Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Konqres komitəsi baş prokurora qarşı qətnamə qəbul edib


Baş prokuror William Barr
Baş prokuror William Barr

ABŞ Nümayəndələr Palatasının komitəsi Rusiyanın ABŞ seçkisinə müdaxiləsinin araşdırılmasına dair hesabatın redaktəsiz və tam variantını təqdim etmədiyinə görə Ədliyyə Nazirliyi başçısını, yəni baş prokuroru Konrqesə hörmətsizlikdə ittiham edən qətnamə qəbul edib.

Mayın 8-də baş prokuror William Barra qarşı demokratların çoxluğa malik olduqları Ədliyyə Komitəsindən 24 leyhinə, 16 əleyhinə nisbəti ilə keçən qətnamə tam heyətdə səsvermə üçün Nümayəndələr Palatasına göndərilib.

Bu səsvermə Konqreslə Ağ Ev arasında uzunmüddətli məhkəmə çəkişməsinin başlanğıcı ola bilər.

Beləliklə xüsusi prokuror Robert Mueller-in hesabatına görə Konqres demokratları ilə prezident Donald Trump-ın administrasiyası arasında qarşıdurma keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Mueller hesabatının ötən ay açıqlanmış redaktəli variantında ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkisinə müdaxiləsinə dair qiymətləndirməsi təsdiq edilib, habelə Trump-ın ədalətə mane olmaq cəhdləri sənədləşdirilib.

Lakin Mueller-in gəldiyi nəticəyə görə Trump və ya onun komandasının Rusiya rəsmiləri ilə sövdələşməyə girməklə cinayət törətdiklərinin isbatı üçün kifayət qədər sübut olmayıb. Buna baxmayaraq hesabat Trump-ı və onun yoldaşlarını təmizə də çıxarmayıb.

Demokratlar hesabatın redaktəsiz tam variantını, habelə hesabatın tərtibində istifadə olunmuş sənədləri görmək istədiklərini bildiriblər. Lakin Trump-ın vəzifəyə təyin etdiyi Barr bunu etməkdən boyun qaçırır.

Nümayəndələr Palatasında keçirilən səsvermədən əvvəl Ağ Ev icra hakimiyyətinin imtiyazlarını əsas gətirərək tam hesabatı açmağa borclu olmadığını bəyan edib.

Mövcud hüquqi konsepsiyalardan birinə görə ABŞ prezidenti Konqresin və ya məhkəmələrin müəyyən dəvətlərindən imtina etmək və onların hüquqi tələblərinə müqavimət göstərmək üçün geniş hakimiyyətə malikdir.

Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi icra hakimiyyəti imtiyazından istifadə olunmasını pisləyib və deyib ki, prezidentin Konqresin çağırışlarını dəf etmək cəhdləri millət vəkillərini vəzifələrini icra etmək imkanından məhrum edir.

XS
SM
MD
LG