Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:29

'Bölmədə halım pisləşdi, bir qurtum su vermədilər'


O.Baxışlı
O.Baxışlı

«Mənim cibimə narkotiki Şirəli Babayev (Bakı Şəhər Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik) atıb. O, əlini cibimə saldı və bükülü çıxartdı. Mənim cibimdə 80 qəpik puldan və metro kartından başqa heç nə olmayıb», – AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı sentyabrın 10-da məhkəmədə belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən cəbhəçi gənc bildirib ki, narkotik ittihamı saxtadır, onu siyasi sifarişlə şərləyib həbs ediblər. O.Baxışlının sözlərinə görə, hələ həbsindən bir neçə ay öncə Cəlilabad Rayon Polis Şöbəsinə atasını çağırıb, onu xəbərdar etmişdilər: «Demişdilər ki, oğlun siyasi işlərdən çəkilməsə, həbs olunacaq. O zaman bu xəbər saytlarda da getmişdi».

O.Baxışlı saytda yayılmış xəbəri hakimlərə təqdim edib.

«Soruşdu ki, Rasim Əliyev sənsən?»

Baxışlı bildirib ki, ondan öncə mitinqə görə 30 sutka inzibati həbs cəzası almış, aprelin 29-da buraxılmışdı. Azadlığa çıxandan sonra təcridxanada dünyasını dəyişmiş fəal Mehman Qələndərlinin, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məzarı önündə keçirilən toplantılara qatılıb, orada tənqidi çıxışlar edib: «Mayın 7-də dostlarımla görüşə gedirdim, Geologiya İnstitutunun yanında dörd nəfər yaxınlaşdı. Soruşdu ki, Rasim Əliyev sənsən? Dedim, yox. Dedilər ki, bir nəfərin telefonu oğurlanıb, onu Rasim Əliyev adlı şəxsin oğurladığı müəyyənləşib, bizimlə getməlisən. 28-ci polis bölməsində bildim ki, telefon oğurluğu barədə deyilənlər yalan imiş. Orada soruşdular ki, özün vəkil tuta bilərsən? Dedim, hə. Sonra bir nəfər qayıtdı ki, nə vəkil, hakim də bizik, məhkəmə də bizik, vəkil də...».

2014-cü ildən AXCP üzvü olduğunu deyən gənc fəal ötən dörd il ərzində özünə və ailəsinə təzyiqlər olduğunu, rayonda yaşayan qohumlarının qanunsuz olaraq, polis tərəfindən qeydiyyata alındığını söyləyib. Orxan deyir ki, ömür boyu gəncləri narkotikdən uzaq olmağa çağırıb, indi onu narkotik satışında suçlayırlar: «Mənim satış məqsədim vardısa, niyə evimdə axtarış aparmırdılar? Bilirdilər ki, yalandır. Siyasi sifarişdir. Bölmədə otaqdakı kamera görüntülərinə də baxa bilərsiniz. Orada mənə qarşı fiziki yox, psixoloji təzyiq olub. Halım pisləşmişdi, bir qurtum su da verilmədi...».

Sentyabrın 13-də prokuror çıxış edib, O.Baxışlıya cəza istəyəcək.

Xatırlatma

AXCP Gənclər Komitəsinin üzvü O.Baxışlı mayın 7-də saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunur.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislərin atdığını deyir.

AXCP-dən isə bildirilib ki, Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günü ilə əlaqədar mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovu bu hakimiyyətin qətlə yetirdiyini bildirib. Hakimiyyət rəsmiləri isə belə iddiaları yalanlayırlar və E.Hüseynovun qətilində günahkar olanların tapılıb cəzalandırılmasında maraqlı olduqlarını deyirlər. Həmin qətldən 13 il keçib.

XS
SM
MD
LG