Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:23

Rusiya təyyarəsi Vaşinqton üzərindən uçub [Video]


TU-154
TU-154

Avqustun 9-da Rusiya təyyarəsi Vaşinqtonda Kapitoli binası, Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və digər mühüm hökumət binaları üzərindən uçub.

ABŞ mediası və siyasi dairələrdə çaxnaşma yaradan bu uçuş Açıq Səmalar Sazişi çərçivəsində uzunmüddətli nəzarət proqramı çərçivəsində gerçəkləşdirilib. Bu saziş hər iki ölkəyə bir-birinin ərazisində silahsız müşahidə təyyarələri uçurmağa icazə verir.

Rusiya və Birləşmiş Ştatlardan başqa, sazişi 32 ölkə imzalayıb. Məqsəd hərbi fəaliyyətin şəffaflığını gücləndirmək, inamsızlıq və anlaşılmazlıqları azaltmaq və silahlara nəzarət sazişlərinin monitorinqini asanlaşdırmaqdır.

PREZİDENTİN DİNCƏLDİYİ ƏRAZİDƏN DƏ KEÇƏCƏK

CNN və «Politico»nun xəbərinə görə, Rusiyanın «Tu-154M» təyyarəsi Vaşinqtondan əlavə Nyu Cersi ştatındakı Bedminster şəhərciyi üzərindən də uçacaq. Prezident Donald Trump burada tətildədir. Təyyarənin Merilenddəki Kemp Devid prezident iqamətgahı üzərindən də keçəcəyi gözlənir.

Pentaqonun sözçüsü Dan Gaffney deyib ki, missiya bitənədək təyyarənin marşrutunu təsdiqləyə bilməz.

Ancaq Kapitoli polisi xəbərdarlıq edib ki, avqustun 9-da səhər saat 11 və günorta 3 arası Kapitolidə məhdudiyyətlər olan hava məkanına «icazəylə aşağı məsafədən uçan təyyarə» daxil olacaq.

«Böyük təyyarə birbaşa Kapitoli binası üzərindən uçacaq. Bu uçuşu Kapitoli polisi və digər federal hökumət agentlikləri monitorinq edəcək», – polis bildirib.

«RUSİYA MƏHDUDİYYƏTLƏR QOYUR»

Saziş 2002-ci ildən qüvvəyə minəndən 1200-dən artıq «Açıq Səma» uçuşları həyata keçirilib.

Pentaqon uçuşları gerçəkləşdirən təyyarələrin sazişin icazə verdiyi avadanlıqla təchiz olunduğunu bildirir.

Pentaqon və Dövlət Departamenti uçuşlardan öncə bildirib ki, missiyanın uçuş planı hər bir ştata verilib. Hər uçuşdan sonra ev sahibi olan ölkəyə müşahidə təyyarəsinin çəkdiyi fotoların surəti verilir.

ABŞ rəsmiləri daha öncə bildiriblər ki, Rusiya Açıq Səmalar Sazişinə əməl etsə də, bu sənədin ruhuna zidd addımlar atdığına inanırlar. Məsələn, sazişə üzv ölkələr bütün ərazilərini missiyaya açmalıdırlar. Ancaq rəsmilərin bildirməsinə görə, Rusiya Moskva və Çeçenistan, eləcə də Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya üzərində müşahidəyə məhdudiyyətlər qoyur.

XS
SM
MD
LG