Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Suriyada çox sayda Türkiyə hərbçisi həlak olub, Çavuşoğlu NATO-ya zəng edir


Türkiyə əsgərləri İdlibdə
Türkiyə əsgərləri İdlibdə

Suriyanın İdlib vilayətində davam edən döyüşlərdə Türkiyənin 22 hərbçisi öldürülüb.

Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayətinin qubernatoru Rahmi Doğan bildirib ki, əsgərlər Suriya aviasiyasının hava zərbələri nəticəsində həlak olublar.

Qubernator çox sayda əsgərin yaralandığını bildirib.

Lakin rəsmi Ankara hava zərbələrinin Rusiya, yoxsa Suriya aviasiyası tərəfindən endirildiyi barədə açıqlama vermir.

Reuters agentliyi Suriya müxalifətinin mənbələrinə istinadən azı 34 Türkiyə əsgərinin həlak olduğunu xəbər verib.

The Guardian yazır ki, Suriyanın şimalında döyüşən mötədil və cihadçı qüvvələrin hərbi mənbələri fevralın 27-də həlak olan Türkiyə hərbçilərinin sayını “70-dək” olaraq göstərib.

Bu mənbələr xəbər verirlər ki, hava zərbələrinə Balyun kəndindəki ikimərtəbəli bina məruz qalıb.

Türkiyə mənbələri bu hücuma görə Suriya rejimini ittiham edirlər, lakin İdlibdəki bir neçə mənbədən verilən xəbərlərdən və gecənin qaranlığnda çəkilmiş videolardan hava zərbələrinin Rusiya təyyarələri tərəfindən endirildiyinin göründüyü bildirilir.

Bir gündə ən ağır itkilər

Financial Times yazır ki, bu, Suriyada vətəndaş münaqişəsi başlanandan bəri NATO üzvü Türkiyənin orada bir gündə verdiyi ən böyük itkidir.

Beləliklə, Suriyanın İdlib qəzasında təkcə bu ay həlak olmuş Türkiyə hərbçilərinin sayı 43-ə çatıb.

Qəzet yazır ki, son itkilər Türkiyənin anti-Assad qüvvələrinə verdiyi dəstəyin doğurduğu riskin getdikcə artdığını göstərir.

Bu da xəbər verilir ki, prezident Recep Tayyip Erdoğan fevralın 27-də, axşam saatlarında Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

NATO hay verəcəkmi?

Türkiyə mediası xəbər verir ki, xarici işlər naziri Mevlut Çavuşoğlu NATO-nun baş katibi Jens Stoltenberg-ə zəng edib.

Bu xəbərlərin ardınca Türkiyə rəsmiləri bildiriblər ki, Ankara bundan sonra Suriya qaçqınlarının Avropaya axınına mane olmamağı qərara alıb.

Ankara bildirir ki, Qərb ona Suriyanın şimalında dəstək verməyib.

Financial Times yazır ki, son itkilər Türkiyə ilə Suriya-Rusiya qüvvələri arasında tammiqyaslı müharibəyə yol aça bilər.

Məqalədə deyilir ki, indi NATO üzvləri Türkiyə ilə bağlı alyans nizamnaməsinin 5-ci maddəsinin işə salınıb-salınmaması məsələsinin müzakirə etməlidirlər.

Bu maddəyə görə alyansın bir üzvünə hücum edilərsə, bu, bütün üzvlərin üzərinə hücum sayılır.

Qərb-Türkiyə incikliyi

Financial Times yazır ki, Avropa İttifaqı və ABŞ Türkiyəyə dəstək bəyanatları versələr də, humanitar yardım göstərsələr də, Ankaranın Suriyanın şimalında bufer zonası yaratmaqda kömək çağırışlarına hay verməyiblər.

Ümumiyyətlə, son bir neçə ildə Qərblə Türkiyə arasında münasibətlər bir qayda olaraq gərgin olub.

Bu bir tərəfdən də Ankaranın son illərdə Moskva ilə son dərəcə yaxınlaşması və Rusiyadan S-400 raketləri almaq qərarı ilə bağlıdır. Türkiyə ABŞ və NATO-nun bu raket sistemlərini almamaq çağırışlarını qulaqardına vururdu.

ABŞ səfiri: “İndi Türkiyə kimin əsl dost olduğunu görür”

Türkiyə İdlib cəbhəsindəki itkiləri rəsmən təsdiq etməzdən əvvəl ABŞ-ın NATO-dakı səfiri Kay Bailey Hutchison demişdi ki, o heç olmasa indi Türkiyənin “kimin daha etibarlı partnyor olduğunu və kimin dost olmadığını gördyünə ümid edir”.

