Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:46

Müəllimlərin test sınağında 'qısqanclığın rəngi' soruşulub


Müəllimlərin işə qəbulu üzrə imtahan
Müəllimlərin işə qəbulu üzrə imtahan

Müəllimlərin işə qəbuluyla bağlı Təhsil Nazirliyinin gerçəkləşdirdiyi imtahandan narazılar var. Vaxtaşırı mediaya üz tutan narazılar nazirlik qarşısında etiraz aksiyası keçirəcəklərini də deyirlər. Onlar sualların naşılığından tutmuş, imtahanın qeyri-şəffaf aparıldığına, nəticələrə müdaxilə edildiyinə, müxtəlif pozuntuların olduğunadək bir çox iddia irəli sürürlər.

«Müəllimə verdikləri suala bax: «Qısqanclığın rəngi nədir?»»

Daşkəsən rayonunun ucqar kəndlərindən birində informatika fənni tədris edən Xavər Amanova AzadlıqRadiosuna danışır: «İxtisas üzrə suallar asan idi, məntiq sualları da çətin gəlmədi, rahat yazdım. Bircə, kurikulum çətin gəldi, heç aidiyyəti olmayan, qəribə suallar salmışdılar. Mən universiteti fərqlənmə diplomuyla bitirmişəm, üstəlik, magistr təhsili almışam. Orda suallar daha qəliz və çətin olsa da, müqayisədə bu imtahan daha asan idi. Ancaq 40 balı ötəcəyimi düşündüyüm halda 38 rəqəmini görəndə sarsıldım. Gözləmədiyim nəticə idi. Hazırlıq müəllimi vardı, hətta o, 37 bal yığdı, keçən il 50 bal yığan müəllimə 35 bal topladı».

Dükanlara bir ətək borcu olan müəllim...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

X.Amanova imtahanda şəffaflıq olmadığını, balların azaldıldığını iddia edir. Onun başlıca tələbi imtahan cavablarının açıqlanmasıdır. Məsələ bundadır ki, nazirliyin keçirdiyi imtahan elektron qaydada aparılıb, kağız daşıyıcılar olmayıb: «Səhvimi göstərsinlər, mənə səhvimi sübut etsinlər. Biz səhvlərimizi, düzlərimizi görə bilmirik, sadəcə, imtahan bitincə monitorda ballar görünür. Təhsil Nazirliyindən deyirlər, bizim vəsaitimiz yetmir ki, kağızla təşkil edək. Vəsaitiniz yetmirsə, ödənişli imtahan keçirin. Müəllimə verdikləri suala baxın: «Qısqanclığın rəngi nədir?». Mənim müəllimlik səviyyəmi bununla ölçürlərsə, daha nə deyim?».

X.Amanova apellyasiya şikayəti verməyi düşünür.

Nailə Cabbarova da informatika müəllimidir. O da sualların çox asan olduğunu, buna görə də aşağı – 38 bal toplayacağını gözləmədiyini bildirir. Ən azı, 50 bal toplayacağına ümid edirmiş: «Məntiq suallarından anlamadığım suallar vardı, amma ixtisasdan çox gözləyirdim».

N.Cabbarova çaşqınlıq içində qaldığını söyləyir. Onun qənaətincə, məntiq sualları səhvdir və bu səbəbdən cavabların yenidən yoxlanılmasını, sualların düzgün tərtib olunmasını tələb edir. Şikayət etməyə də niyyətlidir.

Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Təhsil Nazirliyi: «Araşdırma aparılacaq»

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov səsləndirilən iradları «absurd» sayır və elektron platforma üzərindən imtahanın nəticələrinə hər hansı müdaxilənin mümkünsüz olduğunu deyir: «Zalda çoxsaylı kamera və nəzarətçilər var. Hər şey diqqət altındadır. Orda kənar təsirdən söhbət gedə bilməz».

O, mediada yer alan başqa iddialara, məsələn, imtahan zamanı kimlərinsə yerinin dəyişdirilməsinə də münasibət açıqlayaraq, belə yerdəyişmələri «köçürmə ehtimalı» ilə əsaslandırır və şəffaflığın qorunması üçün bu addımın atıldığını vurğulayır.

