Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:58

'Şəkillərimizi postlara vurublar, bizi Nardarana buraxmırlar’


İnanclı məhbuslarla bağlı toplantıda
İnanclı məhbuslarla bağlı toplantıda

"İnanclı məhbuslar arasında ciddi xəstəliyi olan çoxlu sayda adamlar var. Günahsız adamlara yetərincə ağır işgəncələr, böyük cəzalar verilib. Bu gün xalqın inancı həbs altındadır" – "Müsəlman Birliyi" hərəkatının sədr müavini Elçin Qasımov belə deyir.

Özü də 2015-ci ilin noyabrında Nardaran hadisələri ərəfəsində həbs olunub, 3 il 4 aydan sonra martda əfv sərəncamıyla azadlığa buraxılan Elçin Qasımov işgəncəyə məruz qalan, səhhətində ciddi problemlər olan inanclı məhbuslarla bağlı toplantıda çıxış edib.

Elçin Qasımov
Elçin Qasımov

Elçin Qasımov deyir ki, ona da, onunla birlikdə mühakimə olunan digər şəxslərə də ağlasığmaz işgəncələr verilib. Amma özünə söz verib ki, azadlığa çıxandan sonra bu haqda danışmayacaq:

"Ən pis vəziyyətdə olanı Əbülfəz Bünyadovdur, amma onun da narahatlığı özünə görə deyil, bu ölkənin bütövlükdə hüquq sisteminə görədir".

“Sındırmaq üçün müxtəlif üsullara əl atırlar”

Elçin Qasımov inanclı kəsimin ayrıca kateqoriyaya ayrılmasının tərəfdarı deyil. O həm də müəyyən insanların dindarları qorxulu kəsim kimi təqdim etməsindən narazıdır. Bildirir ki, bu, məqsədli şəkildə edilir:

"Bizim şəkillərimizi postlara vurublar, Nardarana buraxmırlar. Bunlar istənilən halda, millətin, dövlətin xeyrinə olmayan məsələlərdir".

Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun həyat yoldaşı Mehparə Səmədova bildirir ki, bu yaxınlarda Qobustan həbsxanasından - həyat yoldaşıyla uzunmüddətli görüşdən qayıdıb. Orada olduğu müddətdə ictimai-siyasi fəallara qarşı münasibətin kəskinləşdiyinin şahidi olub:

"Onlara qarşı xüsusi kampaniya aparılır, hər fürsətdə aşağılamağa, təxribata çəkməyə çalışırlar. Sındırmaq üçün müxtəlif üsullara əl atırlar".

Mehparə Səmədova
Mehparə Səmədova

Yazar Zümrüd Yağmur isə səhhətində problemlər olan inanclı məhbusların adlarını sadalayıb, onların durumundan danışıb:

"Nardaran məhbuslarından Cabbar Cabbarov qara ciyər serrozundan əziyyət çəkir, Şamil Abduləliyevin ayağındakı iki güllə dördüncü ildir çıxarılmır deyə, gəzə bilmir. Onun ayağının tomoqrafiyasını həkimə özüm göstərmişəm. Həkim dedi ki, yaxın vaxtlarda əməliyyat olunmasa, çox ciddi fəsadları olacaq. Elə də oldu. Digər Nardaran məhbuslarından Sahil Rzalının, Fərhad Mirzənin də səhhətində ciddi problemlər var".

Toplantı iştirakçıları inanclı şəxslərə verilən işgəncələrlə bağlı şikayətlərə hüquq-mühafizə orqanlarının biganə yanaşması, səhhətində problemlər olan şəxslərin həbsdə lazımi müalicə almamasından da şikayətləniblər.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində inanclı şəxslərə işgəncə verilməsi barədə iddiaları təkzib edib.

Penitensiar Xidmətdən də AzadlıqRadiosu-na bildirilib ki, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün məhkumlara eyni cür yanaşılır. Səhhətində problem olan istənilən məhkuma tibbi yardım göstərilir.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynova 20 il, onlarla birlikdə mühakimə olunan digər 16 nəfərə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun üzvləri, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayev 13 ildən 16 ilədək həbsə məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Onlar verilən ittihamları qəbul etməyiblər. Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Nardaran hadisələrinə görə cəzalandırılanların bir qismi, o cümlədən Elçin Qasımov, Zülfüqar Mikayılzadə prezidentin 16 mart 2019-cü ildə imzaladığı əfv sərəncamıyla azadlığa buraxılıb.

XS
SM
MD
LG