Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:31

Prezident: 'Ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə…'


Prezident İ.Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edir
Prezident İ.Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edir

«Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir».

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, noyabrın 12-də prezident İlham Əliyev bəzi rayonların yeni təyin olunan icra başçılarını qəbul edərkən söyləyib. O vurğulayıb ki, keçənilki prezident seçkisindən sonra yeni islahatlar dövrünə start verilib və bu islahatlar davam etdirilir.

«Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir»

O, hakimiyyətdə olduğu 16 ildə görülən işlərdən bəhs edib və daha sonra deyib: «Eyni zamanda, siyasi islahatlar aparılır. Son illərdə demokratiyanın inkişafı istiqamətində, insan haqlarının qorunması işində böyük nailiyyətlər əldə edilib. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir».

Prezident deyib ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır: «Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, vətənə bağlı olsunlar».

İ.Əliyevin vurğulamasına görə, son 16 ilin təcrübəsi onu göstərir ki, kənardan edilən hər hansı bir təzyiqə Azərbaycan çox böyük məharətlə və ləyaqətlə davam gətirə bilir: «Bizə qarşı ünvanlanmış bütün bu oxlara, silahlara tutarlı cavab verə bilmişik. Bu cavabın əsas mahiyyəti ondan ibarətdir ki, xalq-iqtidar birliyi bugünkü sabitliyin və müstəqil həyatımızın əsas təminatçısıdır».

«Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir»

Prezident söyləyib ki, korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. O daha sonra da deyib: «O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz. Yəni, gözləməməlisiniz ki, dövlət gəlib hansısa işi görəcək, onsuz da biz bunu görürük».

Arif Hacılı: ‘Müxalifəti gözdən salmağa çalışırlar...’

Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, özünə hörmət edən siyasətçi siyasi güvvə haqqında belə ifadə işlətməzdi.

O, bu gün, noyabrın 12-də prezident İlham Əliyevin bəzi rayonların yeni təyin olunan icra başçılarını qəbul edərkən müxalifətin ünvanına dediyi fikirlərə münasibət bildirərəkən bu sözləri deyib. Arif Hacılı daha sonra da əlavə edib:

"Hər bir normal dövlətdə müxalifətin olmasına normal yanaşmaq lazımdır. Təbii olaraq avtoritar idarəçiliyə öyrəşmiş hakimiyyət yetkililəri Azərbaycanda ciddi və xalq arasında kifayət qədər yüksək nüfuza malik olan müxalifətin olması ilə barışmaq istəmir. Ona görə də bu tipli fikirləri səsləndirməklə müxalifəti gözdən salmağa çalışırlar".

Xatırlatma

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də İlqar Abbasovun Şirvan şəhər, Mərdan Camalovun Zərdab, Əziz Əzizovun Bakının Suraxanı, Elşad Həsənovun Yasamal, Rafiq Quliyevin isə Xətai rayonlarının icra hakimiyyəti başçıları vəzifəsinə təyin olunmaları ilə bağlı sərəncamlar imzalayıb. Onların bəzisi bundan əvvəl digər rayonlarda başçı vəzifəsində çalışıblar.

XS
SM
MD
LG