Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

'Hadi Rəcəblinin fikirləri etiraz doğurdu'-Media icmalı


Şəmkir aqroparkı
Şəmkir aqroparkı

Azərbaycanda inklüziv inkişaf, fermerlərin anbar problemi, uşaqlara aylıq müavinətin ödənilməsinin bərpası ilə bağlı təkliflər əsasında müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Anbar problemi

Oxu.az saytında «60 qəpiyə aldıqları məhsulu 12 manata satırlar: Ölkənin soyuducu anbar problemi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda hər il min tonlarla kənd təsərrüfatı məhsulu zay olur və atılır: «Səbəb kimi, xüsusən də kiçik fermerlər «saxlamağa yerimiz yoxdur» deyir».

Müəllif yazıb ki , bu səbəb üzündən fermerlər yığım dövründə məhsulu dəyər-dəyməzinə satır, yaxud da daş anbarlara yığır, burada isə xəstəlik yayılır, məhsulu çox saxlamaq olmur və əziyyətlə becərilən məhsul nəticədə «zibil»ə çevrilir.

Yazıda qeyd edildiyinə görə, bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən oxu.az-a bildiriblər ki, ötən illərdə bu sahədə müəyyən işlər görülüb: «Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 411.3 milyon manat, tutumu 347.1 min ton olan 55 logistik mərkəz yaradılıb... 2009-2015-ci illərdə bütün regionlarda hər bölgə üçün spesifik soyuducu anbarlar tikilib. Ağdam-Füzuli-Beyləqan bölgəsində kartof-soğan, Quba-Qusar-Xaçmazda meyvə-tərəvəz üçün anbarlar var, amma bu anbarlar fərdi sahibkarların və iri təsərrüfatlarındır. Xırda və ailə təsərrüfat sahibləri isə əldə etdiyi məhsulu saxlaya bilmir».

Yazıda qeyd edilib ki, «Aqrolizinq» Azərbaycana refrejator sistemində işləyən xırda 3-5 tonluq səyyar anbarlar gətirib: «Bunu lizinqə vermək istədi. Refrejator belə bir sistemdir ki, o, meyvəni bir il deyil, yalnız 3-5 ay saxlayır...».

Müəllifin vurğulamasına görə, təcrübədə bu işlər də özünü qiymətlə bağlı razılıq əldə etmədiyindən doğrultmadı.

Yazıda başqa daha bir məqama da toxunulur: «Əsas məsələ Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının keyfiyyətini yüksəltməkdir. Çünki yüksək məhsul əldə etmək istəyən sahibkar torpağa verdiyi azot gübrəsindən artıq istifadə edir və bu tərəvəzlərin vaxtından əvvəl xarab olmasına səbəb olur».

H.Rəcəbli
H.Rəcəbli

Komitə sədrinin fikirləri etiraz doğurub

«Yeni Müsavat» qəzetində «Hadi Rəcəblinin fikirləri yenə etiraz doğurdu» sərlövhəli yazı yer alır.

Yazıda son vaxtlar Azərbaycanda uşaqlara aylıq müavinətlərin ödənilməsinin bərpası ilə bağlı təkliflər ətrafında ekspert Rəşad Həsənovun fikirləri öyrənilib.

Yazıda vurğulanıb ki, son vaxtlar hakimiyyətin sosial istiqamətdə atdığı addımlar insanlarda bu məsələdə də yenilik olacağına ümidlər yaradıb.

Müəllif vurğulayıb ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi hökumətə bununla bağlı təkliflər zərfi təqdim edib və konkret mexanizm irəli sürüb. Həmin zərfdə 17 yaşına qədər uşaqların üç qrupa ayrılması və onlara 40 manatdan 80 manata qədər aylıq müavinətlərin ödənilməsi təklifi əks olunub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu təklifə qarşı çıxıb. «Bu, belə ola bilməz. Uşaqpulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur...», - deyə qəzetdə yazılana görə, komitə sədri deyib. O, bununla belə, 3 yaşa qədər uşaqların müavinət məsələsinin gündəmdə olduğunu bildirib.

İqtisadçı-ekspert Rəşad Həsənov isə «Yeni Müsavat»a bildirib ki, hansısa marginal bir qrupu əsas gətirməklə dövlətin vətəndaşa qayğısını məhdudlaşdırmaq düzgün yanaşma deyil: «Məsələ ondan ibarətdir ki, ölkə əhalisinin 5 faizini yuxarı gəlirli ailələr təşkil edir, qalanı orta və aşağı gəlirli ailələrdir. Bundan da əlavə, dövlətin konkret demoqrafik siyasəti olmalıdır. Bu istiqamətdə təbii artımın təşviq edilməsi əsas məsələlərdən biridir... Belə bir şəraitdə vətəndaşın sosial müdafiəsinin təmin edilməsi, demoqrafik siyasətin dəstəklənməsi kimi məsələlərdə uşaqpulu da vacib elementlərdən biridir».

Azərbaycanda 2006-cı ildə - ünvanlı sosial yardım sisteminin tətbiqi ilə uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb.

Bakıda Bayraq günü
Bakıda Bayraq günü

«Dünya liderləri ilə bir sırada»

«Azərbaycan» qəzetində «Dünya liderləri ilə bir sıradayıq» sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, Azərbaycan son 15 ildə həyata keçirilən siyasət nəticəsində iqtisadi, sosial və humanitar sahələrdə yüksək nəticələr əldə olunub.

«Bunun məntiqi yekunu kimi, ölkə dünyanın birinci dərəcəli prioriteti olan və sosial sahəyə xüsusi dəyər verən inklüziv inkişaf sahəsində dünya liderləri səviyyəsinə qalxmışdır. İnklüziv inkişaf dedikdə dövlətin tərəqqisinin elə yolu başa düşülür ki, ölkənin hərtərəfli inkişafı təmin olunur və prosesin müsbət nəticələrini bütün vətəndaşlar hiss edir», - deyə müəllif yazıb.

Yazıda qeyd edilir ki, dünya ölkələrində inklüziv inkişaf vəziyyətini Davos Dünya İqtisadi Forumu təhlil edib. Hesabata əsasən, 2018-ci ildə Azərbaycanın inklüziv inkişaf indeksi 4.69-a bərabər olub. Müəllif vurğulayıb ki, keçid iqtisadiyyatına malik ölkələr arasında bu göstəriciyə görə Azərbaycan üçüncü yeri tutur.

Yazının sonunda isə oxuyuruq: «Azərbaycan bu sənəddəki göstəricilərə görə keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü olsa da, öz iqtisadi imkanlarından inklüziv inkişaf naminə səmərəli istifadəyə görə dünyada birincidir... Qeyd olunan yüksək nailiyyət ölkə prezidenti İlham Əliyevin tətbiq etdiyi innovativ dövlət idarəetmə texnologiyalarının nəticəsidir. Bu innovativ texnologiyaların öyrənilməsi və geniş tətbiqi inklüziv inkişafın gələcək nəsillər üçün də davamlı olmasının vacib şərtidir».

XS
SM
MD
LG