Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:42

Fazil Mustafa: "Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi..."


Eldar Mahmudov
Eldar Mahmudov

“Görünür, məhkəmə keçmiş nazir Eldar Mahmudovun bu məsələdə “düyün nöqtəsi” olması qənaətinə gəlib və barəsində cinayət işi başlanması ilə bağlı xüsusi qərar da çıxarıb”.

Deputat Fazil Mustafa keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov barəsində cinayət işinin başlanması ilə bağlı məhkəmə qərarını belə şərh edir.

Amma deputat MTN generellarının həbsindən iki ilə yaxın, məhkəmə proseslərinin başlanmasından xeyli vaxt keçməsinə baxmayaraq keçmiş nazirin bu müddətdə həbsə alınmaması səbəbinin ona da qaranlıq qaldığını bildirir: “Generallar həbsə alınır, məxfi personal həbs edilir, bu qədər əməllər olduğu yerdə qurumun başında duran şəxsin də məsuliyyəti var və cinayət məsuliyyətinə cəlb edilməli idi”.

F.Mustafa hesab edir ki, Eldar Mahmudovun indiyə kimi həbs edilməməsi bir çox səbəblərlə bağl ola bilər, amma bunun niyəsini hüquq-mühafizə orqanları daha yaxşı bilirlər.

BAŞ PROKURORLUQ SUSUR

Bakı Hərbi Məhkəməsi keçmiş nazirlə bağlı cinayət işinin başlanması məqsədilə qərar çıxarsa da, hələlik Baş Prokurorluq bu barədə hər hansı açıqlama verməyib. Bəs prokurorluq bu qərarı gözardı edə, cinayət işi başlanmaya bilərmi?

Buna da bax: Zərərçəkən: 'Bir şərtim var, Eldar Mahmudov dindirilsin'

"BAŞLAYA DA BİLƏR, İMTİNA EDİLƏ DƏ BİLƏR"

Vəkil Nemət Kərimli deyir ki, xüsusi qərarda məhkəmə heyətinin müəyyən şəxslə bağlı cinayət işi başlanması barədə gəldiyi qərar nəticəsində çıxarılır.

Onun sözlərinə görə, xüsusi qərarda həm mülki, həm də cinayət işiylə bağlı ola bilər, amma prokurorluq tərəfindən bununla bağlı araşdırma aparılmalıdır. Yalnız bundan sonra cinayət işinin başlanıb-başlanılmamasına qərar verilir: “Araşdırmanın nəticəsi olaraq prokurorluq ya cinayət işi başlayır, ya da cinayət işi başlanması üçün bu sənəddə göstərilənlərin yetərli olmadığını bildirərək imtina edir”.

Prokurorluq orqanları hansı qərarı verəcəklər yəqin yaxın günlərdə öyrənmək mümkün olacaq.

Yerli mətbuatda və sosial şəbəkələrdə belə fikirlər səslənir ki, təxminən iki il sonra bu qərarın verilməsi təsadüfi deyil və çox güman Mahmudovla bağlı belə bir qərarın verilməsi əvvəlcədən siyasi dairlərlə razılaşdırılıb.

XATIRLATMA

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudov 2015-ci ilin oktyabrında vəzifəsindən azad olunub.

Bundan az sonra nazirliyin 20-dən artıq rəhbər şəxsi həbs edilib. Onlar Cinayət Məcəlləsinin çoxsaylı maddələriylə ittiham edilirlər.

Amma buna baxmayaraq keçmiş nazir E.Mahmudov hələ də azadlıqdadır.

İyulun 10-da Bakı Hərbi Məhkəməsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərar icra olunmaq üçün prokurorluğa göndərilməlidir.

XS
SM
MD
LG