Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:02

Duma komissiyası AzadlıqRadiosu-nu ittiham edir


Moskvada 10 avqust aksiyası
Moskvada 10 avqust aksiyası

Rusiya parlamentinin komitəsi xaricdə qeydiyyatdan keçmiş və xaricdən maliyyələşən altı media orqanını ölkənin seçki qanununu pozmaqda ittiham edir. Söhbət ötən ay keçirilmiş regional və yerli seçkilərdən gedir.

Sözügedən media orqanları MBK Media, Meduza, AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) rusdilli xidməti, Amerikanın Səsi (VOA), Current Time TV BBC News Russian kanallarıdır.

Dövlət Dumasının Rusiyanın daxili işlərinə xarici müdaxilə üzrə komissiyasının sədri Vasily Piskarev oktyabrın 17-də deyib ki, komitə bu media orqanlarının rusiyalıları yaydakı etirazlarda iştiraka çağırdığı qənaətinə gəlib.

AzadlıqRadiosu ittihamları rədd edir

Piskarev deyib ki, komitə aşkarladığı faktları “cavab tədbirləri görülməsi üçün”
Rusiyanın kommunikasiya sahəsinə nəzarət orqanı olan Roskomnadzor-a və Baş Prokurorluğa göndərəcək.

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Jamie Fly “saxta və siyasi motivli ittihamları” rədd edib, deyib ki, məqsəd “Rusiyada müstəqil median susdurmaq və müstəqil jurnalistləri qorxutmaqdır”.

“Biz jurnalistlərimizin və peşəkar xəbərləmə işimizin arxasındayıq, missiyamızdan geri çəkilən deyilik – Rusiya xalqına öz ölkələrində baş verənlərlə bağlı həqiqəti çatdıracağıq”, – o, sözlərinə əlavə edib.

Bu yay Moskvada və Rusiyanın başqa yerlərində keçirilən etirazlarda müstəqil və müxalifət namizədlərin 8 sentyabr seçkisinə buraxılması tələb olunurdu.

Polis nümayişləri zorakılıqla dağıdıb, 2 mindən artıq adam saxlanıb və bu beynəlxalq ictimaiyyətin qınağına səbəb olub.

Polis əməkdaşları isə yürüşləri işıqlandıran jurnalistlərə əngəl yaratmağa görə tənqid olunublar. Bəzi reportyorlar saxlanıb, avadanlıqları zədələnib.

İttihamlar ilk dəfə deyil səslənir

MBK Media və Meduza müstəqil media orqanları olaraq xaricdə mənzillənirlər.

AzadAvropa/AzadlıqRadiosu və Amerikanın Səsi ABŞ Konqresi tərəfindən maliyyələşdirilir. “Current Time” AzadAvropa/AzadlıqRadiosu-nun Amerika Səsi ilə birgə rusdilli layihəsidir.

Sentyabrda parlamentin sözügedən komitəsi Almaniyanın Deutsche Welle (DW) yayımçısını qanunu pozaraq Rusiyanın daxili işlərinə müdaxilədə, adamları etirazlara səsləməkdə suçlamışdı. DW isə ittihamları rədd edib.

Roskomnadzor ABŞ-ın Google və Facebook texnologiya nəhənglərini ölkənin seçki qanununu pozmaqda ittiham edib.

Facebook ötən ay bu ittihamı rədd edərək bildirib ki, yerli seçki qanunlarına əməl etməyə şirkətin özü deyil, reklamçılar məsuliyyət daşıyır.

XS
SM
MD
LG