Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:36

‘Putin Rusiya hakimiyyətində ən dəhşətli adam deyil’


Şair Andrey Orlov - Orlusha
Şair Andrey Orlov - Orlusha

Rusiyalı şair Andrei Orlov (Orlusha) Moskva Ukraynanın Krım yarımadasını ilhaq edəndən və iki ölkə arasında münaqişə başlanandan Kiyevi dəstəkləyir. Onun satirik şeirlərinin qəhrəmanları çox zaman siyasətçilər və ictimai fiqurlar olur.

Şair apostrophe.ua saytına müsahibəsində reytinq xətrinə yazmadığını, onu narahat edən məsələlərdən bəhs etdyini bildirib.

Onun sözlərinə görə, gənc nəsil ona göstərilən vektorlar üzrə yaşayır:

“Vektor Avropanı göstərirsə, o, Avropada yaşayır. Asiyanı göstərirsə, Asiyada yaşayır. Gənc nəsil ailəsinin ona “yedirdikləri” ilə yaşayır. Valideynlər televizora baxırsa, onlar da bununla yaşayırlar. Məsələn, mənim yaşadığım həyətdə uşaq meydançası tank, top və pulemyot formasında düzəldilib”.

“KREMLDƏ KİMSƏ QƏRAR VERSƏ Kİ...”

Şair Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleg Sentsovun azad olunması ehtimalı haqda danışarkən SSRİ hökumətinin yazıçı Aleksandr Solzhenitsin-la bağlı davranışını yada salıb:

“Məsələn, axı Solzhenitsin Sovet İttifaqından getməyi özü xahiş etmirdi. Onu sadəcə, təyyarəyə oturdub Almaniyaya apardılar və sadəcə, hava limanında buraxdılar. KGB-nin sədri Andropov sonralar deyirdi ki, bu onun şəxsi qərarı olub və bu qərar SSRİ-nin nüfuzuna yazıçının uzun illər düşərgələrdə saxlanmasından daha az ziyan vurub. Bugünkü işverənləri isə, görünür, nüfuz riskləri daha az narahat edir. Hərçənd, Khodorkovski-nin özünün xahişi olmadan "əfv olunması” da baş verib. Onu da təyyarəyə oturdub hansısa cəhənnəmə göndəriblər – getməlisən, vəssalam. Özü də bunu qanunsuz, sənədsiz, hansısa zənglə, bir neçə dəqiqəyə ediblər. Yəni, əgər Kremldə kimsə qərar versə ki, Merkel,Trump və digərləri bizi bu krımlıya görə dəng edir və bezdirir, gəlin onu İngiltərəyə aparaq, məhz belə də olacaq”.

Samarada keçirilmiş etiraz aksiyasından
Samarada keçirilmiş etiraz aksiyasından

Orlusha şeirlərinin birində Rusiyanın əməllərinə görə cavab verəcəyini yazıb. Onun sözlərinə görə, bu şeirdə fiziki qarşılıqdan yox, hər kəsin bu yükü daşımalı olmasından söhbət gedir:

“Hamımız havadar olduq. Mən yazmışam ki, bu, əhalinin siyahıyaalınmasıdır. Şeirin əsas ideyası budur.

...Donbas beynəlxalq ictimaiyyətin vecinə deyil, rusların da vecinə deyil. Hökumət və XİN BMT-nin bütün qətnamələrini vecinə almır. ...Nədir, onlar birdən-birə Haaqaya gəlib deyəcəklər ki, “bizi mühakimə edin, biz günahkarıq”? Yox, onlar üçün sərhədi dəmir pərdə ilə bağlamaq, interneti ləğv etmək və üstümüzə İsveçrə, Hollandiya və Ukrayna faşistlərinin gəldiyini demək, divar tikib özlərini qorumaq üçün xalqı ölümcül döyüşə göndərmək daha asandır. Onlar praktik olaraq dağılmaz sistem yaradıblar...”

“ETİRAZA ÇIXSALAR BELƏ...”

Orlov hesab edir ki, bu sistemi daxili etirazlarla da çökdürmək mümkün deyil:

“Etiraza çıxsalar, yalnız təqaüd yaşının artırılması, orta aylıq məvacib və ya bunun kimi bir şeyə görə çıxarlar. Onlar Sentsovun aclığına və Donbasdakı müharibəyə tamamilə sakit yanaşan insanlar olacaq.

...Etiraz və hökumətin bütövlükdə süpürülüb atılması indi Rusiyada kursun avropapərəst, demokratiya yönündə dəyişməsinə gətirməyəcək. ...Putinin getməsi tamamilə heç nə verməyəcək”.

“Tutalım, Putin Rusiyanın hazırkı prezidenti kimi ölür. Mən buna görə hər hansı şəkildə sevinməyəcəyəm. Çünki bilirəm ki, 90 faiz ehtimalla onun yerinə ondan da betəri gələcək. O, yuxarıdakıların arasında potensial olaraq ən dəhşətli adam deyil. Əslində, hər şeyin necə olacağını isə zaman göstərəcək.

...Rusiyada hökumət o dərəcədə xalqdan qopuqdur ki, insanlar üçün idarəçilər adam deyil, nağıllardakı əjdahadır.

...Ekrandan səslənən hər şeyə total inam sistemi ilə yaşayan ölkə belə də yaşamağa davam edəcək. Biz elə bilirdik Orwell fantastdır, sən demə, öncəgörən imiş. Məncə o kitab, "1984" Surkov və Putinin stolüstü kitabı ola bilərdi. Hər şeyi oradakı kimi, sadəcə, bəzən daha əcaib və vəhşi üsullarla etmək üçün. Axı, televizor və ya kamera vasitəsilə Böyük qardaşın sizi güdməsi fantastika kimi görünürdü...”, – Andrei Orlov deyir.

XS
SM
MD
LG