Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:18

Bayılda evsiz qalacaqlarından qorxanlar


Sökülən bina
Sökülən bina

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan sakinlər evsiz qalacaqlarından qorxurlar. «Sabah Residence» şirkəti onların evlərini söküb, yerində 19-mərtəbəli bina tikməyi planlaşdırır. Əlibəyov qardaşları küçəsində yaşayanların bir hissəsi şirkətin təklif etdiyi şərtlərlə razılaşıb evlərindən çıxsalar da, mümkün riskləri nəzərə alıb, bundan imtina edənlər də var. Onlar AzadlıqRadiosuna bu barədə danışıblar.

«Birincisi, bura sürüşmə zonasıdır. Belə bir yerdə 19-mərtəbəli bina tikməyə bunlara necə icazə verilib, onu anlaya bilmirəm. Mən gələcəkdə elə binada yaşamağa da qorxuram. İkincisi, o binanın tikilib başa çatdırılacağına da zəmanət yoxdur. O qədər olub ki, şirkət müflis olub, evləri sökülən sakinlər qalıblar çarəsiz durumda. Biz də eyni taleyi yaşamaq istəmirik», – Yuliya Əsgərova belə deyir.

Sakinlər nədən narazıdır

«Sabah Residence» sakinlərə vəd edib ki, bina tikilib təhvil verilənədək onlara aylıq kirayə haqqı ödəyəcək, daha sonra hazırkı evlərinin sahəsi və bunun 15 faizi qədər əlavə ərazisi olan mənzillərlə təmin edəcək. Y.Əsgərova isə deyir ki, ona heç artıq sahə lazım deyil, elə öz mənzilinin ölçüsündə indi yaşadıqları əraziyə yaxın yerdə mənzil alıb versinlər, o da köçsün.

Şirkət isə bu tələblə razılaşmır, ona görə də mənzilləri tərk etməyən sakinlərlə bağlı məhkəməyə müraciət edib. Xeyli vaxtdır ki, «Sabah Residence» ilə sakinlər arasında məhkəmə çəkişməsi gedir. Artıq Səbail Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarları var. Məhkəmələr şirkətin iddiasını təmin edib. Ancaq gələcəkdə onlara veriləcək mənzillərin sahəsiylə bağlı məsələdə şirkətin təklifinə dəyişiklik edib. «Sabah Residence» mənzil+15 faizini təklif edirdisə, məhkəmə faizi 20-yə qaldırıb.

Bina sakini Y.Əsgərova
Bina sakini Y.Əsgərova

Şirkət vətəndaşları üç ayrı qrup şəklində məhkəməyə verib. Y.Əsgərovanın daxil olduğu qrup Ali Məhkəməyə kassasiya şikayəti verib. Sentyabrın 10-da onların şikayətinə baxılacaq.

«Sabah Residence»in nümayəndəsi deyir ki, onların əlində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun mütəxəssislərinin tərtib elədiyi akt var. Həmin aktda qəzalı vəziyyətdə olan, yararsız hala düşmüş binaların siyahısı yer alıb. Həmin siyahıda Əlibəyov qardaşları küçəsindəki 15, 17, 17A, 17B və 19 nömrəli binalar da var:

«Təəssüf ki, sakinlər onlara edilən ədalətli təkliflərə baxmayaraq, qeyri-real, icrası mümkün olmayan təkliflər irəli sürürlər. Nəticədə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqlarını pozurlar. Çünki bunların əsassız tələbləri digər şəxslərlə bağladığımız müqavilələr üzrə öhdəliklərimizi yerinə yetirməkdə maneçilik törədir. Sakinlərə müvəqqəti yaşayış yeri üçün nəzərdə tutduğumuz müddətdən artıq kompensasiya ödəmək məcburiyyətində qalırıq, bu da şirkətə ziyan vurur».

Amma Y.Əsgərova onların yaşadığı binanın qəzalı olması fikriylə razılaşmır. Deyir ki, onlar öz vəsaitləri hesabına da müstəqil ekspertiza da keçiriblər və əllərində binanın yararsız olmaması barədə rəy var: «Fövqəladə Hallar Nazirliyinin aktında 37 faiz göstərilib, halbuki, qəzalı, yararsız sayılması üçün 70 faiz və ondan yuxarı olmalıdır. Nazirliyin rəyini oxuyanda adamda elə təəssürat yaranır ki, sanki, onu yazan heç bizim binanı tanımır, gəlib baxmayıb, elə kabinetdən tərpənmədən rəy verib».

Şirkətə təklif

Həmin ünvanda yaşayan başqa bir sakin Seyhun Əsgərov da eyni fikirdədir. AzadlıqRadiosuna danışır ki, şirkətə başqa bir təklifi də olub: evi qiymətləndirilsin, həmin məbləğ bank hesabına köçürülüb dondurulsun. Əgər tikib ona evini təhvil verərsə, şirkət özü həmin pulu götürsün. Yox, şirkət öhdəliyini yerinə yetirməsə, o, bankdakı vəsaitə özünə mənzil ala bilsin. Ancaq şirkət razılaşmayıb:

Sökülən bina
Sökülən bina

«Bu şirkətin nümayəndələri ilk gündən sanki döyüşə gəlmişdilər. «Uçuracağıq, dağıdacağıq» ritorikası ilə danışırdılar. Bizə deyirlər ki, «əgər hazır mənzillər istəyirsinizsə, burada yox, Əhmədli tərəfdə yaxşı evlər tikmişik, sizi ora köçürək». Biz imtina edirik ki, niyə mərkəzdən gedib Əhmədlidə yaşamalıyıq? Elə yaşadığımız yerə yaxın ərazidə, öz evimiz boyda istəyirik».

Dəfələrlə Prezidentə, vitse-prezidentə və başqa orqanlara məktublar göndərdiklərini, ancaq cavab ala bilmədiklərini deyən S.Əsgərovun sözlərinə görə, sakinlər bir neçə dəfə Səbail Rayon İcra Hakimiyyətində də görüşdə olublar. İcra hakimiyyəti onlara sözdə zəmanət versə də, bunu sübut edən heç bir rəsmi zəmanət vermir: «Sabah bu məmur getdi, başqası gəldi, haradan tapaq bizə sözlə zəmanət verəni?».

Sakinlərin sözlərinə görə, binadakı mənzillərin bir neçəsində yaşayanlar artıq köçüb, onların evlərində hazırda söküntü işləri gedir.

«Qapılar açıq, dağıntı… Gecələr cürbəcür adamlar gəlib yatır. Bir neçə gün əvvəl binamızda oğurluq oldu. Bir tərəfdən cinayətin hədəfi olmaq qorxusu, o biri tərəfdən evdə adamlar ola-ola söküntünün qorxusu altında yaşayırıq. Fövqəladə Hallar Nazirliyinə zəng edirik ki, biz evdə ola-ola binanı dağıdırlar, cavab verirlər ki, «dağıdırlar, çıxıb gedin də». Polis çağırırıq, gəlmirlər», – Y.Əsgərova əlavə edib.

XS
SM
MD
LG