Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Koronavirus xəbərləri: ABŞ, Britaniya, Rusiya, İran


Nyu Yorkda tibb bacılarının etirazı
Nyu Yorkda tibb bacılarının etirazı

ABŞ Prezidenti Donald Trump deyir ki, ölkəsinin COVID-19 pandemiyası ilə mübarizəsində ümid qığılcımları görür. Britaniyanın Baş naziri Boris Johnson isə koronovirus simptomları keçmədiyinə görə xəstəxanaya yerləşdirilib.

Trump deyir ki, gələn iki həftə ərzində Birləşmiş Ştatlarda ölü sayı “dəhşətli” səviyyəyə çatacaq, amma onu da əlavə edib ki, yoluxma sayında sabitləşmə müşahidə olunur.

“Tunelin sonunda işıq görürük. Çox yaxşı şeylərin baş verdiyini görürük”, – o, aprelin 5-də gündəlik koronovirus brifinqində söyləyib.

Bu il yenidən prezident seçilməyə çalışan Trump ölkədə pandemiyanın vəziyyəti ilə bağlı həddən artıq nikbin davranışa görə tənqid olunur.

Müsbət əlamətlər

Ağ evin koronovirusla mübarizə işçi qrupunun koordinatoru Dr. Deborah Birx deyib ki, İspaniya və İtaliyada müsbət əlamətlər görünməkdədir və Birləşmiş Ştatlar yubanmayla olsa da bu trayektoriya ilə gedəcək.

Britaniya hökuməti isə bir müddət öncə koronavirusa yoluxmuş baş nazir Johnson-un xəstəxanaya qəbul edildiyini açıqlayıb. Dauninq Strit bunu baş nazirin həkiminin tövsiyə etdiyi “ehtiyat tədbiri” adlandırıb.

“Amerikalıların hamısı ona görə dua edir. Ümidliyəm və əminəm ki, yaxşı olacaq”, – Trump Johnson barədə deyib.

Cons Hopkins Universitetinin məlumatına görə, hazırda dünyanın 182 ölkəsində 1,25 milyon nəfər koronavirusa yoluxub. 250 mindən çox insan sağalıb, 68 mindən çoxu vəfat edib.

Birləşmiş Ştatlarda ən yüksək yoluxma sayı qeydə alınıb – 325 min nəfər. Ölkə testlərin miqyasını genişləndirir. Trump deyib ki, 1,6 milyondan çox amerikalı testdən keçirilib.

ABŞ-dan 9 min 200 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Trump daha öncə demişdi ki, hətta fiziki təcrid tədbirləri görülməsinə baxmayaraq, 100 min – 200 min nəfər ölə bilər.

“9/11 anımız”

Baş sanitar həkim Jerome Adams aprelin 5-də amerikalılara müraciət edib ki, “bir çox amerikalının həyatında ən ağır və ən kədərli həftəyə” hazır olsunlar. O, “Fox News TV”yə deyib ki, bu “bizim 9/11 anımız olacaq”.

2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktında 3 minə yaxın insan həlak olub.

Bu arada Nyu York ştatı koronovirusdan gündəlik ölü sayının azacıq azaldığını, 600-ə düşdüyünü açıqlayıb.

Qubernator Andrew Cuomo xəbərdarlıq edib ki, bu rəqəmlərin ştat üçün əhəmiyyətini “söyləməyə hələ tezdir”. Nyu York ştatında 4 min 159 ölü, 122 min yoluxma qeydə alınıb.

Trump deyir ki, ölkə milyonlarla maska, əlcək, geyim əldə edib. Nyu York şəhərinə 600 min maska veriləcəyi bildirilir.

Birləşmiş Ştatlar Rusiyada qalmış amerikalıların çıxarılması üçün çarter reysləri təşkil etdiyini bildirib.

Ölkədə koronavirusun episentri sayılan Nyu York şəhərinə isə uçuşlar dayandırılıb.

Yerli və beynəlxalq uçuşların azalması qlobal aviasiya sənayesini çökdürüb. ABