Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:27

Rusiyada koronavirusa ilk iki yoluxma halı aşkarlanıb


Şanxayda maska almağa növbəyə durublar
Şanxayda maska almağa növbəyə durublar

Rusiya Baş nazirinin müavini Tatyana Golikova ölkədə koronavirusa iki yoluxma halının aşkarlandığını təsdiqləyib.

Golikova yanvarın 31-də jurnalistlərə deyib ki, həmin iki şəxs Çin vətəndaşlarıdır, biri Trans-Baykal, digər Tümen regionundadır.

Hər ikisi qadındır və karantinə alınıb, o əlavə edib.

Beləliklə, Rusiya koronavirusun qeydə alındığı 23-cü ölkə olub.

Yanvarın 31-də Britaniyada da ilk yoluxma halları qeydə alınıb.

Yanvarın 31-ə olan məlumata görə yeni tip virusa artıq az qala 10 min nəfər yoluxub. İndiyədək virusdan 213 nəfər ölüb.

Ölənlərin demək olar hamısı Çin sakinləridir.

Bununla da koronavirusa yoluxanların sayı 2003-cü ildə tüğyan edən atipik pnevmoniya virusuna yoluxanların sayını ötüb. O vaxt virus 774 nəfərin həyatına son qoymuşdu.

Həmin virus da genetik koduna görə indiki virusa çox yaxın idi.

​Evakuasiya

Bu da xəbər verilir ki, virusun yayılması ilə bağlı Rusiya bildirib ki, Çinin Yuhan şəhərindəki və Hubey vilayətindəki Rusiya vətəndaşlarını, onların arzusu olduğu təqdirdə təxliyə edəcək.

Golikova bildirib ki, Rusiyaya qayıtdıqdan sonra belə şəxslər iki həftəyədək karantində saxlanacaqlar.

Moskva xəbər verir ki, habelə Çinin populyar dəniz kurortları, Çin hərbi dəniz bazası və kosmodromun yerləşdiyi Haynan adasındakı vətəndaşları da evakuasiya edəcək.

Yanvarın 31-dən Çin və Rusiya arasında sərnişin qatarlarının hərəkəti məhdudlaşdırılıb.

Fevralın 1-dən isə iki ölkə arasında hava daşımalarına məhdiudiyyət qoyulacaq.

Hazırda Çinə uçuşlar etmək icazəsi yalnız Rusiyanın Aeroflot və Çinin dörd hava şirkətinə verilib.

***

ABŞ vətəndaşlarına Çinə getməməyi tövsiyə edir

Birləşmiş Ştatlar vətəndaşlarına Çinə səyahətləri təxirə salmağı tövsiyə edib. Bundan öncə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində və digər ölkələrdə yayılmaqda olan koronovirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib.

Yanvarın 30-da Dövlət Departamentinin vebsaytında yerləşdirilmiş xəbərdarlıqda deyilir: “İlkin olaraq Çinin Vuhan şəhərində aşkarlanmış yeni koronovirusla əlaqədar Çinə səyahət etməyin”.

Səyahət tövsiyəsində o da qeyd olunur ki, hazırda Çində olan amerikalılar kommersiya vasitələri ilə ölkədən çıxmağı nəzərdən keçirsinlər, ABŞ hökumətinin ikinci dərəcələri personalı isə Çinə səyahətdən yayınsın.

Çin hakimiyyəti ümumilikdə 9 min 692 yoluxma halı aşkarlayıb, virusdan ölənlərin sayı 213-ə çatıb.

Virusun episentri Vuhan şəhəri sayılır, ən çox yoluxma orada qeydə alınıb.

BMT-nin səhiyyə agentliyi olan ÜST qlobal fövqəladə vəziyyət elan edib, digər ölkələrə risk yaradan “fövqəladə hadisə” adlandırıb, koordinasiyalı beynəlxalq reaksiya gərəkdiyini bildirib.

Narahatlıq başqa ölkələrlə bağlıdır

Baş direktor Tedros Adhanom Ghebreyesus deyib ki, ÜST virusun yayıldığı digər ölkələrin onunla mübarizəyə resursları ola bilməyəcəyindən narahat olaraq fövqəladə həyəcan vəziyyəti elan edib.

“Bunun elan olunmasının əsas səbəbi Çində baş verənlər deyil, digər ölkələrdə baş verənlərdir. Narahatlığımız virusun daha zəif səhiyyə sistemləri olan digər ölkələrə yayılma potensialıdır”, – o vurğulayıb.

“Belə bir vəziyyətin elanı Çinə inamsızlıq səsverməsi deyil. Əksinə, ÜST ölkələrinin Çinin epidemiyanı nəzarətə almaq bacarığına böyük inamı var”, – o əlavə edib.

Qlobal fövqəladə vəziyyətin elanı böhranla mübarizəyə daha artıq pul və resurs cəlbi deməkdir. Eyni zamanda bəzi hökumətlər virusun yayıldığı ölkələrlə səyahət, ticarət əlaqələrini məhdudlaşdıra bilərlər.

İndilik, ölüm hallarının hamısı Çində baş verib, ancaq bir sıra başqa ölkələr də infeksiya barədə məlumat yayıb.

Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Kanada, Yaponiya, Avstraliya, Kamboca, Şri Lanka, Malayziya, Cənubi Koreya, Tayvan, Tailand, Kanada, Nepal, Vyetnam, Səudiyyə Ərəbistanı və Sinqapurda yoluxma halları haqda məlumat verilib.

XS
SM
MD
LG