Səfir Türkiyəni bir daha S-400 sistemlərinin alınmasını dayandırmağa çağırmışdı.

Kay Bailey Hutchison
Kay Bailey Hutchison

Ankara özünün Suriya ilə sərhədinin mühafizəsi üçün ABŞ-dan bu bölgədə Patriot raketlərinin yerləşdirilməsini xahiş edib.

Lakin xanım Hutchison deyib ki, Vaşinqton hələlik bu barədə qərar qəbul etməyib.

Səfir bildirib ki, “amma əgər Rusiya Türkiyə qoşunlarına hücum etsə, müttəfiqlər Rusiya ilə Türkiyə arasında indiyədək bütün baş verənlərə rəğmən Ankaranı dəstəkləyəcəklər”.

Twitter-in bloklandığı xəbər verilir

Fevralın 27-də verilmiş böyük itkilər heç şübhəsiz Erdoğan hökumətini müxalifətin tənqidlərinə hədəf edəcək.

Müxalifət hakim partiyaya türk əsgərlərinin İdlibdə nəyin uğrunda öldükləri barədə sualı əvvəllər də verib.

Belə görünür ki, Erdoğan iqtidarı Türkiyənin İdlibdəki itkiləri barədə xəbərlərin yayılmasını önləmək üçün sosial mediaya məhdudiyyətlər qoyub.

NetBlocks bildirib ki, fevralın 27-də Türk telekomun abunəçiləri Twitter-ə daxil ola bilmirdilər.

Kreml: Putin İstanbula getməyəcək və Erdoğanla görüşməyəcək

Kremlin sözçüsü Dmitry Peskov fevralın 27-də deyib ki, prezident Vladimir Putin martın 5-də İstanbula səfər etməyi planlaşdırmır.

Putin orada Türkiyə prezidenti Recep Tayyip Erdoğanla Suriyanın İdlib qəzasında yaranmış mürəkkəb vəziyyəti müzakirə etməli idi.

Hazırda həmin bölgədə qiyamçılarla Suriya qoşunları arasında Rusiya və Türkiyə hərbçilərinin də birbaşa iştirak etdiyi ağır döyüşlər gedir.

TASS agentliyi Peskova istinadən birdirir ki, “martın 5-də Putinin başqa iş planları var”.

AzadlıqRadiosunun Rus xidməti qeyd edir ki, bu, Erdoğanın az əvvəl verdiyi bəyanatla tam ziddiyyət təşkil edir.

Türkiyə prezidenti demişdi ki, Putinlə İstanbulda keçiriləcək görüş artıq razılaşdırılıb və bu danışıqlara Fransa və Almaniya liderləri Emmanuel Macron və Angela Merkel də qatıla bilərlər.

İdlibdə vəziyyət son dərəcə gərgindir

Suriyanın İdlib qəzasında son bir neçə həftədir ki, Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qoşunlarının Türkiyə tərəfindən dəstəklənən qiyamçıların üzərinə hücumu davam edir.

Türkiyə son bir neçə gündə İdlibdəki hərbi mövcudiyyətini əhəmiyyətli şəkildə artırıb və münaqişəyə getdikcə daha çox birbaşa müdaxilə edir.

Təkcə son sutkalar ərzində prezident Bashar al-Assadın qoşunları İdlibin cənubundakı 30-a yaxın yaşayış məntəqəsini qiyamçıların əlindən alıb.

Lakin bunun ardınca qiyamçılar Türkiyə artilleriyasının dəstəyi ilə strateji Səraqib şəhərini yenidən ələ keçiriblər.

Beləliklə, Assad rejimi üçün həyati əhəmiyyəti olan Dəməşq-Hələb avtomobil magistralı yenidən bloklanıb.

Erdoğan bundan əvvəl dəfələrlə deyib ki, Suriya qoşunları hücum əməliyyatından əvvəlki mövqelərinə qayıtmasa, Türkiyə bu qoşunlara qarşı hərbi əməliyyat keçirəcək.

Ankara bildirir ki, onun bu tələbi İdlibin dinc əhalisinin və eləcə də onun öz hərbçilərinin müdafiəsi məqsədini güdür.

Rusiya öz növbəsində bildirir ki, Suriya hökuməti öz ərazisində “terrorçulara” qarşı əməliyyat keçirmək ixtiyarına malikdir.

Putin və Erdoğan fevral ayında İdlibdəki vəziyyəti bir neçə dəfə telefonla müzakirə ediblər.

Lakin indiyədək bu istiqamətdə heç bir razılığa gəlinməyib.

