Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:55

'Orada 6 gün mənə sözlə deyilməyəsi zülm verdilər'


İşgəncə. Foto illüstrasiya
İşgəncə. Foto illüstrasiya

Tərtərin Səhləbad kəndinin sakini Səxavət Orucov deyir ki, kimsəsizliyindən istifadə edib, açılmayan cinayətləri onun üzərinə qoyublar. O, Tərtərdə 2014 və 2016-cı illərdə törədilmiş iki qətl hadisəsində - Sənan Mirzəyev və Səxavət Musayevin ölümündə suçlanır.

36-yaşlı S.Orucov hazırda ona verilən 20 illik həbs cəzasını çəkir. Hərçənd, birinci instansiya məhkəməsi onun suçsuz olması qənaətinə gəlib, 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsi hər iki qətl ittihamı üzrə ona bəraət verib. Bu ölüm işlərindən biri üzrə onunla birlikdə mühakimə olunan Şaiq Həsənov da bəraət alıb. Onların hər ikisinin istintaqdakı etiraf xarakterli ifadələrinə gəlincə, hakimlər o ifadələrin təzyiq altında alındığını hesab edib.

Ancaq sonradan Gəncə Apellyasiya Məhkəməsi bəraət hökmünü ləğv edərək, S.Orucova 20 il, Ş.Həsənova isə 17 il həbs cəzası kəsib. Onlar bu hökmdən Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Prokurorluq da hökmdən narazı qalıb, cəzaların ağırlaşdırılmasından (S.Orucova ömürlük həbs verilməsi) ötrü yuxarı instansiyaya şikayət edib.

2019-cu il dekabrın 24-də Ali Məhkəmə məhkumların kassasiya şikayətini təmin etməyib. Prokurorluğun protestini isə əsaslı sayıb və hökmü ləğv edərək, yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb. Təqsirləndirilən şəxslər yeni məhkəməni gözləyirlər.

«Beysbol ağacıyla döyürdülər»

S.Orucov Gəncə Ağır Cinayətlər Məhkəməsində danışıb ki, onu Tərtərdən Bakıya – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirib, orada 6 gün işgəncə veriblər: «Məni dekabrın 21-də bu idarənin əməkdaşları, Tərtər rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi tutub Bakıya gətirdilər. Burada 6 gün mənə sözlə deyilməyəsi zülm verdilər. Burada saxlanmağımı da rəsmiləşdirmədilər. Beysbol ağacıyla döyürdülər. Başıma torba keçirib, üstümə çıxırdılar, baş-bədən demədən, hər yerimi əzirdilər, toka verirdilər.. Dözə bilmədim. Altıncı gün dedim ki, nə desəniz, eləyirəm. Məni Səxavət Musayevin ölümünə görə tutmuşdular. Fürsət bildilər, ondan da iki il əvvəlki ölüm işini də gətirdilər ki, bunu da boynuna götür. Məcbur olub götürdüm».

Dediyinə görə, 2016-cı il dekabrın 27-də onu Tərtərə qaytarıblar, buradakı polis şöbəsində ona fiziki yox, mənəvi, psixoloji işgəncələr verilib:


«Hər dəfə ifadə verməkdən imtina eləyəndə polis rəisi qışqırırdı ki, «gətirin bunun qardaşı arvadını». Bunu eşitmək təsəvvür edirsinizmi nə deməkdir? Əllərim qandallı, bəzən ayaqlarımı da qandallayırdılar. Nə yata bilirsən... Təbii ehtiyacımı ödəmək üçün əllərimi açmalarını istəyirdim, bunu da eləmirdilər».

S.Orucovun sözlərinə görə, o, tələb olunan ifadələri imzalayıb, video qarşısında ona tapşırıldığı qaydada danışıb.

S.Orucov deyir ki, onu Sənan Mirzəyevin ölümünə görə hələ 2014-cü ildə qətl hadisəsindən az sonra çağırıb dindirmişdilər: «11 gün saxladılar, gördülər ki, mənim günahım yoxdur, buraxdılar. Üç gün sonra yenə çağırdılar. Görünür, saxlanmağımı necəsə rəsmiləşdirməliydilər, o vaxt narkotiklə şərləyib həbsə göndərdilər. O cəzanı çəkib çıxdım. Sonra da başıma bunu gətirdilər».

Vəkili Səadət Seyidli də onun günahsız olduğunu düşünür. Deyir ki, iş materiallarında da Səxavətin sözügedən qətl hadisələrinə aidiyyəti olmadığını təsdiqləyən çoxlu sübutlar var. Müdafiəçinin sözlərinə görə, ittiham tərəfinin sübutları isə şübhəlidir. Gəncə Ağır Cinayətlər Məhkəməsi bütün bu sübutları araşdırandan sonra həm S.Orucov, həm də Ş.Həsənova bəraət verib.

«Nazirlik bunu necə öncədən görə bilərdi?»

Vəkil həmin sübutları da sadalayır. Cinayət işinin materiallarında belə rəsmiləşib ki, S.Orucov dekabrın 27-də saxlanılıb. Özü isə dekabrın 21-də tutulub, Bakıya aparıldığını deyir. Daxili İşlər Nazirliyi də dekabrın 22-də yaydığı rəsmi məlumatda S.Orucovun tutulduğunu açıqlayıb. Dekabrın 23-də də müxtəlif saytlar nazirliyin mətbuat xidmətinə istinadən bu xəbəri yayıb.

«Əgər Səxavət Orucovun dediyi yalandırsa, onu dekabrın 27-də tutmuşdularsa, Daxili İşlər Nazirliyi bunu öncədən necə görə bilərdi ki, dekabrın 22-dən bu barədə məlumat yaysın? Deməli, 6 gün qanunsuz saxlanması, o müddətdə işgəncəyə məruz qalması barədə Səxavətin dediyi doğrudur. Məhkəmədə hadisə yerində çəkilmiş videolara baxıldı. Açıq-aşkar eşidilirdi ki, kənardan kimsə diktə eləyir, Səxavət də təkrarlayır. Sifətində də xəsarət işləri aydın görünürdü», - vəkil belə deyir.

Bu məsələ məhkəmədə də qaldırılıb. Daxili İşlər Nazirliyi bu ziddiyyətlə bağlı sorğuya cavabında bunun texniki yanlışlıq olduğunu göstərib. «Bu cavab cinayət işindəki yalanları ört-basdır etmək cəhdindən başqa bir şey deyil», - vəkil S.Seyidli bu qənaətdədir.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxslərin üzərində xəsarət olması onlar istintaq təcridxanasına gətirilərkən müayinədən keçirmiş həkimin rəyində də var.

Gəncə Apellyasiya Məhkəməsinin hökmündə yazılıb ki, S.Orucovun işgəncəyə məruz qalması barədə şikayət təsdiqini tapmayıb. Ona görə də, bu məsələ ilə əlaqədar cinayət işi başlanması rədd edilib. Vəkil isə deyir ki, prokurorluğun S.Orucov haqqında belə bir qərarı yoxdur, məhkəmə öz hökmündə olmayan bir sənədə istinad edib: «Məhkəmə digər təqsirləndirilən Şaiq Həsənov barədə qərarı Səxavət Orucova da aid edib, bu yolla öz hökmünün qanuniliyi görüntüsü yaratmaq istəyir».

Daxili İşlər Nazirliyi, bir qayda olaraq, polis orqanlarında işgəncə, pis rəftar barədə iddiaları rədd edir. Bunu saxlanılan şəxslər və onların yaxınlarının məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG