Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:19

'Məmurlar Azərbaycanı Avropa ilə yox, Afrika ilə müqayisə edirlər'


Tikinti
Tikinti

Sosial binaların inşası, işsizliyin səviyyəsi, hökumət rəsmilərinin Azərbaycanı Afrika ölkələri ilə müqayisə etməsi və Rusiyaya meyvə-tərəvəz ixracı bu gün medianın aparıcı mövzusudur...

İQTİSADİYYATI CANLANDIRAN SAHƏ - TİKİNTİ

Yap.org saytında «Tikinti sektoru iqtisadiyyatın sürətlə inkişaf edən sahələrindən birinə çevrilib» sərlövhəli məqalə dərc edilib.

Yazıda Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyevin düşüncələrinə yer verilib.

«Ötən 10 ildə Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 8 dəfə artıb və nəticədə iqtisadiyyatın bu sektoru sürətlə inkişaf edən sahələrdən birinə çevrilib»,- deyə S.Nuriyev sayta bildirib.

MİDA rəhbəri deyib ki, indi dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də ölkə əhalisinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır: «Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həll edilməsi prioritet vəzifə kimi müəyyən edilib».

S.Nuriyev vurğulayıb ki, Agentlik güzəştli mənzillərin tikintisinin təşkil edilməsindən ötrü zəruri tədbirlər həyata keçirir: «2016-cı ilin dekabr ayının 24-də prezident İlham Əliyevin iştirakı ilə Agentliyin ilk layihəsi olan, 29 binadan ibarət Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirilib».

Əli Əhmədov
Əli Əhmədov

AZƏRBAYCAN AFRİKADIRMI?

«Novoye Vremya» qəzetində «Nazirlər Kabinetinin nəzərinə: Azərbaycan Afrika deyil» sərlövhəli məqalə oxumaq olar.

Yazıda Nazirlər Kabinetinin fəaliyyəti ciddi tənqid edilir.

Müəllifin yazdığına görə, baş nazirin müavini Əli Əhmədov bu günlərdə «Dayanıqlı inkişaf məqsədləri-keyfiyyətli təhsil» mövzusunda keçirilən tədbirdəki çıxışında Azərbaycandakı vəziyyətdən bəhs edərək deyib ki, Afrikanın, Asiyanın bəzi ölkələrində insanlar yaxşı təhsil almaqdan, yeməkdən, sülh və sabitlik şəraitində yaşamaqdan məhrumdurlar: «Bunu da gördük! Ə.Əhmədov Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə etmək əvəzinə, Afrika ölkələri ilə müqayisə edir. Ya baş nazir müavini bəlkə elə düşünür ki, əgər bizdə uşaqlar acından ölmürsə, Afrikadakı kimi məktəbə ac getmirsə, bu, Nazirlər Kabinetinin uğurudur?».

Müəllif yazır ki, Azərbaycanda təhsilin səviyyəsinə gəlincə, onun yaxşılaşdırılması arzu olaraq qalır. Yazıda vurğulanır ki, indiki iqtisadi böhran şəraitində bir çox sahələr üzrə diplomlu mütəxəssislər iş tapa bilmirlər.

Müəllifə görə, hazırda ali təhsil sahəsində artım, rəsmi konsepsiyanın tələb etdiyi kimi, yüksək texnoloji əsaslar üzrə getmir. Sadəcə, qeyri-istehsal sahələrində mütəxəssislərin sayı artır.

Yazıda Azərbaycanı Afrika ölkələri ilə müqayisə etdiyinə görə baş nazirin müavini tənqid olunur. Müəllif Ə.Əhmədova ölkədəki korrupsiya barədə danışmağı tövsiyə edir: «Bu, ölkənin ən böyük bəlasıdır. Korrupsiya təkcə dövlətdən və xalqdan oğurlanan milyardlar demək deyil. Bu, istənilən səviyyədə hakimiyyətə etimadsızlığın əsas səbəblərindən biridir...».

İş yarmarkası.
İş yarmarkası.

İŞ AXTARAN ARTIR, İŞ YERİ YOX

«Exo» qəzetində «Azərbaycanda işçi qüvvəsi çoxdur, amma insanlar iş tapa bilmirlər» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda qeyd edilir ki, son illər ölkədə əməyin məhsuldarlığı çox aşağı düşüb. Manatın devalvasiyası, neft gəlirlərinin və əhalinin qazancının kəskin azalması bunun əsas səbəbidir.

Qəzetə danışan ekspertlər bildiriblər ki, hazırda əhalinin çoxu iş axtarışındadır. Amma indi əlverişli iş tapmaq çox çətindir.

Ekspertlər hesab edirlər ki, demoqrafik vəziyyətdən irəli gələrək ölkədə işsizliyin səviyyəsi həmişə yüksək olacaq: «Ölkədə həddən artıq işçi qüvvəsi var və yaxın 20 ildə durum çətin ki, müsbətə doğru dəyişsin».

Yazıda daha sonra Asiya İnkişaf Bankının bir sıra göstəricilərindən istifadə edilir. Müəllifin bildirməsinə görə, həmin göstəricilərdə vurğulanır ki, Azərbaycanda 36.3 faiz işçinin cəlb edildiyi kənd təsərrüfatı Ümumi Daxili Məhsulun cəmi 6.2 faizini, 6.9 faiz işçinin çalışdığı sənaye isə onun 47 faizini formalaşdırır.

Müəllif daha sonra yazır ki, bu illər bir sıra müəssisələr ya bağlanıb, ya da onlarda ciddi ixtisarlar aparıb. Bu da işsizlərin sayının artmasına əlavə təkan verib.

Moskva bazarı.
Moskva bazarı.

ARZULAR, ARZULAR, ARZULAR...

«Yeni Müsavat» qəzetində isə «Azərbaycan Rusiyanın meyvə-tərəvəzə tələbatını ödəyə bilərmi?» sualı gündəmə daşınır.

Müəllifin yazmasına görə, bəzi rəsmi şəxslər bu günlərdə bildiriblər ki, Azərbaycan Rusiyanın meyvə-tərəvəz tələbatını ödəyə bilər. Amma bu məsələdə ekspertlərin mövqeyi rəsmi mövqedən kəskin şəkildə fərqlənir.

«Bu məsələ ilə bağlı rəsmi mövqe heç bir halda müsbət qiymətləndirilə bilməz. Rusiyanın illik heyvandarlıq və bitki məhsulları idxalı 9 milyard dollardan artıqdır. Meyvə-tərəvəz idxalı isə təxminən 4 milyard dollara yaxındır. Azərbaycanın meyvə-tərəvəz ixracı ümumilikdə 250-300 milyon dollardan artıq deyil»,-deyə ekspert Rəşad Həsənov qeyd edib.

Ekspertin fikrincə, təkcə meyvə-tərəvəz məhsullarında arada təxminən 12-13 dəfə fərq var: «Rusiyanın idxalı ilə Azərbaycanın ümumi ixrac arasında fərq çox böyükdür. Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ümumdaxili məhsulun həcmi 3.5 milyard manata yaxındır. Əslində, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi həcmi Rusiyanın təkcə meyvə və tərəvəz idxalının həcmindən aşağıdır».

Ekspert hesab edir ki, Azərbaycan Rusiyanın hansısa vilayətinin tələbatını ödəyə bilər.

Ekspert deyib ki, Rusiya bazarı cəlbedicidir. Ancaq iki ölkə sərhədində tez-tez müxtəlif problemlər yaşanır. Nəticədə Azərbaycan fermerləri qazanc əldə etmək əvəzinə ziyana düşürlər.

XS
SM
MD
LG