Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:24

'Bəzi banklar can verir'


İ.Əliyev Xalçaçılıq Muzeyində.
İ.Əliyev Xalçaçılıq Muzeyində.

Ölkədə xalçaçılığın dirçəlişi, Ombudsmanın hesabatı, bank sektorunun durumu bu gün medianın aparıcı mövzusudur…

XALÇAÇILIQ

«Azərbaycan» qəzetində «Xalçaçılıq Qarabağ qızlarına nənələrindən yadigar qalıb» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, dövlət başçısı İlham Əliyev 2016-cı ildə «Azərxalça» ASC-nin yaranması haqda sərəncam verib və bu qurumun ilk müəssisəsi Horadiz şəhərində fəaliyyətə başlayıb.

Müəllif hesab edir ki, bu addım təkcə bir iqtisadi qurumun fəaliyyətə başlaması deyil, həm də Ermənistan tərəfə ciddi mesajdır.

Yazıda vurğulanır ki, bu müəssisə Azərbaycanın Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək.

Müəllif yazır ki, bu kombinatın yaradılması ölkədə qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətlidir: «Horadizdəki müəssisədə Qarabağın tarixi çeşniləri əsasında xalçalar toxunur. Lakin bu o demək deyil ki, müəssisədə Azərbaycanın digər xalça məktəbləri diqqətdən kənarda qalır. Burada Qazax, Quba və digər bölgələrin xalçaları da istehsal edilir».

Yazıda deyilir ki, birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalçalarının dünyada tanınmasında böyük əmək sərf edib.

Yazıda kombinatın məhsulları haqda da bilgi verilir. Müəllif qeyd edir ki, keçən ilin noyabrından bu yana müəssisədə 7 xalça hazırlanıb. Müəllifə görə, onlar təkcə bir sənət əsəri deyil, həm də xarici bazara çıxaraq ölkəyə valyuta gətirəcək qiymətli məhsuldur.

Elmira Süleymanova
Elmira Süleymanova

OMBUDSMANIN SÜKUTU...

«Novoye Vremya» qəzetində «Hesabat təqdim edildi-hesabat qəbul olundu» sərlövhəli məqalə oxumaq olar. Müəllif yazır ki, parlamentdə verilən hesabatlar, əsasən, formal xarakter daşıyır: «Əgər hansısa tənqid səslənibsə də bu parlamentin demokratik qanunverici orqan olması görüntüsü yaratmağa xidmət edib».

Müəllif daha sonra Ombudsman Elmira Süleymanovanın martın 7-də parlamentə verdiyi hesabatına toxunur. Yazıda deyilir ki, bir-iki çıxışları istisna etməklə, deputatlar hesabatı dinləyib və qəbul edib.

Müəllifə görə, Ombudsman Aparatı ölkə vətəndaşlarının hüquqlarını qoruyan qurumdur və ancaq hesabatdan hesabata yada düşür: «Başqa hallarda bu qurumun fəaliyyəti barədə heç nə demək olmur. Çünki faktiki insan haqlarının müdafiəsi üzrə fəaliyyəti yoxdur».

Yazıda qeyd edilir ki, insan hüquqlarının, elə bil, bu quruma aidiyyəti yoxdur. Müəllif hesab edir ki, hətta Ombudsman Aparatı bəzi hallarda məmurların maraqlarını qoruyur.

Yazıda vurğulanır ki, bəzən hökumət qurumları məhkəmə qərarları olmadan vətəndaşların evlərini başlarına uçururlar. Ancaq Ombudsman buna səssiz qalır: «Vətəndaşlar, heç olmasa, mülki məsələlərdə hüquqlarının qorunmasında Ombudsmandan fəaliyyət gözləyirlər, nə qədər məmur özbaşınalığı baş verir».

Yazıda deyilir ki, Ali Məhkəmənin Kollegiya sədri belə, bəzən polislərin fəaliyyətindən şikayət edir. Ancaq Ombudsman bu haqda bir cümlə belə söyləmir.

Müəllif yazır ki, hər gün ölkədə intiharlar baş verir. Ancaq Ombudsman Aparatı insanların canına qıymasının səbəblərini də araşdırmır: «Əgər müstəqil məhkəmə sistemi olsa idi, ombudsman institutunun buraxılması haqda düşünmək olardı»,-deyə yazıda bildirilir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

BANKLARIN MÜFLİSLƏŞMƏSİ DAVAM EDƏ BİLƏR...

Musavat.com saytında «Əksər banklar «reanimasiya» vəziyyətindədir» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda ölkə banklarının durumu ekspert Əkrəm Həsənovla qiymətləndirilir.

Müəllif hesab edir ki, iqtisadi böhran dərinləşdikcə, ölkədə bank sektorunun durumu daha çıxılmaz olur.

Yazıda təxmin edilir ki, 2017-ci ildə daha bir neçə bank müflis ola bilər: «Bank sektorunda kreditləşmə demək olar ki, dayanıb. Problemli kreditlərin qaytarılması prosesi daha da çətinləşib. Nəticədə banklar əmanətləri qaytarmaqda çətinlik çəkirlər».

Müəllifə görə, bu durum həm iş adamlarını, həm də sadə vətəndaşları narahat edir.

Yazıda qeyd edilir ki, indi banklar ancaq valyuta alqı-satqısı ilə məşğul olurlar. 4-faizlik marjanın ləğvindən sonra valyutanı əhalidən ucuz alıb baha satmaqla bu prosesdən qazanc əldə edirlər: «Ümumən bank sektoru çox ağır durumdadır. Problemli kreditlərin həcmi durmadan artır, əmanətlərin həcmi isə kəskin azalır. Hətta banklar bunu gizlədir. Bank sisteminə etimad sarsılıb, bankların təxminən yarısı hesabatları gizlədir, açıqlanan hesabatlara isə etibar azdır»,-deyə ekspert Ə.Həsənov qəzetə bildirib.

Ekspert hesab edir ki, bu il banklara daha ağır olacaq. O da bu il bir neçə bankın müflisləşəcəyini təxmin edir.

Ekspert vurğulayır ki, müflis olmuş bankların ləğvi prosesi də qeyri-şəffaf aparılır: «Minlərlə vətəndaş və şirkətlər həmin banklarda milyonlarla vəsaitini itirib. Odur ki, sahibkarlar bankda pul saxlamağa qorxur. İş o yerə çatıb ki, banklar yalandan müştərilərə deyir ki, ayda 30 min manatdan çox pul nağdlaşdırmaq olmaz».

Yazıda deyilir ki, indi bəzi banklar can verir...

XS
SM
MD
LG