Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:40

Gürcüstanda Azərbaycan teatrının aktyoru: "Toz-torpağın içində məşq edirik"


Azər Musaoğlu Tbilisi Azərbaycan Dövlət Dram Teatrında bir tamaşada.
Azər Musaoğlu Tbilisi Azərbaycan Dövlət Dram Teatrında bir tamaşada.

"Gürcü teatrlarında nəinki azərbaycanlı rejissor, aktyor heç işıqçı, sürücü də yoxdur"

Oxu zalının müsahibi Gürcüstanda yaşayan soydaşımız, gənc yazar və aktyor Azər Musaoğludur. O, Gürcüstanın Qardabani şəhərində anadan olub, ali təhsilini də Tbilisi Siyasi Akademiyasının xarici dillər fakultəsində alıb. Hazırda Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrında aktyor kimi çalışan Azər Musaoğlu, 2014-cü ildə Azadlıq radiosunun keçirdiyi «Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsində hekayəsi onluğa düşən yazarlardan biridir.


- Azər bəy, həm yazarsınız, həm teatrda işləyirsiniz. Düzdü, hər ikisi sənətdir, yaradıcılıqdır. Amma həm də fərqlidirlər. Biri söz oyunudu, o biri canlı hərəkət. Hansını özünüzə daha yaxın hiss edirsiniz?

- Sözlə oynamağa daha əvvəl başlamışam. Əslində aktyorluq da sözlə oynamaqdı, sözü oynamaqdı. Mən eyni zamanda rənglərlə də oynayıram. Bir-birindən fərqli yaradıcılıq yolları olsa da, hər üç yolun yolçusu eyni adamdı və yazmağı da, rol oynamağı da, rəsm çəkməyi də eyni dərəcədə özümə yaxın bilirəm.

Buna da bax: Gürcüstandan azərbaycanlı aktyor-yazıçı onluğumuzda - Müsahibə​

Azər Musaoğlu.
Azər Musaoğlu.

- Üç il əvvəlki bir müsahibənizdə Gürcüstandakı azərbaycanlı yazarların çox tənha olduqlarını, burdakı ədəbi mühitə qoşula bilmədiklərini demisiniz. O vaxtdan bu vaxta nə isə dəyişibmi?

- O vaxtdan bu vaxta heç nə dəyişməyib. Üç il əvvəl dünəndi sanki. Gürcüstandakı tənha azərbaycanlı yazarlar nəinki burdakı ədəbi mühitə qoşula bilmirlər (bəlkə də qoşulmurlar), yazarlarımızın heç öz ədəbi mühiti yoxdu. Gürcüstanlı şairin facebookda paylaşdığı şeiri Azərbaycanda like edirlər. Yazarlarımızın əsərləri Azərbaycanda nəşr olunan qazetlərdə, jurnallarda çap olunur, Azərbaycanda fəaliyyət göstərən saytlarda dərc edilir. Bu halda Gürcüstandakı azərbaycanlı yazarların ədəbi mühitindən söhbət belə gedə bilməz. Gürcü ədəbi mühitinə qoşulub ədəbiyyatda irəliləmək mümkündü, amma çox çətindi. Bunun üçün gürcü dilini gürcüdən yaxşı bilmək lazımdır. Dili bilməklə də məsələ həll olunmur. Mən heç vaxt başqa dildə şeir yaza bilmərəm. Buna görə də Gürcüstandakı azərbaycanlı yazarlar tənhalıqlarına çəkiliblər.

- Gürcüstan vətəndaşı olan azərbaycanlı ədəbiyyatçılar, sənət insanları dövlətin sənətə yaratdığı imkanlardan yararlana bilirlərmi? Ümumiyyətlə, hansı imkanlar var sizin üçün?

Məncə, ilk öncə tam hüquqlu Gürcüstan vətəndaşı olmaq lazımdır, “pasport”la yox, təpədən dırnağa.

- İmkanlar həmişə və hər yerdə var. Gürcüstan vətəndaşı olan azərbaycanlı sənət adamları bu imkanlardan yararlanmış olsaydı, hər halda, ən azı, gürcü estradasında bir nəfər milliyətcə azərbaycanlı müğənni olardı və ya gürcü teatrında aktyor olardı, kitab mağazalarında kitabları satılardı və sair. Gürcüstanlı azərbaycanlılar daha çox dövlətin siyasi sahədə ayırdığı imkanlardan yararlana bilirlər. İmkanlardan yararlana bilməməyin başqa səbəbləri də var. Dil baryerindən tutmuş, informasiya blokadasına kimi. Regionlarda yaşayan azərbaycanlılar ölkədə gedən prosesləri Azərbaycan və Türkiyə kanallarından izləyirlər. Məncə, ilk öncə tam hüquqlu Gürcüstan vətəndaşı olmaq lazımdır, “pasport”la yox, təpədən dırnağa. O zaman dövlətin vətəndaşlar üçün yaratdığı bütün imkanlardan yararlana biləcəyik. Bəzən başqa yönlü səbəblər də olur, məsələn, Tiflis Azərbaycan teatrı uzun illərdir, dövlətin imkanlarından yararlanmaq istəyir, dövlətsə imkan vermir, əksinə aktyorların maaşından 10% kəsməklə özü teatrın "imkanlarından" yararlanır.

