Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:02

Azəriqaz: 'Havaların soyuması tənzimləmə işləri ilə üst-üstə düşdü'


Kəmərdə qaynaq işləri
Kəmərdə qaynaq işləri

«Bazar günü uşaqlara bozbaş bişirmək istəyirdim, günortadan əti qoydum qazın üstünə. Axşam oldu yemək hazır olmadı. Uşaqlar şor çörək yeyib yatdılar. Yeməyi gözləsələr, gərək gecə yarı olaydı», – Zığda yaşayan Məryəm Əliyeva AzdlıqRadiosuna danışır. Onun sözlərinə görə, hər il oktyabrın sonu, noyabrın əvvəlində, havalar soyuyanda eyni aqibəti yaşayırlar: qaz azalır. «Qış rejiminə keçənə qədər soyuqdan donuruq. Noyabrın 15-dən sonra vəziyyət düzəlməyə başlayır. Elektrik sobası da yandıra bilmirik, çox yazır», – Zığ sakini əlavə edir.

««Azəriqaz» üçün konkret qış rejiminə keçid vaxtı yoxdur»

«Azəriqaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov isə AzadlıqRadiosuna deyir ki, adətən oktyabrın son günlərində qış mövsümünə hazırlıqla bağlı şəbəkədə tənzimləmə işləri aparılır. Onun sözlərinə görə, bu il həmin tənzimləmə işləri havaların soyuması ilə üst-üstə düşdüyündən «belə xırda problemlər» yaşanmaqdadır.

Qazınız necə gəlir?
Gözlə
Embed

No media source currently available

0:00 0:01:33 0:00

«Azəriqaz»ın sözçüsü də son bir neçə gündə şikayətlərin olduğunu etiraf edir: «Əsasən də Sabunçudan, Maştağadan belə şikayətlər çox gəlir. «Azəriqaz»ın tabeçi qurumlara, digər təşkilatlara tapşırığı var. Proses artıq nəzarətə götürülüb. Qazın təzyiqi ayrı-ayrı yerlərdə artırılıb. Facebook, Instagram səhifəmizə, 104, 185 operativ xidmətinə gələn zənglər qeydiyyata alınır və onlarla bağlı tədbir görülməsinə çalışılır. Harada nasazlıq aradan qaldırılır. Bircə Səbail rayonunda bir yerdə problem qalır, hazırda iş gedir».

Artıq bir neçə ildir ki, oktyabrda havalar qəfildən soyuyur və qaz problemı yaranır. «Azəriqaz» tənzimləmə işlərini bir qədər əvvələ çəkə bilməzdimi? C.Səfərov «Siz heç inanırdınızmı ki, oktyabrın 30-dək hava bu qədər isti keçəcək?», – deyə suala sualla cavab verir.

«İqlim dəyişikliklərini tənzimləmək mümkün deyil. Bir də, «Azəriqaz» üçün konkret qış rejiminə keçid vaxtı yoxdur. Yəni, sərfiyyat artan kimi rejimlərin optimallaşdırılması həyata keçirilir. Yalnız noyabrın 15-i qazanxanalarla bağlı qış rejiminə keçid kimi qəbul olunur», – C.Səfərov bildirir.

M.Qəhrəmanlı
M.Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı «Azəriqaz» rəsmisinin dediklərinə şübhəylə yanaşır. O, təkcə havalar soyuyanda deyil, başqa vaxt da qaz verilişində problemlər müşahidə edildiyini vurğulayır: «Qaz olmayanda, deməli, ya onun təzyiqini azaldırlar, ya da kəsirlər, deyirlər ki, təmir gedir. Heç kim də gedib yoxlaya bilmir harada təmir gedir. Və yaxud hər həftə mətbuat xidməti elan edir ki, filan yerdə qaz olmayacaq. Hər həftənin beşinci günü səhər saat 9-dan axşama kimi qaz kəsilir, ya da ertəsi gün saat 9-a kimi. İnsanlar da alışıblar bu vəziyyətə».

Prezident də tapşırmışdı, amma...

Yeri gəlmişkən, bu ilin aprelində prezident İlham Əliyev ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə demişdi ki, şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır: ​«Eyni zamanda, «Azəriqaz» tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, «Azəriqaz» özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır.

Qaz hanı?
Gözlə
Embed

No media source currently available

0:00 0:03:26 0:00


Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır».

M.Qəhrəmanlı da dövlət başçısının söylədiklərini yada salır, o da «Azəriqaz» əməkdaşlarının əhalini aldatdığını, qanunsuz cərimələr tətbiq edildiyini bildirir. Bununla belə, hələ də gərəkli addımlar atılmadığını düşünür. Onun qənaətincə, «Azəriqaz» SOCAR-ın tərkibindən çıxarılmalıdır, hasil edənlə satan bir əldə cəmləşməməlidir, köklü şəkildə struktur və kadr islahatları aparılmalıdır.

Yağış yağdı, işıqlar da söndü

Ötən həftə havaların soyuması ilə bağlı təkcə qazın təzyiqi aşağı düşmədi, eləcə də elektrikin verilməsində də problemlər yarandı. Noyabrın 1-dən bəzi yerlərdə elektrik qısa fasilələrlə kəsildi. Bu hala paytaxtın bəzi yerlərində də rast gəlindi.

«Yağışlar başlayan gün Əhmədlidə işıqlar tez-tez sönməyə başladı. Bu hal bir neçə dəfə ard-arda təkrarlandı. Düzü, biz soyuducunun, televizorun yanmasından çox qorxduq. Az qala 5-10 dəqiqədən bir işıq yanıb-sönürdü», – Əhmədlidə yaşayan Nazan Səmədova söyləyir.

«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tanrıverdi Mustafayevlə bu haqda danışmaq mümkün olmayıb.

Q.İbrahimli
Q.İbrahimli

Qadir İbrahimli: «Hava soyuyubsa, qazı artırmaq lazımdır»

«Güzəran» Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri Qadir İbrahimli isə yay və ya qış rejiminə keçid anlayışlarının artıq köhnəldiyini bildirir: ​«Hava soyuyubsa, qış vaxtıdır, bundan ötrü rəsmi təqvimi gözləməyə ehtiyac yoxdur. Kommunal qurumlar yalnız noyabrın 15-dən rəsmi qış rejiminə keçir. Ancaq hava soyuyubsa, qazı artırmaq lazımdır, işığı gücləndirmək lazımdır. Bunun üçün rəsmi təqvimə gərək yoxdur. Bu, bütün dünyada belədir. Sovet dövründən qalan ənənəni dağıtmaq lazımdır. Bəlkə noyabrın 15-dən sonra havalar qat-qat mülayim keçəcək? Reallığa uyğun əhaliyə xidmət göstərilməlidir».

Q.İbrahimli əlavə edir ki, son illər əhaliyə satılan qazın, elektrikin qiyməti artıb, bunlar bahalı xidmətlərdir və bunun müqabilində əhaliyə keyfiyyətli xidmət göstərilməlidir. Ancaq o, qiymətə uyğun xidmətin olmamasından təəssüflənir.

XS
SM
MD
LG