Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:38

Oskar qalibi Asghar Farhadi filmlərini İrandan kənarda necə çəkir


Asghar Farhadi
Asghar Farhadi

İranlı kinorejissor Asghar Farhadi «Satıcı» (The Salesman) filmi ikinci Oskar mükafatını qazananda mərasimin keçirildiyi Los-Ancelesdən çox uzaqda idi. O, 2017-ci il fevralın 27-də təqdimetmə mərasimini ailəsi ilə birlikdə Tehrandakı evindən izləyirdi.

Həmin vaxt ABŞ prezidenti Donald Trump İran və daha altı müsəlman ölkəsinin vətəndaşlarının ölkəyə girişinə müvəqqəti qadağa qoymuşdu. Farhadi-yə ABŞ-a getmək üçün xüsusi güzəşt edilsə də, o, etiraz əlaməti olaraq getməməyi seçmişdi. Farhadi öz filmlərində siyasətin diqqəti insanların vəziyyətindən yayındırmasına nadir hallarda imkan verir. Bu mənada onun siyasi təzyiqə məruz qalanlara dəstəyi təəccüb doğururdu.

Ancaq rejissor bir gün özünün ilk ingilisdilli filmini ABŞ, yaxud da Britaniyada çəkəcəyini istisna etmir.

«Bəlkə də ingilis dilində film çəkərəm. Sadəcə, nə vaxt olacağını bilmirəm. Özü də İranla ABŞ, yaxud da Britaniya arasındakı siyasi münasibətlərin bu qərara təsir edəcəyini düşünmürəm. Bütün bunlar barədə düşünmürəm», – rejissor Honq-Konqa səfəri zamanı jurnalistlərə deyib.

Doğrudan da, Asghar Farhadi «Hamı bilir» (Everybody Knows) filmini çəkərkən çətinliklərə məhəl qoymamışdı. O bu filmi İspaniyada, ispan dilində çəkib.

«Hamı bilir»

46 yaşlı Farhadi «Xarici film» kateqoriyasında ilk Oskar mükafatını 2012-ci ildə «Ayrılıq» (A Separation) adlı şah əsərinə görə alıb. Bu yaxınlarda o, Honq-Konq Beynəlxalq Kinofestivalında «Hamı bilir» adlı səkkizinci bədii filmini təqdim etmək üçün bu şəhərə gedib.

«Hamı bilir» filmindən kadr
«Hamı bilir» filmindən kadr

Real cütlük olan Penelope Cruz və Javier Bardem-in oynadığı filmdə hadisələr İspaniyanın şərabçılıq bölgəsində cərəyan edir. Bu cütlük artıq doqquz filmdə birlikdə çalışıb. «Hamı bilir» filmində onların oynadığı Laura və Paco keçmiş sevgilidirlər. Onlar Laura-nın kiçik bacısının toyunda, onun valideynlərinin evində yenidən görüşürlər.

Laura-nın yeniyetmə qızı (Carla Campra) toyun keçirildiyi gecə itkin düşür. Bundan sonra film adam oğurluğu dramına çevrilir.

Evdə az qala hər kəs şübhəli şəxsə çevrilir. Ailənin çoxdankı sirləri, Laura-nın uzun illər öncə Argentinaya köçərək Alejandro (Ricardo Darin) ilə evlənməsindən bəri baş verənlər bir-bir üzə çıxmağa başlayır.

Bu psixoloji dramın gedişatı, bütün o etiraflar Farhadi-yə yad olmasa da, rejissor ilk vaxtlar bu layihəyə başlamağa tərəddüd edirmiş: «Mən bu ssenari haqda düşünməyə və onu ailəmə oxumağa başlayanda qızım mənə dedi ki, o, «Elli haqqında» (About Elly) filminə bənzəyir».

Bu filmdə də personajların mürəkkəb və çox zaman ziddiyyətli niyyətlərinə işıq salmaqdan ötrü bir şəxsin itkin düşməsinə müraciət olunub.

Eyni vəziyyət

Farhadi əvvəlcə «Satıcı» filmini çəkmək ideyasından da vaz keçibmiş. Ancaq sonradan bu filmi çəkmək qərarına gəlib. «Əslində düşündüm ki, «Elli haqqında»dakı təcrübəni fərqli mədəniyyətdə təkrarlamaq yaxşı fikir ola bilər. Fərqli mədəniyyətdə eyni vəziyyətlə üzləşsək, digər surətlər buna necə reaksiya verərdilər? Burada da eyni vəziyyətdir, ancaq «Elli haqqında» filmində surətlərin reaksiyası ispan personajların reaksiyasından tamamilə fərqli idi», - o deyir.

«Hamı bilir» Farhadi-nin İrandan kənarda çəkdiyi ikinci filmdir. «Keçmiş» (The Past) filmini 2013-cü ildə Parisdə və əsasən fransız dilində çəkib. Bu filmdə Berenice Bejo, Tahar Rahim və iranlı aktyor Ali Mosaffa rol alıblar.

«Hamı bilir» həm də Farhadi-nin iranlı surətlər və fars dilində dialoqlar olmadan çəkdiyi ilk filmdir.

Xaricdə işləmək Farhadi-yə həyatın öz ölkəsində mümkün olmayan aspektlərini göstərməyə imkan verir. Məsələn, «Hamı bilir» filmində katolik təsvirləri, alkoqol qəbulu səhnələri və xəyanətin müzakirəsi yer alır: «İrandan kənarda işləyəndə senzura adında bir şey olmur. Sən düşündüyün hər şeyi reallaşdırmaqda azadsan».

Maraqlıdır ki, İranda qoyulan məhdudiyyətlər Farhadi üçün əlverişli olub. O, 2003-cü ildə çəkdiyi «Tozda rəqs» (Dancing in the Dust) filmindən sonra müntəzəm mükafatlara layiq görülsə də, ona beynəlxalq tənqidçi və fanatların diqqətini məhz İranda çəkilən filmlər qazandırıb. «Ayrılıq» tarixə ən çox qazanc gətirən İran filmi kimi düşüb.

XS
SM
MD
LG