Nazirliyin sözçüsü imtahanın elektron qaydada aparılmasını da normal sayır: «Nəticələr imtahan bitən kimi monitorda görünür. 48 bal Bakı məktəblərində işləmək üçün keçid balıdır, 36 balsa bölgələrdə çalışmaq üçün minimal baldır. Müvafiq bal toplayanlar növbəti seçim mərhələsində, müsahibələrdə iştirak edəcək».

N.Qulamoğlu
N.Qulamoğlu

Nabatəli Qulamoğlu: «Narazılıq kütləvidirsə...»

Təhsil eksperti Nabatəli Qulamoğlu Təhsil Nazirliyinin imtahan keçirilməsində Dövlət İmtahan Mərkəzi (DİM) qədər püxtələşmədiyini düşünür. Ekspert DİM-in daha savadlı müəllimləri cəlb etdiyini, ortaya daha yaxşı nəticə qoyulduğunu deyir: «Xüsusilə narazılıq kurikulum və məntiqlə bağlı suallardandır. Mən də bəzi suallara baxmışam. Elə suallar var, cavabı yoxdur...».

Bununla belə, N.Qulamoğlu imtahanda subyektiv müdaxilənin edilməsinə inanmır: «Keçmiş nazir Mikayıl Cabbarov elə bir presedent yaradıb ki, onu pozmaq mümkün deyil. İndiki nazirin - Ceyhun Bayramovun da bunun marağında olmadığını düşünürəm. Ümumiyyətlə, narazılıq ola bilər, bu kütləvidirsə, xüsusi komissiya yaradılmalı, yoxlama aparılmalıdır. Yanlış suallar varsa, bunlar müəllimlərin xeyrinə həll olunmalıdır. Yox, narazılıq subyektiv müdaxiləylə bağlıdırsa, bu yerdə artıq cinayət işi açılmalıdır».

K.Əsədov
K.Əsədov

Kamran Əsədov: «Daha çox haqlı olan tərəf müəllimlərdir»

Təhsil eksperti Kamran Əsədov deyir ki, insan olan yerdə qüsurun olması danılmazdır. Ekspert bu məsələdə «daha çox haqlı olan tərəf müəllimlərdir» deyə düşünür: «Dünya təcrübəsində belədir ki, keçiriləcək istənilən imtahanın proqramı və ədəbiyyat siyahısı öncədən dərc olunmalıdır. Beləliklə, imtahan iştirakçıları bilik və bacarıqlarının nəyin əsasında hazırlandığını bilməlidirlər. Ən çox narazılıqlar bununla bağıdır ki, imtahan iştirakçılarını oturduqları yerdən qaldırırlar və ya işarələnmiş yerlər var, orda oturanların balları daha yüksək olur. Bunların hamısı fərziyyələrdir. Təhsil Nazirliyi kiminsə balını azaldıb-artırmağı məsləhət bilsə, o adamın imtahana qatılmasına ehtiyac duymaz. Zatən elektron sistemdir və o balı yazar. Yəni bu səsləndirilən iddialar haqsızdır. Başlıca nöqsan imtahanla bağlı proqramın, test nümunələrinin olmamasıdır».

K.Əsədov da imtahanda istifadə edilmiş test tapşırıqlarının iştirakçıya verilməməsini doğru saymır: «Sadəcə, imtahan təşkil edənlər elektron xidməti daha da gücləndirsələr, imtahan iştirakçılarına test tapşırıqlarını göndərsələr, onlar da yanlışlarını, doğrularını görsələr, bu tipli problemlər ortaya çıxmaz».

İndiki halda imtahan iştirakçısı apellyasiya şikayəti verdikdən sonra cavablarını görə biləcək. K.Əsədov bunu yanlış sayır.

Təhsil Nazirliyinin sözçüsü C.Valehov iddialarla bağlı araşdırma və müzakirə aparılacağını söyləyir.

XS
SM
MD
LG