Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

İcra hakimiyyətləri pambıq əkməyə girişib


Pambıq zəmisi
Pambıq zəmisi

Bu il İmişli rayonunda 18 min 250 hektar sahəyə pambıq əkilməsi nəzərdə tutulur. Bunun 1320 hektarı rayon İcra Hakimiyyətinin (İH) torpaq mülkiyyətçiləri ilə bağladığı müqavilələr əsasında əkiləcək. İndiyədək kənd təsərrüfatında belə bir hal olmamışdı.

Martın 28-də prezident İlham Əliyevin iştirakı ilə Saatlıda pambıqçılığın inkişafına dair müşavirədən sonra rayonlarda pambıq səpininə hazırlıqla bağlı toplantılar keçirilir. Belə tədbirlərdən biri də İmişli rayon İcra Hakimiyyətində baş tutub. Toplantıda bildirilib (https://goo.gl/hpo3wE ) ki, özəl pambıqçılıq təsərrüfatları ilə yanaşı, yerli icra orqanı da pambıqçılığa dəstək verəcək.

İlham Əliyev
İlham Əliyev

İclasa qatılan Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev rayonda iri pambıqtəmizləmə zavodunun inşa ediləcəyini bildirib.

«İcra hakimiyyətinin bağladığı müqavilənin şərti başqadır»

Məlumatı Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosu ilə söhbətdə təsdiqləyib.

Lakin o, rayon İcra hakimiyyətlərinin özəl fermer təsərrüfatları ilə bağladığı müqavilələrin emal müəssisələrinin bağladıqları müqavilələrdən fərqləndiyini də vurğulayıb: «Emal müəssisələrinin («MKT İstehsalat Kommersiya» MMC, «CTS-Aqro» MMC və başqaları) istehsalçılarla bağladıqları müqavilələrdə məhsulu razılaşdırılmış qiymətə satın almaq əvəzində onun becərilməsinə maddi dəstək göstərilməsi şərti var. Yerli İH-lər isə fermerlərdən pambıq almır, onlara əsasən, texniki dəstək göstərirlər.

İmişlidə pambıq müəssisəsi
İmişlidə pambıq müəssisəsi

Nazirlik rəsmisi əlavə edib ki, bu ildən bir çox rayonlarda pambıq istehsalı ilə məşğul olan özəl müəssisələr yaradılıb. AzadlıqRadiosu Vergilər Nazirliyinin məlumat bazası vasitəsilə müəyyən edib ki, təkcə martın 1-də biri İmişlidə, digərləri Fizuli və Ağcabədi rayonlarında olmaqla, ən azı, 3 belə MMC yaradılıb. Daha bir kənd təsərrüfatı müəssisəsi martın 14-də Beyləqanda yaradılıb. Təsisçiləri hələlik bəlli olmayan bu şirkətlərin pambığın istehsalı, tədarükü, növbəti mərhələdə isə ilkin emalı ilə məşğul olacağı bildirilir.

İstehsal 3 dəfə artacaq

İ. Cümşüdov deyir ki, bu il Azərbaycanda pambıq əkini sahələri 136 min hektar ərazini əhatə edəcək. İstehsalın isə ötənilki 88 min tondan 275 min tona çatacağı proqnozlaşdırlır. Emalçıların bir ton pambığı, ən çoxu, 500 manatdan alacağını deyən KTN rəsmisi bunu inhisarçılıq və ya kartel razılaşması kimi dəyərləndirməyin əleyhinədir. «Dünya birjalarında pambıq bahalaşarsa, eləcə də yeni emal müəssisələri yarandıqca, qiymətlər də dəyişəcək», – İmran Cümşüdov deyib.

Ötən ildən məhsuldarlığı stimullaşdırmaq məqsədilə pambıq istehsalına görə büdcə subsidiyalaşdırmasının mexanizmi dəyişdirilib: yardım əkin sahəsinə görə yox, emal zavodlarına təhvil verilən pambığın həcminə görə – hər kiloqramına 10 qəpik hesabı ilə ödənilir.

Buna da bax: Ekspert: 'Pambıqçılıq işsizlik problemini həll edən deyil'

Buna da bax: Prezident: 'Vətəndaşların pambıqçılığa çox böyük marağı yaranıb'

XS
SM
MD
LG