Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası


Mehman Əliyev həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Mehman Əliyev həbsdə qaldı

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd olunanda, prezident İlham Əliyev jurnalistlərə 255 mənzil hədiyyə etdi. Dörd il öncə jurnalistlərdən ötrü ilk binanın açılışı olmuş, 155 mənzil paylanmışdı. Cənab Əliyev hər dəfə eyni sözləri işlədib, ölkədə söz azadlığının təmin olunduğunu deyib. Bu haqda «The Washington Post» qəzeti redaksiya məqaləsində yazır.

HƏRC-MƏRCLİK

«Azərbaycan lideri hərc-mərcliyi beləcə davam etdirir, bir tərəfdən azadlıqdan danışır, digər tərəfdən tiran kimi davranır. Cənab Əliyevin hakimiyyəti altında narazı alimlərə, insan haqları müdafiəçilərinə və jurnalistlərə qarşı davamlı cəza kampaniyası aparılıb. Zərərçəkənlərdən biri də Azad Avropa/Azadlıq Radiolarının Bakı müxbiri Xədicə İsmayılova idi. Onun cəsarətli araşdırmaları Əliyevin ailə üzvlərinin gizli sərvətini və digər xoşagəlməz həqiqətləri üzə çıxarıb, sonra da həbsxanaya düşüb. 2016-cı ilin mayında, 18 aydan sonra azadlığa buraxılan İsmayılova hədiyyə mənzil məsələsinə belə reaksiya verib – o, əziyyətlərinə üstün gələrək mənzilləri rüşvət kimi qəbul etməyənləri tərifləyib», – məqalədə deyilir.

***Buna da bax-Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

Məqalədə Əliyevin idarəçiliyi qorxu üzərində qurduğu və ona sadiqlik göstərənləri mükafatlandırdığı qeyd olunur. Ölkədə sonuncu müstəqil xəbər mediası olan «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin qrant qanununu pozmaq ittihamıyla həbsə atıldığı vurğulanır.

«Hakimiyyət bu media qrupuna qarşı vergidən yayınma və digər ittihamları işə salıb. Məqsədin təşkilatı və onun direktorunu qorxutmaq olduğu görünür. 1990-cı ildə əsası qoyulan «Turan» siyasi, iqtisadi və sosial məsələlərdən yazırdı, ancaq görünür, prezidenti qıcıqlandıran onların sədaqətsizlik sərgiləməsi olub», – yazıda oxuyuruq.

TƏZYİQLƏR NƏ VAXT BAŞLADI

AzadlıqRadiosunun Azərbaycan xidməti iyulun 19-da, mətbuat günündən öncə Mehman Əliyevə istinadla yazırdı ki, ona da hələ 3 il öncə mənzil verilməsi üçün əməkdaşların siyahısını vermək təklif edilib. Amma agentlik bundan imtina edib. M.Əliyev deyirdi ki, bu, jurnalistin rüşvət almasının başqa bir formasıdır. Qəzet bu müsahibədən bir neçə həftə sonra agentliyə təzyiqlərin başlandığını yazır.

***Buna da bax-Şirməmməd Hüseynov: 'Araşdırılmalıdır Mehman Əliyev qanunçuluğu pozub, ya pozmayıb'

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir. Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Agentliyin bütün bank hesabları dondurulub. Avqustun 25-də M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Avqustun 31-də isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır.

«Turan-nın rəhbəri tək deyil – Azərbaycan həbsxanalarında digər jurnalistlər və bloqqerlər də cəza çəkir. Onlar azadlığa buraxılmalıdır. Eyni zamanda, heç kəs prezidentin azad mətbuatla bağlı gözəl sözlərinə, yaxud jurnalistləri satın almaq kimi ziyanlı təcrübəsinə aldanmamalıdır. Həqiqəti həbsə atmaq və ya satın almaq mümkün deyil», – «The Washington Post» qəzeti belə yazır.

Bu məqaləyə hakimiyyətdən hələlik reaksiya gəlməyib. Ancaq hakimiyyət təmsilçiləri adətən ölkədə təməl insan hüquq və azadlıqlarının təmin olunduğunu, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirirlər.

XS
SM
MD
LG