Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:53

Kinoşünas Aydın Dadaşovun ölümündən əvvəl yazdığı son kitabı çapdan çıxdı


"Müasir Azərbaycan Kinosu" kitabının üz qabığı.
"Müasir Azərbaycan Kinosu" kitabının üz qabığı.

Tanınmış kinoşünas, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” monoqrafiyası çapdan çıxıb.

“TEAS Press” Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılıb.

Buna da bax: Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...

“TEAS Press”dən verilən məlumata görə, XX əsrin sonları-XXI əsrin əvvəllərində çəkilmiş əksər kinofilmlər əsərdə geniş təhlil olunur. Kitabda hər bir ekran əsəri, oradakı personajların xarakteri ayrı-ayrılıqda araşdırılır, obrazlar təhlil olunur, ssenarist, rejissor və operatorların, ümumiyyətlə, bütün yaradıcı heyətin işi ciddi tənqid süzgəcindən keçirilir.

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun “Yarasa”, “Gül­lə­lən­mə tə­xi­rə salınır”, “Sonuncu dərviş”, “Ovsunçu”, “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Haray”, “Yaddaş”, “Fəryad”, “Hər şey yax­şı­lı­ğa doğru”, “Yalan”, “Əlvida, cənub şəhəri”, “Arxada qalmış gələcək”, “Dolu”, “Nabat” və daha neçə-neçə nümunəsi əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

Məlumatda bildirilib ki, Aydın Dadaşov kitab çap üçün mətbəəyə daxil olandan bir neçə gün əvvəl dünyasını dəyişib. Qeyd olunub ki, bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordudur: “Ümidvarıq ki, “Müasir Azərbaycan kinosu” oxucuların, ilk növbədə kinoşünaslarına, bu sahədə tədqiqat işləri aparan alimlərin, kino tənqidçilərinin, ali təhsil ocaqlarının müəllim və tələbələrinin, eləcə də sıravi kino həvəskarlarının çox sevdiyi kitablardan birinə çevriləcək. Oxucular kitabı kinoya, maraqlı bir filmə baxırmış kimi oxuyacaqlar”.

Xatırladaq ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov martın 15-də ürək çatışmazlığından vəfat edib.

XS
SM
MD
LG