Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:32

İnsanlar üçün ən yaşamalı yer – Titan


Titanda metan yağışı
Titanda metan yağışı

Mars Yer kürəsindən sonra insanların növbəti yaşayış məkanı kimi nəzərdən keçirilir. Ancaq, əslində, Günəş sistemində insanlar üçün ən əlverişli məkan Saturnun peyki Titandır.

Titan 1655-ci ildə Holland alimi Xristian Hüygens tərəfindən kəşf edilib. Alim əvvəlcə onu «Saturni Luna» (latınca «Saturnun ayı») adlandırmışdı. «Titan» adını isə planetə 1847-ci ildə Con Herşel verib. Herşel Saturnun o zaman bəlli olan 7 peykinin hər birinə adlar qoyub. Qədim yunan məhsul allahı Kronosun (romalıların Saturn allahının yunan ekvivalenti) bacı-qardaşları olan titanların adlarını təklif edib.

Hazırda Saturnun 62 peyki məlumdur.

Çəkisi 100 kq olan Titanda 14 kq olacaq

Diametri 5 min 151 kilometr olan Titan Yupiterin peyki Qanimeddən (diametri 5 min 270 kilometr) sonra Günəş sistemində ikinci ən böyük peykdir. Titan hətta Merkuridən (4 min 880 km) də böyük olduğu üçün Günəş sistemində 10-cu ən böyük obyektdir. Titan Saturndan 1.2 milyon kilometr məsafədədir. Saturn (və deməli, həm də Titan) Günəş ətrafında 30 ilə bir dövrə vurur. Titanın öz oxu ətrafında bir dövrəsi isə 16 Yer gününə tamamlanır. Beləliklə, Titanda bir il 30 Yer ili, bir günsə 16 Yer günü uzunluğundadır.

2005-ci il yanvarın 14-də «Huygens» aparatı Titanın səthinə enib. Bu, Yerdən ən uzaq məsafədə gerçəkləşdirilmiş enişdir. Bu, həm də Günəş sisteminin kənarlarında baş tutmuş yeganə enişdir.

Titanın qravitasiyası Yerin qravitasiyasının 14%-i qədərdir. Müqayisə üçün, Ayın qravitasiyası Yerinkinin 16.5%-i, Marsın qravitasiyası isə 37.6%-i qədərdir. Başqa sözlə, Yerdə çəkisi 100 kq olan insan Titanda özünü hipotetik olaraq, sadəcə, 14 kq çəkidə hiss edəcək.

Titan Günəş sistemində sıx atmosferi olan yeganə peykdir. Onun atmosferi Yerinkindən 4.5 dəfə sıxdır. Atmosfer təzyiqi isə Günəş sistemində səthi olan obyektlər arasında Veneradan sonra ikinci yeri tutur. Bu göstəriciyə görə, Yer üçüncüdür. Titanda atmosfer təzyiqi Yerinkinin 145%-i, Venerada isə 9200%-i qədərdir. Marsda bu göstərici, sadəcə, Yerdəki atmosfer təzyiqinin 0.6%-i qədərdir. Titanda siz Yerdə özünüzü su hovuzunun 5 metr dərinliyində hiss etdiyiniz kimi hiss edərdiniz.

Titan
Titan

Fəsillər də var

Planetin səthində orta temperatur -179.5 °C-dir.

Titanın atmosferi metanın buxarlanması və kondensasiyasına və, deməli, buludlar, çaylar və dənizlərin mövcudluğuna imkan yaradır. Bu planetdə uzun sürən quraqlıq və qasırğalar olur. Titanın xəyali oxu onun orbitinə nisbətən maili olduğu üçün burada hətta fəsillər də var!

Titan fəzada Yerdən sonra səthin üzərində mayenin aşkarlandığı yeganə obyektdir. Burada metan və etan dənizləri, yüzlərlə göl və çay var. Planetin ən böyük dənizi Kraken dənizi (Kraken Mare) şimal qütbü ərazisində yerləşir və 1170 kilometr uzunluğundadır. Dərinliyi 300 metrədək dəyərləndirilən bu dənizə Şimal dənizinin mifoloji bədheybəti Krakenin adı verilib. Titanın qabığı su buzundan ibarətdir. Ekvatora yaxın ərazilərdə su buzundan ibarət dağlar da var. Misti dağ silsiləsinin hündürlüyü 3 min 337 metrə çatır. Ekvatorda buzun üzərində nəhəng barxanlar da var. Ancaq onlar qumdan yox, hidrokarbon adlanan mürəkkəb üzvi birləşmələrdən ibarətdir. Hidrokarbonlar atmosferdə günəş işığının təsiri ilə formalaşır və qumdan daha sərtdir. Onlar çox kiçik plastik dənəciklərini xatırladır. Barxanlar planetin səthinin 20%-ni təşkil edir. Onların uzunluğu yüzlərlə kilometrə, eni 1-2 kilometrə, hündürlüyü isə 150 metrə çata bilir. Titanın hətta səthinin altında 100-200 kilometr qalınlığında su okeanı qatının olduğu düşünülür. Səthin üzərindəki buz qatının qalınlığı isə 50-150 kilometrdir.

Marsdan fərqli olaraq, Titanın sıx atmosfer qatı onu zərərli günəş radiasiyası və qalaktik kosmik şüalardan qoruyur. Qalın atmosfer həm də planeti mikrometeoritlərdən qoruyur.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Planetin səthində atmosfer təzyiqinin Yerdəkinin 1.45 misli qədər olması nəzəri olaraq burada yaşayışı mümkün edə bilər. Planetdə çoxlu suyun olması da işin xeyrinədir.

İdeal məkan

Burada enerji əldə etməyin çoxlu yolu var. Bu məqsədlə külək, su və günəşdən yararlanmaq olar. Su və enerjinin köməyi ilə kimyəvi oksigen əldə etmək olar.

Su buzu qatının üzəri üzvi tozla örtülüb. Enerjinin köməyi ilə bu materialdan plastik hazırlamaq və yaşayış yerləri tikmək olar. Qravitasiyanın aşağı olması isə belə plastik binaları daha da praktik edərdi!

Qravitasiyanın aşağı, atmosferinsə sıx olması Titanı uçuş üçün ideal məkana çevirir. Bu isə Titanın digər planetlərə nisbətən daha asan öyrənilən obyekt olması deməkdir. «Burada siz hündür bir məkana tullana və plaşınızdan paraşüt kimi istifadə edərək oradan aşağı enə bilərsiniz», – astrobioloq Kris Makkey deyir.

Bu planetə enmək çox asandır. Qeyd edək ki, nisbətən yüksək qravitasiya və atmosferinin, demək olar, yoxluğu Marsı, hələlik, Günəş sistemində eniş üçün ən çətin obyekt edir. Hətta mütəxəssislər «Curiosity Rover» aparatının enişini «7 dəqiqəlik dəhşət» adlandırırlar.

Bundan başqa, Titana yaxın planetlərin – Saturnun digər 61 peykinin resurslarından faydalanmaq olar. Titanın atmosferindəki azotdansa gübrə kimi yararlanmaq olar. Eynilə Yerdə etdiyimiz kimi.

XS
SM
MD
LG