Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:37

Erdogan İdlibə hücumun ‘an məsələsi’ olduğunu deyir


Recep Tayyip Erdogan
Recep Tayyip Erdogan

Suriya Prezidenti Bashar al-Assad qüvvələri ölkənin şimal-qərbində Türkiyənin hərbi mövqelərindən geri çəkilməsələr, İdlib regionunda hərbi əməliyyat “an məsələsidir”. Türkiyə Prezidenti Recep Tayyip Erdogan belə bir xəbərdarlıqla çıxış edib. Moskva isə bəyanatı tənqid edib.

Suriya ordusunun Rusiyanın raket zərbələrinin dəstəyilə gerçəkləşdirdiyi hücum doqquz illik münaqişədə ən böyük qaçqın dalğasına səbəb olub.

Erdogan fevralın 19-da hakim AKP-dən deputatlara deyib ki, Rusiya ilə danışıqlar Ankaranın tələblərinə cavab vermir. Rusiya Assad rejiminin əsas havadarıdır.

Onun sözlərinə görə, Türkiyə “nəyin bahasına olursa olsun” İdlibi təhlükəsiz zonaya çevirmək istəyir, hətta Rusiyaya dialoqu davam etdirəndə belə. Ankara Assadı devirməyə çalışan üsyançıları dəstələyir.

“Türkiyə, əvvəlki əməliyyatlarımızda olduğu kimi, İdlib planı üzrə hazırlıqları tamamlayıb. Səmimi desəm, İdlib əməliyyatı an məsələsidir. Türkiyə İdlibi Assad rejiminə qoymayacaq”, – Erdogan deyib.

“Sayırıq, son xəbərdarlıqlarımızı edirik”, – o əlavə edib.

Moskva qarşı çıxır

Kremlin sözçüsü Dmitry Peskov isə Kremldə jurnalistlərə deyib ki, Moskva belə bir əməliyyata qəti qarşı çıxır, amma İdlibdə gərginliyin daha da qızışmaması üçün Rusiya və Ankara kontaktdadır.

Xarici işlər naziri Sergei Lavrov ayrılıqda söyləyib ki, fevralın 17-18-də Moskvada Rusiya-Türkiyə danışıqlarında razılaşma əldə olunmayıb.

Bu arada Suriya üzrə humanitar işçilər İdlibdən qaçan yüzminlərlə adama görə atəşkəs və beynəlxalq yardım istəyiblər.

Suriya QHT Alyansı İstanbulda mətbuat konfransında bəyan edib ki, mövcud düşərgələr həddindən artıq dolub və dinc sakinlər açıq havada yatmağa məcbur qalırlar. Əməliyyatlardan dolayı ərazidən 900 mindən çox adamın qaçdığı bildirilir.

Dekabrda başlanan hücumda 400-dən artıq dinc sakin öldürülüb, bunu Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirir.

XS
SM
MD
LG