Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

Liviyanın neft feldmarşalını Moskvayla nə birləşdirir?


Moammar Gadhafi
Moammar Gadhafi

Moskva Liviya daxilindəki münaqişə ilə bağlı danışıqlar aparır və hələlik, yalnız münaqişə tərəflərindən birinin yaralılarının müalicəsinə kömək edir.

"Rosneft" dövlət şirkəti Liviyaya nəzarəti ələ keçirməkdən ötrü vuruşan nüfuzlu qruplaşmanın ərazisində neftin birgə kəşfiyyatı və hasilatı üçün saziş bağlayıb. Çərçivə sənədinə görə, 2020-ci ilədək hasilatı sutkada 2 milyon barrelə çatdırmaq nəzərdə tutulub.

2011-ci ildə Muammar Kaddafi rejiminin süqutundan sonra Liviyada mərkəzi hakimiyyət yoxdur. İndiyədək vahid milli hökumət yaratmaq cəhdləri uğursuz olub. Bu haqda “Currenttime.TV” portalı yazır.

Buna da bax:​ Rusiya Misirdəki hava bazasına hərbi qüvvələr göndərmədiyini deyir

İKİ ÇEVRİLİŞ

Martın ortasında "Reuters" agentliyinin mənbələri bildirmişdi ki, Rusiya Liviyada münaqişə tərəflərindən birini birbaşa dəstəkləməyə hazırlaşır. Adlarının çəkilməsini istəməyən diplomatlar Misirdə, Liviya sərhədi yaxınlığında xüsusi təyinatlı dəstələrin və dronların olduğunu deyirdilər. Amerika diplomatları Rusiya qoşunlarının Liviya milli ordusunun komandiri Khalifa Haftar-a köməyə gəldiyini güman edirlər.

Khalifa Haftar Kaddafi-nin ən yaxın silahdaşlarından biri, hərbi əsir, ABŞ vətəndaşı, bir ehtimala görə, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ, ingiliscə qısa adı – CIA) casusu, üsyançı, indi isə Rusiyanın Şimali Afrikada nüfuzunun genişlənməsinə xidmət edə biləcək agentdir.

Onun 73 yaşı var. Karyerası 1969-cu ildə başlayıb. O zaman "Liviyanın azad zabitləri" adlı hərbçi qruplaşması ölkəni idarə edən kral Idrisə sui- qəsd təşkil etmişdi. Khalifa Haftar çevrilişin iştirakçılarından biri idi. Qrupun rəhbəri isə Muammar Kaddafi idi. Qəsdçilər kralı uğurla hakimiyyətdən devirərək ölkədə hərbir rejim qurdular. Bu rejim yalnız 42 ildən sonra və yenə də Khalifa Haftar-ın iştirakı ilə süqut etdi.

Buna da bax: Azərbaycanın İsrail-ərəb sammitində rolu nə ola bilər

Hərbi çevrilişin digər iştirakçıları kimi Haftar da tezliklə yüksək vəzifə aldı. O, Liviya ordusunun baş qərargah rəisi oldu. Haftar 1980-ci illərdə Çadda hərbi əməliyyatların komandirlərindən biri idi. Ancaq Khalifa Haftarın siyasi və hərbi karyerasını məhz Çad-Liviya münaqişəsi məhv etdi.

MKİ-NİN QONŞUSU

Liviya ilə müharibədə Çadı keçmiş metropoliyası Fransa dəstəklədi. Kaddafi-nin ordusu məğlub oldu. Haftar ona tabe olan, azı, 500 hərbçi ilə birlikdə əsir düşdü. Cəmahiriyyənin lideri (Kaddafi) onlardan imtina etdi. O, elə əvvəldən də Liviya silahlı qüvvələrinin bu müharibədə iştirakını rədd edirdi.

Ancaq Haftar-ın bəxti gətirdi, əsirlikdən qaça bildi. Əvvəlcə Zairə, oradan Keniyaya, daha sonra isə ABŞ-a keçdi. ABŞ-da 20 il yaşadı və hətta vətəndaş oldu.

Buna da bax:​ 'İsrail-Fələstin sülh planını yenidən başladaq'

Haftar-ın evinin MKİ-nin baş qərargahına yaxın yerləşməsi onun ABŞ kəşfiyyarı ilə əlaqələri barədə şaiyələrə yol açdı.

"Le Monde diplomatique" nəşrinin yaydığı məlumata görə, Kaddafi rejimi ilə əlaqələrinin kəsilməsindən sonra Haftar MKİ-nin vəsaiti hesabına özünün silahlı qüvvələrini yarada bilərdi.

GENERALIN DÖNÜŞÜ

General Liviyaya yalnız 2011-ci ildə, vətəndaş müharibəsinin qızğın çağında qayıtdı. Vaxtilə Liviya diktatorunun yaxın silahdaşı olmuş Haftar silahlı müqavimətə başçılıq etdi. Muammar Kaddafi devrildi. O zaman bir çoxları düşünürdülər ki, ABŞ Liviyanı birləşdirməyə və ölkədə vətəndaş müharibəsinə son qoymağa qadir adam kimi Haftara stavka qoyur. Hadisələrin üstündən 6 il keçmiş generalın özü də özü haqqında məhz belə danışır – "ölkəni birləşdirməyə qadir" lider kimi.

Buna da bax: Rusiyada bloqqer həbs olunub

2017-ci ilin Liviyası bir-biriylə vuruşan, hərəsi ölkənin bir ərazisinə nəzarət edən qruplaşmaların kələfidir. İki əsas qüvvə özünü mərkəzi hökumət elan edib. Ölkədə iki ordu, iki mərkəzi bank var. Milli neft şirkətlərinin sayı da ikidir.

