Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:36

AzadlıqRadiosunun şikayəti təmin olunmadı


AzadlıqRadiosu-nun saytı qapadılıb
AzadlıqRadiosu-nun saytı qapadılıb

İyunun 4-də Ali Məhkəmədə AzadlıqRadiosunun azadliq.org saytına Azərbaycan ərazisindən girişin məhdudlaşdırılması məsələsinə baxılıb. Sayta girişin bloklanması barədə aşağı instansiya məhkəmələrinin qərarlarından Ali Məhkəməyə şikayəti radionun nümayəndəsi və vəkili Adil İsmayılov verib.

Şikayətə Mehparə Əhmədovanın sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

A.İsmayılov məhkəmədə çıxışında deyib ki, sayta girişin məhdudlaşdırılması barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamə də, onun qüvvədə saxlanması haqda Bakı Apellyasiya Məhkəməsinin qərarı da qanunsuzdur. Vəkilin sözlərinə görə, azadliq.org saytında yayılması qadağan olunan heç bir informasiya getməyib: «Çünki ilk növbədə radionun iş prinsipi buna imkan vermir. AzadlıqRadiosunun Peşəkar Etika Kodeksi var və bütün materiallarda həmin Kodeksə mütləq əməl olunur».

A.İsmayılov Kodeksdəki prinsip və tələbləri də hakimlərin nəzərinə çatdırıb.

Vəkil bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi azadliq.org da daxil, bir neçə sayta girişin bloklanması barədə qərarı 2017-ci il martın 27-də versə də, əslində bu məhdudlaşdırma ondan da xeyli öncə başlayıb.

A.İsmayılov
A.İsmayılov

«Bu məhdudlaşdırmadan 15 ay vaxt keçib. Mülki Prosessual Məcəllənin tələbinə görə, internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılıb qərar qəbul edilməlidir. Qanunla 5 gün ərzində baxılması nəzərdə tutulan bir iş üzrə araşdırmanın aylarla uzanması, razılaşın ki, süründürməçilikdir. Birdən möcüzə baş versə, əvvəlki məhkəmə qərarlarını qanunsuz hesab edib qoyulmuş qadağanı götürsəniz, sayta girişi bu müddət ərzində məhdudlaşdıran vəzifəli şəxslər etdikləri hərəkətlərə görə cavab verəcəklərmi?», - A.İsmayılov bildirib.

***Buna da bax-Vergilər Nazirliyinin AzadlıqRadiosu ilə bağlı ziddiyyətli qərarları

Müdafiəçi hesab edir ki, bloklanmış media orqanlarının hər biri ilə bağlı məsələyə ayrı-ayrılıqda baxılmalıydı. A.İsmayılov AzadlıqRadiosu barədə də məhkəməyə ümumi məlumat verib.

A.İsmayılov çıxışının sonunda bildirib ki, möcüzə baş verəcəyinə - Ali Məhkəmənin Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv edəcəyinə ümid edir: «ABŞ Konqresinin maliyyələşdirdiyi, bütün fəaliyyəti şəffaf olan AzadlıqRadiosu və ona məxsus azadliq.org saytı uzun illərdir ki, dünyanın demək olar, bütün bölgələrində fəaliyyət göstərir, öz işini beynəlxalq hüquq normalarına və milli qanunvericiliyə hörmət üzərində qurur. Baxdığınız mübahisənin ölkədaxili hüquqi prosedur çərçivəsində həlli Azərbaycan dövlətinin də marağında olmalıdır. Ümid edirəm ki, siz ədalətli və qanuni qərar verəcəksiniz, qərarınızdan şikayət etməyə ehtiyac qalmayacaq».

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin müraciəti əsasında Səbail Rayon Məhkəməsinin çıxardığı 12 may 2017-ci il tarixli qərarla AzadlıqRadiosu ilə yanaşı, «Azadlıq» qəzetinin azadliq.info, «Meydan TV»nin, «Turan TV»nin və «Azərbaycan saatı» televiziya proqramının saytlarına giriş də məhdudlaşdırılıb.

