Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Ekspertlər narahatdır - müəllim qadın olanda…


İllüstrasiya
İllüstrasiya

Ölkənin ümumi təhsil ocaqlarında müəllimlərin 80, orta ixtisas təhsil müəssisələrində 78, ali təhsil ocaqlarında 52, həkimlərin isə 62 faizi qadınlardır. Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Təhsil ekspertləri narahatdır. Onlar uşaqlıqdan bağçada, orta məktəbdə, ali məktəbdə daha çox qadın tərbiyəsi alan uşaqların, xüsusən də oğlanların sonradan problemlə üzləşdiyini iddia edirlər.

“Finlandiyada uşaq bağçalarında da tərbiyəçi kişilər işləyir”

Məsələn, ekspert Kamran Əsədov bunun fəsadları olduğunu deyir. Onun fikrincə, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin kökündə duran məsələlərdən biri də orta ümumtəhsil məktəblərində qadınların çoxluğu, kişilərin azlığı ucbatından oğlanların kişi xarakterində formalaşmamasıdır.

Mütəxəssis fikrini əsaslandırmaq üçün bir az da izahat verir:

“Bu gün ailədə uşağın tərbiyəsi ilə daha çox qadın məşğul olur. Uşaq bağçaya gedir, onunla yenə qadın müəllimə məşğul olur, orta məktəbdə, hazırlıqda, universitetdə, hətta həkimə gedəndə belə daha çox qadın görür, kişi xarakteri görmür, qadınlardan isə gördüyü ancaq nəvazişdir, əzizlənmədir. Həmin bu kişilər ailə quranda çətinliklərə dözə bilmirlər. Buna görə də boşanmalar artır. Orta məktəbin kişisizləşməsi cəmiyyətin kişisizləşməsinə, mübarizə əzminin aşağı düşməsinə səbəb olur. Rəqəmlərə baxanda intihar edənlərin arasında kişilər çoxluq təşkil edir. Xarakter boşluğu var. Nümunə götürəcəkləri şəxs azdır. Ata-ana işdədir, məktəbdə kişi müəllim yoxdur”.

Milli Məclisin Təhsil komitəsinin keçmiş sədri, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov bu problemi uzun illərdir hər fürsətdə qabartdığını, amma səmərəsi olmadığını bildirir:

“10-15 ildir bu vəziyyətdən narahatam. Qadınların tərbiyəsi altında yetişən uşaqlar qadın xislətli olur, cəsurluqdan, cəsarətdən aralı düşürlər. Yəni uşağın qəhrəmanlıq potensialı məhv olur. Bu da qorxulu haldır. Çox deyirik, amma eşidən yoxdur”.

Azerbaijan -- expert in education Shahlar Asgarov, Baku, 14Dec2010
Azerbaijan -- expert in education Shahlar Asgarov, Baku, 14Dec2010

Professor hesab edir ki, balans gözlənilməlidir. “Finlandiyada uşaq bağçalarında da tərbiyəçi kişilər işləyir”, – Şahlar Əsgərov əlavə edir.

Psixoloq: “Uşaqlar kişi və qadın modelini ailədən götürür”

Psixoloq Ruhəngiz Əhmədova bu yanaşmayla razılaşmır. O, uşaqların kişi və qadın modelini ailədən – ata və anasından götürdüyünü söyləyir:

“Ata və ya ana yoxdursa o halda kişi və qadın modeli formalaşmır. Orda hansısa boşluq yaşayır, ya da yerini kiminləsə doldurmağa çalışır. Amma müəllim uşağın kişi modelinin formalaşmasında bir o qədər də rol oynamır”.

Məktəb psixoloqu Aygün Cəfərovasa düşünür ki, məktəb direktoru kişi olduqda bu idarəetmədə öz təsirini daha fərqli göstərir:

“11-ci sinif şagirdləri bu yaşda qaydaları pozmağa meylli olurlar. Qadınlar zərif olduqlarına görə bəzən onların öhdəsindən gələ bilmirlər. Buna görə də məktəb qaydalarına əməl edilib-edilməməsinə daha çox kişi müəllimlər cəlb edilir”.

