adamların heç də hamısı məşğulluq orqanlarına müraciət etmir .Üstəlik, işləyənlərin sayı süni şəkildə şişirdilir. «İş adamlarının bir qismi bazarda qeyri-formal, əmək müqaviləsi olmadan çalışan işçilərin real sayını gizli saxlayır, amma əməkhaqqı verirlər», - deyə ekspertlərdən biri qeyd edib.

Yazıda «ölü canlar» ifadəsinə də aydınlıq gətirilir. Müəllifə görə, onlar bəzi idarə və müəssisələrdə işçi kimi qeydiyyata düşürlər. Əslində isə işləmirlər.

Ekspertlər deyiblər ki, ölkədə qeyri-formal bazarın səviyyəsi yüksək olduğundan «ölü canlar»ın sayını dəqiq müəyyən etmək o qədər də asan deyil.

Ekspertlər hesab edirlər ki, belə hallar daha çox tenderdə qalib gələn bəzi təşkilatlarda baş verir. Tender qalibləri həm «ölü canlar» vasitəsi, həm də başqa müxtəlif üsullarla pulları silirlər.

Ekspertlərin fikrincə, belə hallara dövlət təşkilatlarında da rast gəlmək mümkündür: «Oğurlanan dövlət vəsaitlərinin həcmi çox böyükdür. Hətta hansı rəqəmlərdən söhbət getdiyini təsəvvür etmək belə çətindir».

Hadı Rəcəbli
Hadı Rəcəbli

VƏTƏNDAŞI ƏLƏ SALMAQ...

«Novoye Vremya» qəzetində «Deputatlardan qeyri-dürüst çıxışlar. Hadı Rəcəbli yenə «fərqləndi»» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, pensiya yaşının və əmək stajının artırılması məqsədilə «Əmək pensiyaları haqqında» Qanuna parlamentdə dəyişikliklər ediləcəyi gözlənilir. Yeni layihəyə görə, həm qadınların, həm də kişilərin pensiya yaşı 65-ə qaldırılacaq. Hazırda bu, qadınlarda 60, kişilərdə isə 63 yaş həddindədir.

Müəllifə görə, bu layihənin sifarişi yuxarıdan gəlib: «Qanunverici orqan təmsilçilərinin bu dəyişiklikləri əsaslandırmağa çalışmaları artıq bunun sübutudur».

Yazıda parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidən pensiya yaşının artırılmasını əsaslandıran sitat da gətirilir: «İnsanların ömrü uzanıb, onların sağlamlığı buna imkan verir. Həkimlər, müəllimlər bizimlə qırğın edirlər ki, biz cavanıq, hələ işləyə bilərik, siz isə bizi pensiyaya göndərirsiniz».

Müəllif bu və buna bənzər bütün çıxışları ölkə vətəndaşlarını ələ salmaq kimi dəyərləndirir.

Yazıda qeyd edilir ki, cüzi maaş alan müəllimlərə də elə tikintidə işləməyi məsləhət görən H.Rəcəbli idi: «Belələri az deyil, kimisi böhranla bağlı xalqa az yeməyi məsləhət görür, kimisi Rusiyada yaşayan azərbaycanlıları təhqir edir».

Yazıda deyilir ki, indi pensiyaçıların çoxunun aldığı heç dərman pullarına belə çatmır.

XS
SM
MD
LG