Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:37

Kinonu dəyişən Alfred Hitchcock həyatda nədən qorxurmuş


A.Hitchcock
A.Hitchcock

Gazeta.ru

Alfred Hitchcock-un dünya kinematoqrafına verdiyi töhfə əvəzsizdir. Özü də bu, klişe-filan deyil. Rejissor özünün uzun karyerası ərzində 70-dən çox kino və televiziya əsəri yaradıb, 8 aktyoru Oskar mükafatı laureatı edib, ancaq özü həmişə arzuladığı mükafatı ala bilməyib. Yalnız ölümünə az qalmış Amerika Kino Akademiyası onu «həvəsləndirici» mükafata layiq görüb. Söhbət kino istehsalına böyük töhfələrə görə verilən «İrvinq Talberq adına mükafat»dan gedir.

Onun filmlərindən həzz alınmasını anlamayıb

Özü də, Britaniya kraliçası Elizabeth II tərəfindən cəngavər tituluna layiq görülmüş Hitchcock-a hansısa rəsmi mükafatlar lazım da deyildi. Rejissorun yaradıcılığına ən dolğun qiyməti tamaşaçılar öz heyrət dolu rəyləri ilə verirdilər. Hitchcock-un işinə əsl dəyəri onun Hollivuddakı polad kimi möhkəm statusu və əlbəttə ki, filmlərindən öyrənən, onu təqlid etməyə çalışan, inqilabi ideya və fəndlərini inkişaf etdirən saysız-hesabsız davamçıları verirdi.

Hitchcock «saspens ustası» kimi tanınır. Nə baş verəcəyini anlamadan, narahat, səksəkə içində olmağı bildirən ingilis kəlməsindən (suspense) doğan bu termin məhz «Qətl baş verərsə, «M»i yığın» filminin müəllifi sayəsində dünya kinematoqrafına daxil olub.

Hitchcock etiraf edirdi ki, tamaşaçıların onun filmlərindən həzz almasını anlamır. O öz müasirlərindən fərqli olaraq, ekran dəhşətini primitiv balta üsulları ilə yaratmağa çalışmırdı. Ancaq daimi gərginlik və narahatlıq hissi yaratmağı bacarırdı. Bu isə tamaşaçıları ekranda baş verənlərlə yaşamağa məcbur edirdi.

Hitchcock aktrisa qismində, bir qayda olaraq, «soyuq» sarışınları seçirdi. O bunu onların qurban obrazına başqalarından daha çox uyğun gəlməsi ilə izah edirdi. «Bu, üstündə qanlı ayaq izi qalmış təmiz qar kimidir», — Maestro deyirdi.

Rejissor kameosu formatını kinoya gətirən də məhz Hitchcock-dur; o öz yaradıcılığının son dövrünə aid bütün filmlərinə çəkilib.

Dahi britaniyalı-amerikalı rejissorun (o, İngiltərədə doğulub, ancaq sonradan ABŞ vətəndaşlığı alıb) davamçıları arasında David Linch, Pedro Almodovar, Stiven Spielberg, Martin Scorsese, Brian de Palma və digər tanınmış kinematoqrafçılar var. Onların hər biri Hitchcock-a pərəstiş etdiklərini və onu triller janrının dühası saydıqlarını bildirib.

Bir çox dahi şəxslər kimi, Hitchcock da özünəməxsus insan olub. Onun yumor hissini hər adam anlayıb qəbul edə bilmirmiş.

Qəddar zarafat, təmizlik dəlisi...

Bir dəfə o, qonaqları evində keçirdiyi tədbirə dəvət edərkən hamıya smokinq və axşam paltarında gəlməyi tapşırıb. Eyni zamanda, aktyor Gerald Du Maurier-yə bunun rəsmi tədbir yox, maskarad olacağını deyib. Nəticədə du Maurier bütün axşam ərzində ən azı qəribə görünüb, çünki tədbirə türk sultanı qiyafəsində gəlib.

Rejissor məşhur «Psixo» filminin ulduzu, aktrisa Vera Miles-la çox qəddar zarafat edib: ona manyak fanatın adından gözəl gül dəstələri göndərib, bununla da qızı küçəyə çıxarkən ətrafa daha diqqətlə baxmağa məcbur edib.

Bundan başqa, çox vaxt çəkiliş meydançasında çay içən Hitchcock çayını bitirəndən sonra fincanı çiynindən arxaya atarmış. Bu zaman onu nə fincanın qırılması, nə də yoldan keçən adamların zədələnməsi narahat edərmiş. Bununla yanaşı, o, əsl təmizlik dəlisi imiş. Deyilənə görə, əllərini yuyub bitirəndən sonra mütləq su çanağını silər, su kranını əl-üz dəsmalı ilə bir neçə dəfə qurudarmış.

Hitchcock-un bəzi fobiyaları da məşhurdur. Rejissor polislərdən çox qorxurmuş. Deyilənə görə, məhz bu qorxu ucbatından maşın da sürmürmüş. Bu qorxunun onun uşaqlıqda aldığı bir travmanın birbaşa nəticəsi olduğu da deyilir: bir dəfə atası onu hansısa səhvinə görə polis məntəqəsinə göndərib, oradakı polis zabitinə isə əvvəlcədən onu bir neçə dəqiqəliyinə kameraya salmağı tapşırıb.

Yeri gəlmişkən, səhvən ittiham olunan insan mövzusu onun yaradıcılığında da gözə dəyir. Onun bir yox, bir neçə filmində bu süjet xəttini görmək mümkündür.

Hitchcock toyuq yumurtasına da nifrət edirmiş, onu iyrənc sayırmış. Hətta bir müsahibəsində bu fobiyadan danışarkən axan yumurta sarısının onu insan qanından daha çox qorxutduğunu deyib.

XS
SM
MD
LG