Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:43

Eldar Mahmudovun əmisi oğlu məhkəmə zalından azadlığa buraxıldı


V.Mahmudov
V.Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, həm də nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudov noyabrın 28-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Hərbi Məhkəməsində ona hökm oxunub.

Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası CM-in 182 (hədə-qorxu ilə tələbetmə), 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitlərin leqallaşdırılması) və 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə ittiham üzrə ona bəraət verib. CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsasıyla cəza təyin edilməyib. CM-in 179 (mənimsəmə) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ona 2 il həbs cəzası təyin edilib. Hakim bildirib ki, ona münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulan cəzanın aşağı həddindən də az cəza təyin etmə) maddəsi tətbiq olunub.

V.Mahmudova kəsilən 2 illik həbsin müddəti noyabrın 3-də başa çatdığına görə o, məhkəmə zalından azadlığa buraxılıb.

Eldar Mahmudovun əmisi oğlu: 'Danışmağa çox sözüm var...'

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, həm də nazirlikdə onun köməkçisi olmuş Vüqar Mahmudova prokuror 4 il həbs cəzası verilməsini istəyib. Dövlət ittihamçısı noyabrın 28-də Bakı Hərbi Məhkəməsində bu təkliflə çıxış edib.

Prokurorun çıxışından öncə məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti sabiq nazirin əmisi oğlu və köməkçisinə qarşı mülki iddiasını geri götürüb. Vaxtilə MTN-in büdcəsindən agentura şəbəkəsi, əməliyyatlar adıyla ayrılan vəsaitlərin mənimsənilməsiylə əlaqədar DTX cinayət məsuliyyətinə cəlb olunan sabiq MTN-çilərə, o cümlədən V.Mahmudova qarşı da mülki iddia qaldırmışdı. Bu məsələ ilə əlaqədar sabiq nazirin qohumuna başqa əməllərlə yanaşı, CM-in 179-cu maddəsiylə - mütəşəkkil dəstə tərəfindən mənimsəmə ittihamı da verilib. İndi isə məhkəməyə ərizə təqdim olunub ki, V.Mahmudova qarşı heç bir şikayət-tələb yoxdur.

Ardınca prokuror çıxış edib və V.Mahmudova 4 il həbs cəzası kəsilməsini, vaxtilə onlardan MTN-də pul alındığını iddia edən zərərçəkmişlərin ona qarşı qaldırdıqları mülki iddiaların isə baxılmamış saxlanmasını istəyib.

Məhkəmədə iştirak edən üç nəfər zərərçəkmiş buna etiraz ediblər. Bildiriblər ki, heç bir cinayət törətmədikləri halda, vaxtilə MTN-də hədə-qorxu ilə onlardan alınmış pullarının qaytarılmasını tələb edirlər.

V.Mahmudovun vəkili qısa danışıb. Deyib ki, müvəkkilinə qarşı ittihamlar sübuta yetirilməyib, ona bəraət verilməlidir.

V.Mahmudov özü isə son sözünü deməkdən imtina edib: «Danışmağa çox sözüm var. Amma mənə deyiblər, «danışma», mən də danışmıram».

Həbib Həsənovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

Vüqar Mahmudov MTN ətrafındakı məlum olaylardan iki il sonra - 2017-ci ilin noyabrında həbs olunub. Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıb. Daha sonra ona qarşı CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittihamlar irəli sürülüb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. Mirəziz Əsgərova 3, Vüsal Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

Həbs olunanların bir qismi artıq azadlığa buraxılıb.

XS
SM
MD
LG