Məhkəmədə azadliq.info-nun nümayəndəsi Təzəxan Mirələmli çıxış etmək istəsə də, imkan verilməyib. Hakim bildirib ki, Ali Məhkəmədə vəkilsiz çıxış etmək olmaz.

İddiaçı nazirliyin vəkili Şahmar Məmmədov isə çıxışında Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanmasını istəyib.

***Buna da bax-'AzadlıqRadiosu mənfəət vergisi ödəyicisi ola bilməzdi'

Bir neçə dəqiqəlik müşavirədən sonra hakim kassasiya şikayətlərinin təmin olunmadığını elan edib.

A.İsmayılov məhkəmədən sonra bildirib ki, AzadlıqRadiosu ilə məsləhətləşmələrdən sonra məsələ ilə əlaqədar növbəti hüquqi addımlar atılacaq.

Bu gün Ali Məhkəmə AzadlıqRadiosu-nun şikayətinə baxır

İyunun 4-də Ali Məhkəmə AzadlıqRadiosu-nun saytının bloklanmasından şikayətə baxır.

Azadliq.org saytına giriş ötən il martın 27-dən bloklanıb. Azərbaycanın Kommunikasiyalar və Yüksək Texnologiyalar Nazirliyi bu addımı Baş Prokurorluğun göstərişi ilə atdığını, saytın Azərbaycanın milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

***Buna da bax-'AzadlıqRadiosunun Azərbaycan dövlətiylə problemi yoxdur'

Azadliq.org-dan savayı, Azadlıq qəzetinin, Meydan Tv-nin, daha iki internet TV proqramının (Turan TV, "Azərbaycan saatı" ) da saytları qapadılıb.

Ötən il mayın 12-də Yasamal Rayon Məhkəməsi bu saytların bloklanması barədə qərar çıxardı. O zaman AzadlıqRadiosu-nun prezidenti Thomas Kent bunu radionun ölkədəki fəaliyyətini susdurmağa yönəlik “məqsədyönlü kampaniyanın bir hissəsi” adlandırmışdı.

Thomas Kent
Thomas Kent

Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ötən dekabrdakı qərarını qüvvədə saxlayarsa, yeganə yol Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət qalır.

XATIRLATMA

Azərbaycan Baş Prokurorluğunun sözügedən qərarından əvvəl AzadlıqRadiosu-nun Azərbaycan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

2018-ci ilin yanvarından AzadlıqRadiosu-nun ingilisdilli saytı da Azərbaycanda bloklanır.

Azərbaycan hakimiyyəti 2014-cü ildə AzadlıqRadiosu-nun Bakı bürosuna reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib.

AzadlıqRadiosu-nun Bakı ofisi möhürlənib
AzadlıqRadiosu-nun Bakı ofisi möhürlənib

AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq AzadlıqRadiosu-nun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla azərbaycanlını informasiya ilə təchiz etməkdədir.

2017-ci ildə AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin verilişlərinə Facebook, YouTube və başqa sosial media platformalarında 90 milyon baxış olub.

AzadlıqRadiosu-nun və daha dörd media orqanının saytlarının bloklanmasını Avropa Birliyi də pisləmişdi. Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic ötən il mayın 14-də verdiyi bəyanatda deyirdi ki, bu addım “müasir və demokratik cəmiyyətlərin azad, fərqli və müstəqil media ehtiyacına uyğun gəlmir”.

ABŞ-da mənzillənən “Freedom House” təşkilatı da məhkəmənin qərarını pisləyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə insan haqları qrupları və qərb hökumətlərinin tənqidlərini qəbul etmir. Onun narazıları susdurmasıyla bağlı səslənən ittihamları ölkəyə qarşı “müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası” adlandırır.

XS
SM
MD
LG