Amma bununla belə hesab edir ki, uşaqların formalaşması ailədə gedir, boşanmış və ya başı işə-gücə qarışmış ata uşaqların tərbiyəsində iştirak etmirsə, məktəbdə kişi müəllimin oğlan şagirdlərə müəyyən təsiri olur.

Direktorların etirazı: “Müəllim elə müəllimdir”

Bakıdakı 8 saylı məktəbin direktoru Aytən Quliyeva “müəllim elə müəllimdir” deyə söhbətə başlayır:

“Gözümüzü açıb qadın müəllim görmüşük. Məncə, bunun ziyanlı tərəfi yoxdur. Elə qadın müəllim də kişi müəllim kimidir”.

O, DSK-nın təqdim etdiyi rəqəmlə - müəllimlərin 80 faizinin qadın olması haqda fikirlə razılaşmır. Direktor Aytən Quliyeva maaş artımından sonra məktəbə gələn kişi müəllimlərin sayının artdığını bildirir.

10 saylı məktəbin direktoru Leyla Məmmədova fərqli arqument qoyur:

“Ailədə hər şey qaydasındadırsa, heç bir uşaq qadın xasiyyətli böyümür. Mən elə ciddi təsir görmürəm. Bəlkə valideynləri olmayan və ya başqa problem olan uşaqlara aiddir. O da uşağın özündən, hormonlarından asılıdır”.

“Məktəbin maaşı azdır deyə...”

“Kişiləri məktəbdən uzaq salan səbəb nədir” sualına əksəriyyət bir ağızdan maddi səbəbləri, maaşın azlığını göstərir.

Professor Şahlar Əsgərov deyir ki, ailə dolandırmalı kişilər məcbur başqa sahəyə üz tuturlar: “Məktəbin maaşı azdır deyə kişilər məcburdur taksi sürsün, elektrik, montyor, motorist işləsin”.

“Əməkhaqqı ailəni saxlamağa imkan vermir. 250-300 manata ailə saxlamaq mümkün deyil”, - Kamran Əsədov deyir. “Orta məktəblərdə kişi müəllimlərin sayının azalması Qarabağ müharibəsindən sonra başladı. Kişilər müharibəyə getdi, iqtisadiyyatda çöküş başladı, ailəni dolandırmaq çətinləşdi. İnsanlar təhsildən alacağı puldan bir az çoxunu başqa xidmət sektorlarında qazandıqlarına görə tədrisdən uzaqlaşdılar. İndi də geri gəlmirlər”, – o vurğulayır.

Kamran Əsədov
Kamran Əsədov

Onun fikrincə, işə qəbulda kişi müəllimlərə güzəşt etmək lazımdır, onlar kommunal xərclərindən azad edilməlidir.

Direktor Leyla Məmmədova isə ümidsiz deyil:

“Belə də maaşlar artıb. Bəlkə bundan sonra vəziyyət bir az düzələr. Düşünürəm, onda hər şey qaydasında olar. Sentyabrda bir konfransdaydıq, “APU-ya girənlərin çoxu oğlanlardır” dedilər. Yəqin, yavaş-yavaş vəziyyət düzələcək”.

Azərbaycanda balans təkcə təhsildə pozulmayıb. DSK-nın məlumatına görə, dövlət qulluğunda çalışanlar arasında qadınların sayı çox azdır, burda onların xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 28,6 faiz, sahibkarlar arasında isə 21,5 faizdir.

Azərbaycanda nazir və komitə sədri olan qadınların sayı bir əldəki barmağın sayından azdır. Düzdür, DSK bildirir ki, Milli Məclisdə qadın deputatların sayı da artıb, indi onlar parlamentin 16,8 faizini təşkil edir. Mütəxəssislər bunun da az olduğunu söyləyirlər. Hərçənd bu ayrı bir mövzudur artıq.

XS
SM
MD
LG