Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:50

Breksit danışıqlarında nə baş verir


Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker (sağda) və Breksit Partiyasının lideri Nigel Farage. Bu gün Avropa Parlamentində Breksit üzrə yeni müzakirə başlanır
Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker (sağda) və Breksit Partiyasının lideri Nigel Farage. Bu gün Avropa Parlamentində Breksit üzrə yeni müzakirə başlanır

Avropa Birliyi (AB) liderlərinin sammitinə bir ay, Britaniyanın birlikdən çıxmasına isə altıca həftə qalır. Britaniyanın Baş naziri Boris Johnson yeni bir Breksit razılaşmasının hazırlanmaqda olduğunu desə də, AB bunun əksini bildirir.

“Reuters” agentliyi yazır ki, Johnson sentyabrın 17-də AB-dən danışıqları intensivləşdirməyi xahiş edib. Qurum isə Londondan mövcud razılaşmanın “düyününü açmaqdan” ötrü işlək təklif verməsini istəyib.

Son günlər Johnson-un təmsilçisi David Frost blokla dörd dəfə danışıq aparıb. Londonun istədiyi razılaşmadan mübahisəli bir maddənin çıxarılmasıdır. Bu maddəyə görə, AB üzvü İrlandiya ilə Britaniyanın idarəçiliyi altında olan Şimali İrlandiya arasında maneəsiz sərhədi saxlamaqdan ötrü Britaniya AB-nin ticarət qaydalarına tabe olmalıdır.

AB tələb edir ki, London bu maddənin çıxarılmasını istəyirsə konkret yazılı təkliflər versin. Britaniya isə kartlarını belə erkən ortaya tökmək istəmədiyini bildirir.

Ayrılma sazişi Britaniyanın AB-dən rəsmən çıxmasını nəzərdə tutur.

Londonun Şimali İrlandiya üçün istədiyi

London Breksitdən sonra Şimali İrlandiyada heyvanlar və ərzaq məhsulları ilə bağlı “bütün ada”nı əhatələyən iqtisadiyyatı qorumaq naminə qaydalara əməl etməyə razılaşıb. Ancaq Şimali İrlandiyada “qurumlar və partiyalar” üçün ümumi razılıq mexanizminin də buraya salınmasını istəyir.

Ancaq AB belə bir həll alternativini o zaman nəzərdən keçirər ki, Breksitdən sonra Şimali İrlandiyada blokun bütün qaydalarının qalacağına təminat verilsin.

AB və Böyük Britaniya adada vahid elektrik bazarının və ümumi səyahət məkanının saxlanmasına da razılaşıblar.

AB bildirir ki, Britaniya Şimali İrlandiya üçün gömrüklə bağlı bitkin həll yolu təklif etməyib. London ümumi maddələr irəli sürür, Brekstidən sonrakı keçid dövründə detalların işlənməsinə üstünlük verir. Onda tərəflər yeni azad ticarət sazişi hazırlamalıdırlar.

Saziş əlavə dəyər vergisi ilə bağlı heç bir detalı nəzərdə tutmayıb. London ümumi şəkildə bildirir ki, Breksitdən sonra Böyük Britaniya və AB ayrı-ayrı ərazilər olacaqlar.

Britaniya aydın şəkildə bildirib ki, dövlət yardımından tutmuş, əmək, iqlim, istehsal standartlarınadək hər bir şeydə özünü AB-nin qaydalarından azad etmək, qurumla “ən yaxşı” azad ticarət sazişi bağlamaq istəyir.

London ticarət mübadiləsini məhdudlaşdıracaq heç bir tarif, yaxud kvota qoyulmasını istəmir. Amma AB bildirir ki, indilik, bu ideyanın ayrıntıları bəlli deyil.

XS
SM
MD
LG