Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:34

Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'


MTN işi. İllüstrasiya.
MTN işi. İllüstrasiya.

"MTN-də məni dindirənlər arasında ən mədəni adam Mirəziz Əsgərov idi. Orada elə hərəkət edirdilər, elə bil MTN-də yox, bazardasan. Mənə qarşı qanunsuzluq dövlətin binasında baş verib. Dövlətdən də mənə dəymiş ziyanın ödənilməsini istəyirəm", – bunu deyən Vidadi Əzizovdur.

O, MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, həbsdə olan polkovnik Mirəziz Əsgərovun işində zərərçəkmişdi. Aprelin 28-də Bakı Hərbi Məhkəməsində MTN polkovnikinin işi üzrə zərərçəkən kimi ifadə verib.

Məhkəmədə tərəflər qarşılıqlı şəkildə bir-birini ittiham ediblər.

Buna da bax:​ MTN generalı keçmiş nazirin əleyhinə ifadə verib

“300 MİN HƏMİN ADAMA VERDİM”

Vidadi Əzizov deyir ki, o, İspaniya və Argentinadan alınan gübrənin Rusiya və İran bazarına çıxarılması biznesində vasitəçi kimi iştirak edib. Amma MTN əməkdaşları onu tutub, dövlətə xəyanətdə, İranın xüsusi xidmət orqanlarına casusluq etməkdə, 2012-ci ildə Bakıda "Eurovision" ərəfəsində partlayışlar planlaşdırmaqda suçlayaraq, 300 min dollarını alıblar:

"2012-ci ildə Dubaydan "Zaminbank"a pul göndərmişdilər. O pulu bankdan Nəriman adlı tanışım götürüb mənə verdi. Bundan 300 min həmin adama verdim. Çünki Nərimanın dostundan ev almışdım, onun pulu idi. Qalan pulu maşına qoydum. Həyat yoldaşım da yanımda idi. Bu vaxt üstümüzə tökülüşdülər. Məni tutub MTN-ə apardılar".

Buna da bax:​ MTN-in qadın və kişi generalları özünü təqsirli bilmir

Zərərçəkmişin sözlərinə görə, MTN-də onunla pul söhbəti eləyəndə Mirəziz Əsgərova deyib ki, 100 min dollar verə bilər. Amma son nəticədə 300 min dollarını alıb buraxıblar. Dediyinə görə, sonradan Mirəziz Əsgərov ondan daha 100 min istəyib, 40 min alıb.

“ORTAYA SƏNƏD QOYA BİLMƏDİLƏR”

"Əvvəllər təqib olunduğumu bilirdim. Amma belə biabırçılıq edəcəklərini bilməzdim. Məni MTN-dən Mirəziz yola saldı, sellofanda qalan pulumu da mənə qaytardı. Mənə MTN-də İrandakı şirkətin rəhbəri Cəmşidyanla bağlı suallar verdilər. Onun SEPAH-ın generalı olduğunu, onunla görüşdüyümü soruşdular. Mən də onu işadamı kimi tanıdığımı, İranda bir çox nüfuzlu şirkət rəhbərləri ilə görüşdüyümü, onlardan birinin də Cəmşidyan olduğunu dedim. Sadəcə, boş söz idi, mənim İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyim haqda heç bir sənəd ortaya qoya bilmədilər", – deyə Vidadi Əzizov bildirib.

Buna da bax:​ 'AMAY Abdulla': 'Yazığım gəldi, uşaqların 'atası' oldum...'

O, həmçinin MTN-də təzyiqlərə məruz qalmasından, başına silah dirənməsindən də danışıb.

Təqsirləndirilən Mirəziz Əsgərov isə zərərçəkmişin yalan danışdığını, onun bizneslə yox, çirkli pulların yuyulması ilə məşğul olduğunu, MTN-in də bu haqda bir xeyli məlumat topladığını bildirib.

Zərərçəkmiş suallara cavab verərkən 2000-ci illərin əvvəllərindən bizneslə məşğul olduğunu desə də, İspaniya, Argentina, Rusiya və İran şirkətləri ilə əməkdaşlığa dair əlində rəsmi sənəd olmadığını söyləyib.

Buna da bax:​ Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'

“BACISININ EVİNDƏ YAŞAYIB”

MTN polkovniki iddia edib ki, çirkli pulların yuyulmasında vasitəçiliyinə görə Vidadi Əzizova da 1 faiz çatırdı: "Zərərçəkmiş deyir ki, onun 674 min pulu olub. Guya 300 min dollarını alıb, qalan pulu özünə qaytarmışıq. Sonra iddia edir ki, ondan 40 min dollar da əlavə tələb eləyib almışam. 40 mini alacaqdımsa, onun əlimizdə olan pulunu niyə qaytarırdım? Vidadi Əzizov ətrafında apardığımız araşdırmalarla kifayət qədər sübutlar toplamışdıq. İndi burada yalan danışır ki, 2001-ci ildən bizneslə məşğulam. Bu şəxsin yaşam tərzinə nəzər yetirin. Özünün heç bir mülkü olmayıb. Bacısının evində yaşayıb. Deyir ki, biznesdə 1 milyon, 10 milyon, 18 milyon dövriyyəsi olub. Bu qədər dövriyyəsi olan adamın yarım milyonluq mülkü olmalı idi. Mən bu gün Vidadi Əzizovun ifadəsi ilə əsassız olaraq, həbsdə saxlanılıram. Vidadi Əzizov İran vətəndaşları ilə tanış olub. Onu İranda əməkdaşlığa cəlbetmə şərti ilə saxlayıblar. Bu haqda bizdə əməliyyat məlumatları olub. Burada deyir ki, Cəmşidyan iranlı biznesmendir. Heç kimə sirr deyil ki, Cəmşidyan SEPAH-ın generalı olub. Zərərçəkmiş burada deyir ki, həmin şirkətlərlə biznes fəaliyyətinə dair sənədlər göstərə bilmir. Bu şirkətlər qanunsuz fəaliyyət göstərir, çirkli pulların yuyulmasıyla məşğul olurdu. Beynəlxalq təşkilatlar var ki, məhz dünyada çirkli pulların yuyulmasına qarşı mübarizə ilə məşğuldur. Ona görə də Vidadi Əzizova pullar İrandan yox, "Ziraatbank" vasitəsilə Dubaydan göndərilirdi. Vidadi İranda əməkdaşlığa cəlb olunarkən çirkli pulların yuyulması məqsədilə ölkədən çıxarılmasını öz üzərinə götürmüşdü. Burada Vidadinin bir faiz qazancı olacaqdı. Bizim əməliyyatımızı Moskvada bildilər. Bundan sonra həmin pullardan imtina elədilər".

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': 'Məbləği MTN idarə rəisinin otağında dedilər'

Məhkəmə mayın 12-də davam edəcək.

XATIRLATMA

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG