Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

Video oyunlar beyin üçün faydalıdır


Mobil telefonlar və kompüterlərin həyatımızın ayrılmaz hissəsinə çevrildiyinə görə, alimlər adətən hi-tech dünyasının insanların səhhətinə necə təsir göstərdiyini müxtəlif təcrübələr keçirərək araşdırırlar. Monitor arxasında mütəmadi işləyənlər gözlərini necə qoruya bilmələri ilə bağlı aparılan araşdırma buna misal ola bilər. Bundan əlavə, mütəxəssislər Wi-Fi radiasiyasından qoruya bilən, qiyməti o qədər də ucuz olmayan divar kağızı da yaradıblar.

Yeni tədqiqat ən məşhur və dünyanın ən əlçatan əyləncələrindən biri – video oyunların insan beyninə təsiri haqqındadır. Boş vaxtını bütünlüklə kompüterdə oyun oynamaqla keçirənlərin sayı artmaqda davam edir. Tibb dünyasının bir çox avtoritetli mütəxəssislərə görə, belə bir əyləncə beyin neyronlarını öldürür və bir çox hallarda aqressiyanı artırır, bu da real dünyada aqressiyanın yaranmasına gətirib çıxara bilər.

Lakin belə bir iddia ilə Sinqapur Texnoloji Universitetinin alimləri Adam Çi-Minq Oy və Maykl Donald Patterson heç razılaşmırlar, onların apardıqları tədqiqat tamamilə bunun əksini deyir. Ailmlərə görə, video oyunlarla insanlar öz ağıl güclərini inkişaf etdirirlər.

Mütəxəssislərin apardiqları təcrübədə video oyunlarla maraqlanmayan 5 nəfər iştirak edib. Təcrübə zamanı onlar hər gün müxtəlif oyunlar oynayıblar: The Sims, Bejeweled, Hidden Expedition, Angry Birds, Portal, Battlefield 3 və s. Təcrübənin növbəti ayında keçirilən təkrar testdən sonra məlum olub ki, təcrübə iştirakçıları daha diqqətli, strateji və taktiki düşünmə və zəruri qərarlar verməyə nail olublar. Bundan başqa, iştirakçılar hər hansı bir məlumatı daha yaxşı yadda saxlamağı öyrəniblər. Onu da qeyd etmək lazımdır ki, oyunun janrı da bacarıqların inkişafında rol oynayıb. Məsələn, eksperimentdə puzzle janrlı oyunlar oynayan iştirakçılar daha yaxşı fikirlərini cəmləşdirməyə yiyələniblər, “atışma” janrında oynayanlar isə daha yaxşı hədəfləri izləmə və hədəfə çatmaq üçün yeni taktiki addımları tətbiq etməyə nail olublar.

Frontiers in Human Neuroscience dərgisində dərc edilən elmi məqalənin müəllifi Marc Palaus (Marc Palaus) da qeyd edir ki, video oyunlar bəzən çox sərt şəkildə tənqid edilir. Palaus və həmkarları tendensiyaya uyğun olaraq 116 elmi araşdırma toplayıb. Onlardan 22-si beyində sturktur dəyişikliyi, 100 məqalənin isə beyin fəaliyyətində və davranışlarda baş verən dəyişikliklər haqda olub (bəzi məqalələrdə hər iki yanaşma qeyd edilib). Alimlər qeyd edirlər ki, onlar video oyunların insanın beyin fəaliyyətinə və hətta strukturunu dəyişməsi ilə bağlı bir konsensus aşkar ediblər. Bəzi elmi araşdırmalar müəyyən edib ki, oyunçular daha dayanıqlı və diqqətlidirlər.

Alimlər onu da qeyd edirlər ki, video oyunlar oyunçuları superqəhrəmanlara çevirməyəcək, lakin beynin inkişafı məqsədi ilə bu cür oyunlar bir məşq üsulu kimi çox faydalıdır. O da məlum olub ki, bu cür “məşqlərdən” gələn müsbət effektlər çox qısa zamanda baş verir və belə bir məşq real həyatda da insanlara yardımçı ola bilər.

XS
SM
MD
LG