Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:31

'Bu 3 il bank sistemi üçün itirildi' - Deputat


Maliyyə Bazarlarına Nəzarət Palatası
Maliyyə Bazarlarına Nəzarət Palatası

Noyabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ləğv edilib.

2016-cı ildə yaradılan qurumun səlahiyyətləri və əmlakı Mərkəzi Bankına verilib.

MBNP lisenziyalaşma və tənzimləməyə dair müəyyən səlahiyyətlərə malik idi.

Ömrü cəmi 3 il çəkən Palatanın ləğv edilməsinin səbəbi nədir?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov «Turan» agentliyinə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi doğru addımdır:

«Kimə lazımdır bu Palata?»

«Palata yaradılanda mən bunun əleyhinə olmuşam və çıxışlarımda həmişə demişəm ki, bu quruma ehtiyac yoxdur. Çünki Palatanın bu 3 il ərzində faktiki olaraq heç bir fəaliyyəti olmayıb. Hətta dövlət büdcəsi müzakirə olunanda mən onu kəskin tənqid etmişəm. Kimə lazımdır bu Palata? O, faktiki olaraq banklardan vəsaiti götürüb, maaş verib. Digər tərəfdən, əlində heç bir vəsait olmayan qurum banklara nə kömək edə bilər? Bu 3 il bank sistemi üçün itirilib. Hesab edirəm ki, cənab prezident tamamilə düzgün qərar qəbul etdi və Palatanın səlahiyyətlərini Mərkəzi Banka verdi. Bu Palata Azərbaycanın bank sistemini bir az da geriyə aparıb…».

V.Əhmədov
V.Əhmədov

V.Əhmədov vurğulayıb ki, bundan sonra Maliyyə Bazarlarına Nəzarət Palatası kimi qurumların yaradılmasında ehtiyac yoxdur: «Mərkəzi Bank kifayət qədər səlahiyyətli orqandır. Düzdür, bu səlahiyyətlər ondan alınmışdı, indi qaytarılacaq. Mərkəzi Bank bu işi aparacaq. Çünki vəsaiti var, imkanı var… və s. Yenidən hər hansısa bir qurumun yaradılmasına ehtiyac yoxdur».

Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ideyası özü özlüyündə yaxşı idi:

«Bu məqsədlər isə çox vaxtı ziddiyyət təşkil edir»

«3 il əvvəl maliyyə nəzarəti səlahiyyəti Mərkəzi Bankdan alınıb başqa quruma verildi. Bir sıra ölkələrdə Mərkəzi Bank yalnız pul siyasətini həyata keçirir, bank nəzarətini isə ayrıca qurum. Bunun bir əsaslı səbəbi var. Mərkəzi Bankın pul siyasəti ilə bank nəzarəti arasında ciddi ziddiyyət var. Pul siyasətinin əsas məqsədi milli valyutanın sabitliyidir. Amma bank nəzarətinin əsas məqsədi isə bankların sabitliyidir. Bu məqsədlər çox vaxtı ziddiyyət təşkil edir. Məsələn, bankların vəziyyəti pisdir və Mərkəzi Bank onlara kredit verməlidir ki, onları qurtarsın. Amma bu kreditin verilməsi inflyasiyaya apara bilər. Bu halda ziddiyyət yaranır və buna bir sıra ölkələr yol vermir».

Ə.Həsənov
Ə.Həsənov

Ekspertin qənaətinə görə, Milli Bankın fəaliyyəti uğurlu olmadığına görə digər qurumun yaradılmasına ehtiyac var idi: «Xüsusən də milli valyutanın devalvasiyasından sonra ölkədə yaranmış bank sisteminin iflic vəziyyəti göstərdi ki, Mərkəzi Bankın fəaliyyəti ötən 20 il ərzində tam iflasa uğramışdı. Bu nöqteyi-nəzərdən, müstəqil qurumun yaradılması ideyası çox yaxşı idi. Lakin nəticədə bu ideya həyata keçirilmədi».

