Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:25

'İş yerlərində bədbəxt hadisələr artır'


Liman
Liman

Ölkədə ixrac imkanları, intiharların səbəbləri və bəzi iş yerlərində təhlükəsizlik qaydalarına əməl edilməməsi bu gün medianın aparıcı mövzusudur...

DÜNYA BAZARINA ÇIXIŞ İMKANLARI

«Azərbaycan» qəzetində «İxrac potensialının yeni istiqamətləri müəyyənləşir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, qeyri-neft sektorunda rəqabətədavamlı, ixrac potensialına malik məhsulların istehsalı Azərbaycanın yeni iqtisadi siyasətinin əsas prioritetləri hesab edilir: «Bu səbəbdən də hazırda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik olan iri fermer təsərrüfatlarının, aqroparkların, texnoparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir».

Yazıda bildirilir ki, bununla bağlı hər bir rayon üzrə xüsusi inkişaf planı hazırlanıb.

Müəllif vurğulayır ki, xarici bazarlara çıxacaq malların öz yerini tutması məqsədilə indidən onların təşviqinə başlanıb: «Hazırda Azərbaycanın 2921 çeşiddə məhsulu 116 ölkəyə ixrac edilir. Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində isə «Made in Azerbaijan» brendi altında ixrac edilən məhsullar, mövcud potensial və problemlər ətraflı təhlil edildi. Həmin müşavirədə çıxış edən prezident İlham Əliyev bildirdi ki, «Made in Azerbaijan» brendi artıq dünyada özünü göstərir və dövlət xətti ilə bu brendin təbliği istiqamətində işlər gedir».

Yazıda bildirilir ki, dünya bazarında neft maşınqayırmasına hələ də ciddi tələbat var. Bu sahənin inkişaf etdirilməsi də xüsusi əhəmiyyət daşıyır.

İntihar
İntihar

İNTİHARLARIN SƏBƏBİ NƏDİR?

«Novoye Vremya» qəzetində isə «İntiharlar ölkəni silkələyir» sərlövhəli məqaləyə yer verilib.

Yazıda insanlarına canına qıymaqlarının səbəbləri araşdırılır.

Müəllif yazır ki, son iki gündə ölkədə bir neçə intihar xəbəri yayılıb. Onlardan biri də Bakı istintaq təcridxanasında saxlanan bloqqer Mehman Qələndarovla bağlıdır.

Yazıda bildirilir ki, bəzi intihar olayları ictimaiyyətə açıqlanmır: «Təkcə Bakıda hər gün 2-3 intihar cəhdi olur. İntiharda həddən artıq dərman qəbul etməkdən tutmuş, özünü yandırmağa qədər ən müxtəlif vasitələr seçilir. İnsanları buna vadar edən səbəblər də müxtəlifdir. Boşanma, yaxınların ölümü, işdəki münaqişələr, sağalmaz xəstəliklər, pulsuzluq, borclar və işsizlik bu səbəblər sırasındadır».

Müəllif hesab edir ki, son zamanlar borc üzündən intihar hallarına daha çox rast gəlinir.

Yazıda vurğulanır ki, hökumət bu məsələyə barmaqarası yanaşmamalıdır: «Belə faktların artması cəmiyyətdə xəstəliklərin olmasından xəbər verir. Səbəbsiz isə xəstəlik olmur: həyat səviyyəsi aşağı düşür, insan dəyərləri itirir, onu əhatə edən sosial məsələləri həll edə bilmir, üzərinə düşən problemləri aradan qaldırmağı bacarmır...».

Müəllif yazır ki, sosial problemlərin qabarıq olmadığı cəmiyyətlərdə də intiharlar baş verir. Ancaq Azərbaycanda bir çox intiharların kökündə məhz sosial amillər dayanır. Artıq «kredit intiharları» kimi termin də yaranıb: «10-larla, bəlkə də 100-lərlə insan kredit borclarına görə, mənəvi-psixoloji və bəzən də fiziki təzyiqlərə davam gətirməyərək intihara əl atıblar. Ödənilməmiş kreditlərlə bağlı məsələnin həllinin yubadılması bu problemi daha da mürəkkəbləşdirir».

Neftçi
Neftçi

NEFTÇİ VƏ ELEKTRİK TƏHLÜKƏLİ PEŞƏDİR...

«Exo» qəzetində «Azərbaycanda ən zədələyici və təhlükəli işlər» sərlövhəli məqalə oxumaq olar.

Yazıda insanların həyat və sağlamlığından ötrü təhlükəli olan peşələrdən bəhs edilir: «Əmək təhlükəsizliyi qaydalarının pozulmasına daha çox tikinti sahəsində rast gəlinir. Bu işdə ən çox rast gəlinən bədbəxt hadisə hündürlükdən yıxılmaqdır. Belə bədbəxt hadisələr təhlükəsizlik qaydalarına düzgün əməl edilmədikdə baş verir».

Həmkarlar İttifaqları Əmək təhlükəsizliyi şöbəsinin müdiri Vladimir Arqutkin qəzetə deyib ki, ən çox bədbəxt hadisələrlə neftçilər və elektriklər üzləşir: «Bədbəxt hadisələrin çoxu onların payına düşür. Bütünlükdə isə ənənəvi olaraq bədbəxt hadisələr çox zaman tikinti və təmir işləri zamanı baş verir».

V.Arqutkin hesab edir ki, bədbəxt hadisələrin kökündə səhlənkarlıq durur: «Bütünlükdə isə 2016-cı ildə texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində 95 nəfər xəsarət alıb. Bunun nəticəsində 49 nəfər həyatını itirib. Bu saya həlak olan neftçilər də daxil edilib. Bəzən elə olur ki, istehsalatda bədbəxt hadisələrin sayı yuxarı, bəzən isə aşağı olur. Sığorta şirkətləri bu hadisələrlə bağlı kompensasiyaları ödəyirlər».

«Xidmət-İş» Həmkarlar Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov isə Azərbaycanda istehsalatdakı bədbəxt hadisələrin çoxaldığını bildirib: «Demək olar ki, Azərbaycanda il ərzində 80-100 arasında belə hadisələr baş verir. Ən çox zədələnmələr tikinti sahəsində baş verir. Demək lazımdır ki, buna səbəb əməkçinin əmək təhlükəsizliyi haqqında bilgisizliyi və şirkətlərin əmək təhlükəsizliyi qaydalarının tətbiqinə səhlənkar yanaşmalarıdır».

C.İsmayılov hesab edir ki, belə halların qarşısını almaqdan ötrü müəssisələrdə həmkarlar təşkilatları yaradılmalıdır.

XS
SM
MD
LG