Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

Rusiya koronavirus tapılmış əcnəbiləri deportasiya edəcəyini deyir


Hubeydə tikintisi tamamlanmış xəstəxana orduya təhvil verilib
Hubeydə tikintisi tamamlanmış xəstəxana orduya təhvil verilib

Rusiya bildirir ki, yeni koronovirus aşkarlanmış əcnəbiləri deportasiya etməyi planlaşdırır. Çin isə bu arada Birləşmiş Ştatları konkret yardım göstərməkdənsə virusla bağlı həyəcanı daha da qızışdırmaqda suçlayıb.
Rusiyanın Baş naziri Mikhail Mishustin fevralın 3-də hökumətin iclasında deyib ki, bu ayın axırında Soçidə keçirilməsi planlaşdırılan illik investisiya forumu virus səbəbindən təxirə salınıb.

Mikhail Mishustin
Mikhail Mishustin

“İndi yeni virus xüsusi təhlükəli xəstəliklər siyahısına salınıb. Bu bizə belə bir xəstəlik diaqnozu qoyulmuş əcnəbiləri deportasiya etmək imkan verir”, – Mishustin deyib.

“Hər şeydən öncə öz vətəndaşlarımızın və forum iştirakçılarının təhlükəsizliyi və səhhətini düşünməliyik”, – deyən baş nazir “vəziyyətin nəzarətdə olduğunu” sözlərinə əlavə edib.

Fevralın 3-də Çinin Xarici İşlər Nazirliyi Birləşmiş Ştatları vəziyyətə aşırı reaksiya verməkdə ittiham edib. Belə ki, ABŞ ilk ölkə olaraq səfirlik işçilərinin bir qismini çıxarmaq fikrini səsləndirib, həmçinin çinli səyahətçilərə səyahət qadağası qoyub.

“Onun elədikləri yalnız qorxu yaradır ki, bu da çox pis örnəkdir”, – nazirliyin sözçüsü Hua Chunying onlayn brifinqdə söyləyib.

***

Amerikalılar Hubeydən çıxarılır

Birləşmiş Ştatlar vətəndaşlarını Hubeydən çıxarmaq üçün “bir neçə əlavə reys” açmağı planlaşdırır. Bunu Dövlət katibi Mike Pompeo fevralın 3-də deyib.

“Biz digər ölkələrdəki vətəndaşları da evlərinə qaytarmalıyıq”, – Pompeo Özbəkistana səfəri zamanı brifinqdə söyləyib. “Bundan əlavə, bəzi tibbi ləvazimat da gətirməliyik”, – o, sözlərinə əlavə edib.

Fevralın 3-də artıq Vuhanda 10 günə tikilmiş xəstəxanaya ilk xəstələr gətirilib. 1500 yerlik digər xəstəxananın da bu həftə işə salınacağı gözlənir.

“Rusiya Dəmir Yolları” fevralın 3-dən Çinə sərnişin reyslərinin hərəkətini dayandırıb. Özəlliklə, Moskvadan və Çitadan Pekinə gedən qatarların hərəkətin dayandırılır. Bununla da iki ölkə arasında sərnişin dəmiryolu əlaqəsi tamamilə dayandırılmış olur.

Rusiya Uzaq Şərqdə sərhədini bağlayıb, fevralın 1-dən isə iki ölkənin aviaəlaqəsi məhdudlaşdırılıb.

Bir neçə gün öncə Rusiyada koronavirusa ilk iki yeni yoluxma halı aşkarlanıb. Onların hər ikisi Çin vətəndaşlarıdır.

Prezident Vladimir Putin hava qüvvələrinə Çindən rusiyalıların evakuasiyası haqda tapşırıq verib. Ölkəyə gətirilən rusiyalılar 14 günlük karantində saxlanacaq.

***

Çin karantin tədbirlərini gücləndirir

Çin hakimiyyəti yeni koronavirusa yoluxanların müalicəsi üçün min çarpayılıq xəstəxananın tikintisinin tamamlandığını bildirir. Artıq bu virus 362 nəfərin həyatına son qoyub, Çində və digər ölkələrdə yoluxanların sayı 17 min 300-ü keçib. Son rəqəmlər yanvarın 3-də açıqlanıb.

Hubey vilayətinin Milli Səhiyyə Komissiyası daha 57 nəfərin dünyasını dəyişdiyini açıqlayandan sonra Çində virusdan ölənlərin sayı 361-ə çatıb.

Hubeyin paytaxtı Vuhanda xüsusi xəstəxana 10 günə tikilib. “AP” 1500 çarpayılıq ikinci xəstəxananın tikilməkdə olduğunu xəbər verir.

Fevralın 2-də bu vilayətdə 11 min 177 yoluxma halının aşkarlandığı bildirilib.

Ümumilikdə isə Çində 17 min 205 nəfər virusa yoluxub, 24 ölkə virusu aşkarladığını təsdiqləyib.

Hubey faktiki qapadılıb, yollar bağlanıb, ictimai nəqliyyat dayandırılıb.

Fevralın 3-də Venjou şərqi liman şəhəri də karantin tədbirləri tətbiq edib.

Vuhanın 700 kilometrliyində yerləşən bu şəhərdə 9 milyon nəfər yaşayır.

Fevralın 2-də Filippində virusdan ilk ölüm halının baş verdiyi açıqlanıb. Bu, Çindən kənarda ilk ölümdür. 44 yaşlı çinli Vuhandan gedib və görünür, adaya getməzdən öncə virusa yoluxub.

Rusiya, Britaniya və İsveçdə bu günlərdə yoluxma halları aşkarlanıb.

Birləşmiş Ştatlar, Avstraliya və digər ölkələr son iki həftə ərzində çinlilər, eləcə də Çinə gedib-gələnlərə qarşı müvəqqəti də olsa səyahət qadağaları tətbiq edib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yoluxma halları artacaq, çünki minlərlə şübhəli hal hələ müayinə olunmaqdadır.

Virusun Çin iqtisadiyyatına təsiri “böyük, amma qısamüddətli olacaq”, – “Oxford Economics”in təhlilçiləri fevralın 3-də bildirib.

Təhlilçilərin mövqeyinə görə, bu il dünyanın ikinci böyük iqtisadiyyatı 5,4 faiz artacaq, “öncəki proqnozlarda bu, 6 faiz göstərilirdi”.

Təsir daha çox bu ilin ilk üç ayında hiss olunacaq, artımı 2 faizdən çox azaldacaq.

XS
SM
MD
LG