Buna da bax: Tapdıq Yolçu: 'Bu gün Gürcüstanda təkcə "SOCAR" brendi ilə təmsil olunuruq'

Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrında bir tamaşa.
Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrında bir tamaşa.

- Gürcüstanda neçə Azərbaycan teatrı fəaliyyət göstərir? Onların tamaşaçıları kimlərdi, repertuarlarında hansı tamaşalar var?

- Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı Gürcüstanda mövcud olan yeganə Azərbaycan teatrıdı. Teatrın tamaşaçısı həmişə olub, hətta daimi tamaşaçılar da var. Tamaşaçılar əsasən Tiflisdə yaşayan azərbaycanlı əhali və regionlardan olur. İndiyə kimi teatra üç bədii rəhbər təyin edilib. Hər dəfə bədii rəhbər dəyişəndə repertuar da dəyişib, yenidən başlayıb. Baxmayaraq ki, Axundovun “Müsyö-Jordan”, “Lənkəran xanının vəziri”, Əli Əmirlinin “Onun iki qabırğası”, “Köhnə ev”, Elçinin “Qatil”, Cəfər Cabbarlının “Solğun çiçəklər”, Nodar Dumbadzenin “Ağ bayraqlar”, Kamal Abdullanın “Bir, iki, bizimki”, Çexovun “Elçilik”, Turqut Özakmanın “Divarların o üzü”, Molyerin “Jorj Danden və yaxud aldadılmış ər” və sair əsərləri səhnələşdirilib, hal-hazırda repertuarda iki tamaşa var: yeni -David Kldiaşvilinin “Darispanın əziyyəti” və bərpa olunmuş - Qiorqi Eristavinin “Sehirli papaq” tamaşaları.

- Bəs gürcü teatrlarında işləyən azərbaycanlı rejissor və aktyorlar varmı?

- Yoxdu. Nəinki rejissor və aktyor, heç azərbaycanlı işıqçı, sürücü də yoxdu.


- Teatrınız gürcü dramaturqlarla əməkdaşlıq edirmi?

Bu durumda hansı repertuardan, dramaturqlarla əməkdaşlıqdan danışmaq olar? Teatrın qapısından içəri girmək belə risklidi. Bina qəzalı vəziyyətdədir, qrim otağı, geyim otağı yoxdu. Zal bom-boş, aktyorlar toz torpağın içində, soyuqda, istidə məşq edirlər.

- Repertuardan məlum olduğu kimi, müasir gürcü dramaturqları ilə əməkdaşlıq edilmir. Məncə, öncə Gürcüstan Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq edilməlidi. Teatrın indiki durumu çox pisdi. O şəraitdə sağlamlığının qeydinə qalan bir nəfər də çalışmaz. Teatrda çalışan aktyorlar yalnız teatrı sevdikləri üçün hələ də ordadırlar. Teatrı yaşadan aktyorlardı. Çətin şəraitə görə, maaşların az olduğuna görə aktyorların teatrı tərk etmək təhlükəsi var. Bu durumda hansı repertuardan, dramaturqlarla əməkdaşlıqdan danışmaq olar? Teatrın qapısından içəri girmək belə risklidi. Bina qəzalı vəziyyətdədir, qrim otağı, geyim otağı yoxdu. Zal bom-boş, aktyorlar toz torpağın içində, soyuqda, istidə məşq edirlər. Bütün bunları sadalamaq istəmirəm, bu haqda çox yazılıb, çox danışılıb. Görmək istəyənlər gedib baxa bilərlər. Tiflisin düz göbəyində, Qorqasali 1 ünvanında yerləşir. 2004-cü ildən, teatrın yenidən bərpasından bu günə kimi heç bir dəyişiklik edilməyib. Gürcüstan Mədəniyyət Nazirliyi məsələyə biganə yanaşır. Azərbaycan tərəfinsə teatrın adını göstərən lövhədə bircə adı var, vəssalam.

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrında "Ağ bayraqlar" tamaşası.


- Burdakı azərbaycanlılar teatra nə qədər maraq göstərirlər?

- Teatra maraq məncə hər yerdə eynidi. Maraqlanan da var, maraqlanmayan da. Teatrla maraqlananlar hər dəfə gəlib tamaşalara baxırlar. İnanıram ki, şəraitimiz yaxşı olsaydı, tamaşaçılarımızın da sayı çox olardı. Tamaşalar çox vaxt teatrın 60 nəfərlik kiçik zalında oynanır. Hər dəfə də onlarla tamaşaçı ayaq üstə qalır. Ümumi götürdükdə isə maraq azdı. Yadımdadı, teatrın problemlərinin həlli üçün azərbaycanlı əhalidən imza toplayırdıq. Çox adamın teatrın mövcudluğundan xəbəri belə yox idi, “teatr mənim nəyimə lazımdı” deyənlər də oldu.

XS
SM
MD
LG