Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:46

İndi Britaniya Avropa İttifaqından ‘rahatca’ çıxa və parçalana bilər


Anti-Breksit etirazçısı
Anti-Breksit etirazçısı

Britaniyada dekabrın 12-də keçirilmiş parlament seçkisinin yekun nəticələri elan edilib.

Bu nəticələrə görə Mühafizəkar Partiya 650 yerlik İcmalar Palatasında 365 mandata sahib olub.

Bu, baş nazir Boris Johnson, onun partiyası və ölkənin Avropa İttifaqından çıxmasını istəyənlərin çox böyük qələbəsi sayılır.

Əslində Mühafizəkar Partiya baş nazir Margaret Thatcher-in hakimiyyətindən bəri belə böyük seçki uğuru qazanmamışdı.

Müxalif Leyborist Partiyası isə əksinə, seçkidə son 80 ilin ən pis nəticəsini göstərib. Leyboristlərin yeni parlamentdə yalnız 203 millət vəkili olacaq.

Amma Şotlandiya Millətçi Partiyasının (SNP) uğuru böyük sayıla bilər. SNP bu seçkidə 48 mandat qazanıb.

Liberal-Demokrat Partiyası yalnız 11 mandat əldə edib. Uelsi yeni parlamentdə 4, yaşılları isə 1 millət vəkili təmsil edəcək.

Ölkə üzrə mühafizəkarlara seçicilərin 43, 6, leyboristlərə isə 32, 2 faizi səs verib.

Təkpartiyalı ümummilli xalq hökuməti?

İndi Boris Johnson özünün baş nazir vəzifəsini saxlayacaq və birpartiyalı yeni hökumət təşkil edəcək.

Hərçənd o yeni hökuməti “ümummilli xalq hökuməti” adlandırıb.

Nəticələr elan edildikdən sonra hökumət iqamətgahı qarşısında çıxış edən Johnson deyib ki, onun partiyası hətta yüz ildir uğur qazana bilmədiyi dairələrdə də mandat əldə edib.

Boris Johnson bəyan edib ki, o Britaniyanı yanvarın sonunadək Avropa İttifaqından çıxarmaq niyyətindədir.

Partiyasının mütləq çoxluğa malik olduğu parlamentdə Breksit barədə razılaşmanın qəbulu heç bir problem təşkil etməməlidir.

Barışdırıcı müraciət

Buna baxmayaraq Johnson ona səs verməyənlərə və anti-breksitçilərə də barışdırıcı müraciət edib.

Baş nazir bildirib ki, Britaniya Aİ ilə dostluğunu və əməkdaşlığını qoruyub saxlayacaq.

Onun sözlərinə görə London Brüssellə iqlim dəyişikliyi, antiterror, ticarət, elm və mədəniyyət sahələrində əməkdaşlığını davam etdirəcək.

Baş nazir siyasi çəkişmələrə ara verməyə və ölkənin Breksit mübahisələrindən dincəlməsinə imkan tanımağa çağırıb.

Johnson bunun əvəzində ölkənin daxili iqtisadi problemləri ilə məşğul olmağın vaxtının çatdığını deyib.

Təhlilçilərin fikrincə elə məhz bu sahədə Britaniyanı nəhəng problemlər gözləyə bilər. İlk növbədə Britaniya fermerləri Avropa İttifaqından subsidiya ala bilməyəcəklər. Səhiyyə və elm sahələrinə də Avropanın maliyyə dəstəyi azalacaq.

Lakin ortaya bundan da böyük problem çıxa bilər.

Millətçi fəallar Şimali İrlandiya sərhədindəki lövhədən "şimali" sözünü pozublar
Millətçi fəallar Şimali İrlandiya sərhədindəki lövhədən "şimali" sözünü pozublar

Bütün millətçilərin qələbəsi

Reuters agentliyi yazır ki, “bu seçkidə ingilis, şotland və irland millətçiləri qalib gəldilər və bu, Birləşmiş Krallığın sonu ola bilər”.

Şotlandiya millətçiləri böyük seçki uğurundan dərhal sonra bəyan ediblər SNP Şotlandiyada daha bir müstəqillik referendumu keçirilməsinə çalışacaq.

SNP lideri Nicola Sturgeon deyib ki, “Boris Johnson İngiltərəni Avropa İttifaqından ayırmaq üçün mandat qazanıb, amma onun Şotlandiyanı bu ittifaqdan ayırmaq üçün mandatı yoxdur”.

Xanım Sturgeon deyib ki, onun partiyası, Şotlandiyanı Britaniyadan ayıra bilmək üçün kifayət qədər güclü mandat əldə edib.

Şotlandiya İngiltərə krallığına 300 il əvvəl birləşdirilib.

Britaniyanın daha bir əyaləti olan Şimali İrlandiyada da bu bölgəni Britaniyadan ayıraraq İrlandiya Respublikasına birləşdirmək istəyənlər seçkidə nisbi uğur qazanıblar. Onlar 1921-ci ildən bəri ilk dəfə olaraq bölgənin Britaniya dövlətinin tərkib hissəsi kimi qalmasını istəyənlərdən daha çox mandat əldə ediblər.

Sotlandiya və Avropa İttifaqının bayraqları Şotlandiya parlamentinin qarşısında qoşa dalğalanır
Sotlandiya və Avropa İttifaqının bayraqları Şotlandiya parlamentinin qarşısında qoşa dalğalanır

Moskvanın yeni ümidi

Rusiya rəsmiləri və mediası Britaniya seçkisində breksitçilərin uğurunu məmnunluq hissi ilə qarşılayıblar.

Prezident Vladimir Putin dekabrın 13-də Boris Johnson-u seçki qələbəsi ilə təbrik edib.

Rusiyanın Birləşmiş Krallıqdakı səfiri Alexander Yakovenko mətbuata açıqlamasında deyib ki, Britaniya seçkisinin nəticələri Moskva və London arasında münasibətlərə yeni nəzərlə baxmaq imkanı yarada bilər.

Hazırda bu münasibətlər gərgin olaraq qalır.

XS
SM
MD
LG