Ekspert kimi Palatanın təsis sənədlərinin, nizamnaməsinin hazırlanmasına cəlb edildiyini deyən hüquqşünas hesab edir ki, qurumun strukturu səhv qurulub:

«Mənim təkliflərimi qəbul etmədilər və…»

«Bir sıra təkliflərim olub. Mənim təkliflərimi qəbul etmədilər və Palata işləyə bilmədi. Palatanı iflasa gətirən bir neçə səbəb var. Palata nəzarət qurumu olduğu üçün nəzarət etdiyi qurumlardan asılı olmamalı idi. Palata dövlət büdcəsindən pul almırdı, nəzarət etdiyi qurumlar onu maliyyələşdirirdi. Banklar, kredit və sığorta təşkilatları sanki üzvlük haqqı ödəyirdilər. Bu da Palatanı onlardan asılı etdi. İkinci əsas səbəb Palatanın idarəetməsinin düzgün qurulmamasıdır. Orada Direktor Şurası və İdarə Heyəti yaradıldı. Direktor Şurasına Rüfət Aslanlı, İdarə Heyətinə isə İbrahim Alışov rəhbərlik etdilər. Mən demişdim ki, bu işləməyəcək və onların arasında konflikt olacaq. Bir idarəetmə orqanı olmalı idi…».

Sizcə, dövlət neyləməlidir ki, banklar yaxşı işləsin?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Ekspertin fikrincə, elə onun təxminləri də özünü doğruldub. O xatırladıb ki, R.Aslanlının rəhbərlik etdiyi Direktorlar Şurası ötən ilin oktyabr ayında ləğv edilib. Ə.Həsənov hesab edir ki, Palata tamamilə iflic vəziyyətinə düşüb. O qeyd edib ki, Palatanın işləyə bilməməsinin obyektiv səbəblərdən biri də böhran olub: «İndiki vəziyyətdə isə maliyyə sektorunun durumu ağırdır və bu vəziyyətdə belə, Palatadansa Mərkəzi Bank yaxşıdır. Lakin o şərtlə ki, Mərkəzi Bankın rəhbərliyi yaxın vaxtda dəyişdirilməlidir».

«Ciddi heç nə baş vermədi»

İqtisadçı Toğrul Maşallının fikrincə isə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank arasında koordinasiya düzgün aparılmayıb: «Vaxtı ilə dırnaqarası islahatlar dövründə yeni qurumlar yaradılırdı ki, köhnə qurumların yerinə yetirmədiyi funksiyalar onlara verilsin. Məhz bu dövrdə Palata yaradıldı və ona banklara nəzarət funksiyası verildi. Amma sonra bəlli oldu ki, bu funksiyaların bölüşdürülməsi çox çətin məsələdir. Yəni, bankların maliyyə tərəfinə Mərkəzi Bank baxırdı, nəzarət tərəfinə isə Maliyyə Bazarlarına Nəzarət Palatası. Düzgün koordinasiya alınmırdı. Hər qurum idarəetməni özünə çəkirdi və problem yaranırdı. Nəticə etibarı ilə bir sıra qalmaqallar baş verdi».

İdarəetmənin düzgün qurulmadığını deyən ekspert daha sonra da bunları əlavə edib: «Nəticə kimi Palatanın ləğvi baş verdi. Artıq, uzun müddətdir Mərkəzi Bank bütün funksiyaları öz üzərinə götürmüşdü, Palata faktiki fəaliyyət göstərmirdi. İndi isə sadəcə bu proses rəsmiləşdirildi və Palata ləğv edildi. Mərkəzi Bank, sadəcə, çətin vaxtlarda ona çətinlik yaradan bəzi funksiyaları digər quruma verdi, indi isə özünə qaytardı. Burada ciddi heç nə baş vermədi və Palatanın ləğvini «islahat» adlandırmaq mümkün deyil».

Bu fikirlərə ləğv edilən Palata və Mərkəzi Bankın rəhbərliyindən münasibət almaq mümkün olmayıb. Ancaq bu vaxta qədər hər iki qurumun rəsmiləri onlara yönələn tənqidləri qəbul etməyiblər.

Xatırlatma

Maliyyə Bazarlarına Nəzarət Palatası Prezident İlham Əliyevin 2016-cı il fevralın 3-də imzaladığı fərmanla yaradılmışdı. Həmin fərmanla Mərkəzi Bank yanındakı Maliyyə Monitorinqi Xidmətinin bütün funksiyaları Palataya keçmişdi.

2015-ciildə Azərbaycanda iki devalvasiya (fevral və dekabr aylarında) baş verib. Nəticədə manat ABŞ dolları qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə 10-dan çox bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

XS
SM
MD
LG