Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 16:41

Putin Suriyadakı Rusiya hərbi bazasını möhkəmləndirən qanunu imzalayıb


Putin Hmeimim hərbi hava bazasında, 11 dekabr 2017-ci il
Putin Hmeimim hərbi hava bazasında, 11 dekabr 2017-ci il

Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus portundakı Rusiya hərbi dəniz bazasında “əməliyyatların genişləndirilməsinə” dair ratifikasiya edilmiş saziş barədə qanunu imzalayıb.

Bu sənəd dekabrın 29-da Putin tərəfindən imzalandıqdan sonra parlamentin rəsmi internet saytında dərc edilib.

Bu, Putinin özünün də dediyi kimi, Rusiyanın Tartus dəniz portunda və Hmeimim hərbi hava bazasında daimi mövcudluğunun möhkəmləndirilməsinə kömək edəcək. Bu iki hərbi baza Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarda mühüm rol oynayıb.

2017-ci ilin yanvarında, Dəməşqdə imzalanmış saziş Tartus portundakı Rusiya hərbi dəniz bazasının texniki təchizatı və əməliyyatlarının genişləndirilməsini təmin etməlidir. Tartus Moskvanın bütün Aralıq dənizində yeganə hərbi bazasıdır.

Bu baza Rusiyaya növbəti 49 il ərzində Tartusda nüvə gəmiləri də daxil 11 döyüş gəmisi saxlamağa imkan verəcək. Sazişin vaxtı başa çatdıqdan sonra isə lisenziya avtomatik olaraq daha 25 il müddətinə uzadılacaq.

Bu saziş habelə Rusiya gəmilərinin Suriyanın ərazi və daxili sularına, limanlarına və Tartus portuna ödənişsiz daxil olmasına imkan yaradır.

Sazişdə həmçinin Tartus bazasındakı Rusiya heyətinin və ailə üzvlərinin toxunulmazlığı nəzərdə tutulub.

Rusiya Suriyada davam edən vətəndaş müharibəsində prezident Bashar al-Assad-a həlledici dəstək verərək qüvvələr balansını onun xeyrinə dəyişib. 2011-ci ildə Assad-ın demokratiyayönlü etirazları zorakılıqla yatırmağa cəhd göstərməsi nəticəsində başlanmış bu münaqişədə indiyədək yüz minlərlə insan həlak olub və milyonlarla insan evlərindən didərgibn düşüb.

Rusiya 2015-ci ildə bu münaqişəyə müdaxilə etmək və hökumət qüvvələrinə hava zərbələri ilə dəstək verməklə faktiki olaraq Assad rejiminin süqutunun qarşısını alıb. Rusiya hava kampaniyası zamanı əsasən Hmeimim bazasından istifadə edib. Bundan başqa Rusiyanın hərbi gəmiləri Aralıq dənizindən raket zərbələri endirib.

Dekabrın 11-də Suriyaya səfəri zamanı Vladimir Putin İslam Dövləti ekstremist qrupu üzərində tam qələbə elan edib və Rusiya qoşunlarının bu ölkədən qismən çıxarılmasına komanda verib.

Qərb rəsmiləri isə bildirirlər ki, xüsusən də münaqişəyə müdaxiləsinin ilk vaxtlarında Rusiya İD döyüşçülərindən daha çox anti-Assad qiymaçı qüvvələrini hədəfləyib.

Putin dekabrın 28-də verdiyi bəyanatda deyib ki, Suriya əməliyyatında bütövlükdə 48 min Rusiya hərbçisi iştirak edib. O habelə deyib ki, Rusiyanın Tartus və Hmeimim bazalarından istifadəsi “daimi rejimə” keçirilir.

Təhlilçilər bildirirlər ki, Rusiya Suriya münaqişəsinin siyasi həlli tapılanadək bu ölkədə mümkün qədər möhkəmlənməyə çalışır.

XS
SM
MD
LG