Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:36

'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'


Ələsgər Məmmədlinin şərhi
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Ələsgər Məmmədlinin şərhi

Bu gün – aprelin 27-də Bakıda Səbail rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında bir neçə saytın bloklanması tələbinə baxılacaq.

***Buna da bax-Hökumət azadliq.org-u bloklamaq üçün məhkəməyə müraciət edir

Nazirlik «Azadlıq» qəzetinin azadliq.info, AzadlıqRadiosunun azadliq.org, Meydan.TV-nin, «Azərbaycan saatı» televiziya proqramının və TuranTV-nin saytlarına girişin bloklanmasını istəyir.

Media üzrə hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosunun bununla bağlı suallarını cavablandırıb:

Ələsgər Məmmədli: "Məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir"
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

– Martın 10-da «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna «İnternet ehtiyatları» adlı fəsil əlavə etdilər. Bu qanuna görə, uyğun icra hakimiyyəti orqanı hər hansı internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin önlənməsi məqsədilə məhkəməyə müraciət edə bilər. Artıq bu proseduru işə salıblar. Bu gün baş verən də budur. Düzdür, yenə qanunsuz şəkildə işlədirlər. Qanuna görə, qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı öncə internet resurslara məlumat verilməli və çıxarılması tələb olunmalıdır. Yasaqlanan informasiya çıxarılmadığı halda məhkəmə proseduruna baş vurulmalı idi. Amma bildiyim qədər, həmin saytlara belə bir xəbərdarlıq gəlməyib.

– Sizcə, bir neçə saytı eyni vaxtda birbaşa məhkəməyə verməkdə məqsəd nədir?

– Məqsəd tənqidi onlayn medianın Azərbaycanda yayılmasını əngəlləməkdir. Ən azından, ora sərbəst giriş imkanlarını məhdudlaşdırmaqdır. Bütünlükdə bunu məhdudlaşdırmaq onsuz da mümkün deyil, «proxy» proqramlar və s. həmin saytlara girişə imkan yaradacaq. Amma burda ikinci bir məqsəd ola bilər. Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin özlərinin təqibinə başlanıla bilər.

– Qanun buna imkan verir?

– Ölkədə həmin saytların bloklanması ilə bağlı məhkəmə qərarı varsa, həmin əməkdaşların qanunsuz əməkdaşlıq etdiyi deyilə bilər. Əməkdaşların təqib olunması, onları qorxutmaq ehtimalı mümkündür.

– Bu, nə qədər realdır?

– Məhkəmə qərar verəcəyi halda, böyük ehtimalla, bu yöndə addım atıla bilər. Qadağan edilmiş qurumla əməkdaşlıq qanunsuz fəaliyyət kimi göstərilə bilər. Məncə, əslində, burdakı məqsəd də budur, nəinki resursları bloklamaq. Onsuz da, bu resurslara blok qoyulub, ancaq heç bir effekti olmayıb. Bugünkü məhkəmə qərarı atılacaq addımların legitimləşməsi məqsədi daşıya bilər.

– Yəqin, bu halda rəsmi qurumlar da həmin saytlara informasiya verməkdən imtina edəcəklər.

– Birmənalı şəkildə. Deyə bilərlər ki, bu, qadağan edilmiş informasiya resursudur və informasiya əldə etmək hüququnu bu şəkildə məhdudlaşdıra bilərlər. Bir ehtimal da var, məhkəmədən sonra saytlara VPN istifadə edərək girməyi də yasaqlamağın yollarını axtaracaqlar. Ancaq məncə, hədəfdə əməkdaşlar olacaq.

– Ələsgər bəy, həmin saytlar məhkəməyə müraciət edərsə, hansısa perspektivdən danışmaq mümkündürmü?

– Ölkə daxilində ciddi perspektiv yoxdur. Amma Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərlərsə, ciddi perspektiv var. Bu baxımdan düşünürəm ki, həmin resurslar qısa zamanda informasiya azadlığını əsas götürüb, bununla bağlı nazirliyə qarşı məhkəmə prosesinə başlamalıdırlar.

XS
SM
MD
LG