Moskva deyir ki, Türkiyə onun təyyarələrini vurmağa çalışır

Bu arada Rusiyanın dövlət telekanalı fevralın 27-də bildirib ki, Suriyanın İdlib qəzasındakı Türkiyə hərbi müşavirləri çiyindən atılan səyyar raketlərlə Rusiya və Suriyanın hərbi təyyarələrini vurmağa çalışıblar.

Bu iddia Rossia 24 kanalının efirində səslənib.

Bu xəbərlər yayılarkən Türkiyə və Suriya müxalifəti bildiriblər ki, anti-Assad qiyamçılar İdlibdəki Nayrab şəhərini ələ keçiriblər.

Rossia 24 kanalı bildirib ki, Rusiya və Suriya təyyarələri qurudakı Suriya qoşunlarının həyatını “sözün əsl mənasında xilas etməyə” çalışır:

"Suriya və Rusiya təyyarələri qiyamçıların hücumlarını dəfələrlə dayandırmağa cəhd edirlər. Lakin İdlib səması da təhlükəlidir. Qiyamçılar və Türkiyə hərbi ekspertləri portativ hava hücumundan müdafiə sistemlərindən fəal istifadə edirlər”.

Telekanal bildirir ki, Rusiya və Suriya təyyarələri buna görə də qiyamçıların mövqelərini cavab atəşinə tutmağa və bombardman etməyə məcbur olur.

***

Türkiyə ordusunun dəstəklədiyi suriyalı üsyançılar strateji Saraqeb şəhərini yenidən ələ keçiriblər. Bu, Suriya ordusunun Rusiyanın dəstəyi ilə gerçəkləşdirdiyi hücum əməliyyatında ciddi geriləmə sayılır.

Üç həftə qabaq silahlı müxalifət iki böyük magistral yolun kəsişməsində yerləşən şəhəri itirmişdi.

Son döyüşlərdə bir milyonadək suriyalı evindən didərgin düşüb.

“Saraqeb şəhəri Assad-ın dəstələrindən tamamilə azad olunub”, – Türkiyənin dəstəklədiyi üsyançı fraksiyalar koalisiyasının – Milli Azadlıq Cəbhəsinin sözçüsü Naji Mustafa deyib.

Dekabrdan bəri Suriya Prezidenti Bashar al-Assad qüvvələri Rusiyanın dəstəyi, iranlı döyüşçülərin yardımıyla Suriyanın şimal-qərbində irəliləməkdədir.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatının bu gün – fevralın 27-də bildirməsinə görə, hökumət qüvvələri İdlib vilayətinin cənubuna nəzarəti tam ələ alıb.

Təşkilat bildirir ki, son üç gündə hökumət qüvvələri İdlibin cənubunda və ona bitişik Hama vilayətində 60-dək şəhər və kəndi tutublar.

“Rejim başlanğıca qayıdıb”

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Suriya qüvvələrinin ərazidən çıxması üçün fevralın sonunadək vaxt qoyub. Türkiyə sözügedən ərazidə Rusiya ilə razılaşma əsasında bufer zona yaratdığını bildirir.

Erdogan deyib ki, əks halda Türkiyə Suriya hökumət qüvvələrini ərazidən çıxaracaq.

Bu gün Türkiyə və Rusiya rəsmiləri Ankarada münaqişə üzrə danışıqları davam etdirəcəklər.

Ankara üsyançıları dəstəkləməyə Suriyanın şimal-qərbinə minlərlə hərbçi və avadanlıq göndərmişdi. Burada yeni postlar qurulub, üsyançılar Assad qüvvələrinə qarşı yeni əməliyyata hazırlıq görüldüyünü deyirlər.

Saraqeb şəhəri paytaxt Dəməşqi və Suriyanın ikinci böyük şəhəri olan Hələbi birləşdirən iki əsas yolun ayrıcında yerləşir.

Bir müddət öncə Assad qüvvələri M5 adlı bu magistralı ələ keçirməklə üsyançılara qarşı əməliyyatda böyük irəliləyiş əldə etdilər.

“Müxalifət indi magistral yolları bir-birindən ayırıb və rejimi başlanğıca qaytarıb”, – Suriya müxalifətindən general Ahmad Rahhal deyib.

“The Associated Press” Saraqeb şəhərindən fəal Taher al-Omar-a istinadla yazır ki, şəhər indi müxalifətin nəzarətindədir. O, yerləşdirdiyi videoda hökumət qüvvələrinin “siçovullar kimi qaçdığını” bildirir.

Dekabrın əvvəlindən başlanan kampaniyada 300-dən çox dinc sakin öldürülüb.

BMT 948 min nəfərin didərgin düşdüyünü bildirir.

XS
SM
MD
LG