Ölkənin şərqindəki Tobruk şəhərində vəziyyətə Nümayəndələr palatası nəzarət edir. Liviya milli ordusu Tobruka tabedir. Onun komandanı isə Khalifa Haftar-dır. İndi o, artıq general yox, feldmarşaldır. Bu yüksək rütbəni 2016-cı ilin sentyabrında Liviya "neft ayparasının" əsas limanlarının uğurla ələ keçirilməsindən sonra alıb. Ölkənin qərbində, Tripolidə isə Milli birlik hökuməti fəaliyyət göstərir. Bu hökuməti BMT diplomatları iki düşmən qruplaşmanı birləşdirmək üçün yaradıblar.

LİVİYADA 2 ÖLKƏ

Kaddafi rejiminin süqutundan sonrakı illər ərzində öz aralarında razılığa gələ bilməyən Şərq və Qərb hökumətləri neft infrastrukturu obyektləri uğrunda mübarizə aparırlar. Neft hasilatı azalaraq sutkada 400 min barrelə çatıb. Bu, Kaddafi dövründəki göstəricidən 4 dəfə azdır.

Buna da bax:​ Putinin "dünyaya meydan oxuyan" çıxışından 10 il ötür

Davamlı qarşıdurmalar və vahid mərkəzi hakimiyyətin olmaması “İslam Dövləti” silahlı qruplaşmasının sahil şəhəri olan Sirt və ətrafını tutmasına imkan verib. İki ordu və inzibati sistem arasında düşmənçilik vətəndaşların belə Liviyanı iki ölkə kimi qəbul etməsinə yol açıb.

2015-ci ildə BMT və dünya ictimaiyyəti Liviyanın birləşdirilməsi layihəsini işləyib hazırlayıb. Plana görə, mərkəzi Tripolidə yerləşən milli birlik hökuməti yaradılmalı idi. Bu planın reallaşdırılması üçün Tobrukdakı Nümayəndələr palatasının baş nazir və kabinet üzvlərini təsdiqləməsi lazım idi. Ancaq Tobruk və Khalifa Haftar bundan imtina etdilər.

RUSİYA TƏYİNATLILARI

Bir il keçmiş, 2016-cı ilin sentyabrında Haftarın ordusu Liviya "neft ayparasının" əsas limanlarını ələ keçirdi və Şərqdəki Liviya Milli neft korporasiyası hasilatın bərpa olunduğunu elan etdi.

Buna da bax: Moldova Avrasiya iqtisadi birliyində müşahidəçi statusu alır

Ancaq 2017-ci ilin martında Haftarın qoşunları Ras-Lanuf şəhəri yaxınlığındakı döyüşlərdə Benqazi Müdafiə dəstələrinə məğlub oldular. Ras-Lanuf ölkənin iki əsas neft ixracı limanından biridir. Haftar-ın özü Benqazi müdafiə dəstələrinin Tripoli hökumətinə tabe olduğunu deyir.

Bundan iki həftə sonra "Reuters" ABŞ və Misir diplomatik mənbələrinə istinadən Rusiyanın xüsusi təyinatlı dəstəsinin Khalifa Haftar-ı dəstəkləməyə Liviya sərhədinin cəmi 100 kilometrliyində toplaşdığını yazdı.

Feldmarşalın qərargahı və Moskva təkcə hərbi yardım faktını yox, həm də Tobruk hökumətinin bu yardım üçün müraciət etməsini yalanladı.

Buna da bax:​ Türkiyə bayrağı altında üzən neft tankeri Liviyada zəbt edilib

MOSKVAYLA TƏMASLAR

Ancaq tərəflərdən heç biri Moskva ilə Haftar arasında yaxşı münasibətlərin olduğunu danmır. 2016-cı ildə feldmarşal iki dəfə Rusiyaya gedib, dövlət agentlikləri də bu səfərləri işıqlandırıb. İyunda o, müdafiə naziri Sergei Shoigu və Təhlükəsizlik Şurasının sədri Nikolai Patrushevlə görüşüb. Liviyaya silah satışının mümkünlüyü müzakirə edilib. Noyabrda isə Haftar Moskvaya gələrək xarici işlər naziri Sergei Lavrovla danışıq aparıb.

2017-ci ilin əvvəlində feldmarşal "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisini ziyarət edib. Fevralda isə Haftarın "terrorçularla döyüşlərdə" yaralanmış 70 hərbçisi müalicədən ötrü Moskvaya gəlib.

Liviya ordusunun nümayəndəsi “RİA Novosti”yə bildirib ki, saziş ümumilikdə marşal Khalifa Haftarın komandanlığı altında olan Liviya ordusunun hərbi əməliyyatlar zamanı yaralanmış 500 hərbçisinin Rusiyaya göndərilməsini nəzərdə tutur.

Buna da bax: Kreml Fillon-un vasitəçilik xəbərini rədd edir

Elə həmin ay "Rosneft" Liviyanın Milli neft korporasiyası ilə müqavilə bağlayıb. Söhbət məhz Haftarın adamlarının nəzarətində olan, Liviyanın "neft ayparasındakı" əsas limanlardan istifadə edən şirkətdən gedir.

"Rusiya Liviya hökumətinə nəzarət edəcək qüvvəyə təsir göstərməyə çalışır", – deyə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığının rəhbəri general Thomas Waldhauser bildirib. Moskva bu bəyanata şərh verməyib.

XS
SM
MD
LG