Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:46

Rusiyanın, İranın 2020-ci il seçkisinə müdaxiləsindən danışırlar


Ağ evin qarşısında aksiya, nümayişçilər Prezident Donald Trump-ın seçki kampaniyasının Rusiyayla iddia olunan əlaqələrinə etiraz edirlər, arxiv fotosu
Ağ evin qarşısında aksiya, nümayişçilər Prezident Donald Trump-ın seçki kampaniyasının Rusiyayla iddia olunan əlaqələrinə etiraz edirlər, arxiv fotosu

ABŞ-ın kəşfiyyat və hüquq-mühafizə rəsmiləri amerikalılara birgə müraciət edib. Onlar gəlin ilin prezident seçkisinə Rusiya, İran, digər xarici “düşmənlər” tərəfindən müdaxilə cəhdləri haqda xəbərdarlıq edirlər.

“Düşmənlərimiz demokratik institutlarımıza zərbə vurmaq, ictimai fikrə nüfuz etmək, hökumət siyasətinə təsir göstərmək istəyirlər”, – Prezident Donald Trump administrasiyasının təhlükəsizlik məsələləri üzrə liderləri noyabrın 5-də yaydıqları birgə bəyanatda bildirirlər.

“Rusiya, Çin, İran və digər xarici pisniyyət oyunçular səsvermə prosesinə müdaxilə etməyə, seçicilərə təsir göstərməyə çalışacaqlar”, – onlar bildirir.

“Görünməmiş koordinasiya”

ABŞ rəsmiləri əvvəllər də xəbərdarlıq etmişdilər ki, Rusiya, İran və digər ölkələr 2020-ci ilin noyabrında prezident seçkisinin nəticəsinə təsir göstərməyə çalışa bilərlər.

Moskvayla Tehran iddiaları rədd edib.

Rusiya 2016-cı il prezident seçkisinə müdaxiləylə bağlı iddiaları da rədd edib.

Son bəyanatı Baş Prokuror Bill Barr, Müdafiə naziri Mark Esper, Daxili təhlükəsizlik katibinin vəzifəsini icra edən Kevin McAleenan, Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən Joseph Maguire, FTB-nin direktoru Christopher Wray və digərləri imzalayıb.

Onların bildirməsinə görə, seçkiyə müdaxilə “sosial media kampaniyaları, dezinformasiya əməliyyatlarının aparılması, ştat və yerli infrastruktura pozucu və dağıdıcı kiberhücumlar” vasitəsilə gerçəkləşə bilər.

Bəyanatda indilik seçki infrastrukturuna zərbə vurmağa yönəlik elə bir fəaliyyətin aşkarlanmadığı bildirilir. Hazırlıq məqsədilə, ABŞ-ın 50 ştatının məmurları ilə hökumət arasında “görünməmiş səviyyədə koordinasiya”nın həyata keçirildiyi vurğulanır.

Bəyanat amerikalıları “seçki informasiyası üçün etibarlı mənbələrə, ştat və yerli seçki məmurlarına üz tutmağa”, “hər hansı şübhəli fəaliyyət haqda” hakimiyyətə məlumat verməyə çağırır.

Tanış xəbərdarlıq

2018-ci ildə konqresə aralıq seçkilər zamanı da milli təhlükəsizlik agentliyinin başçıları oxşar xəbərdarlıq səsləndirmişdi.

Seçkidən sonra Milli Kəşfiyyatın ovaxtkı direktoru Dan Coats demişdi ki, Rusiya, Çin, İran və digər xarici qüvvələr seçicilərə təsir göstərməyə çalışıb, ancaq bu cəhdlərin seçkinin nəticələrinə təsir göstərməsinin əlamətləri yoxdur.

2017-ci ilin yanvarında ABŞ-ın kəşfiyyat agentlikləri Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etməsi qənaətinə gəlib.

Xüsusi prokuror Robert Mueller isə apreldə yaydığı hesabatında bildirib ki, Rusiya səsverməyə təsir göstərməkdən ötrü “sistematik” cəhd göstərib, Demokrat partiyası rəsmilərinin oğurlanmış emaillərindən istifadə edib, sosial mediada dezinformasiya yayıb.

Senatın kəşfiyyat komitəsinin bu ilin iyulunda gəldiyi qənaətə görə, 2016-cı il seçkisi zamanı 50 ştatın hamısında seçki sistemləri Rusiya tərəfindən hədəfə alınıb.

XS
SM
MD
LG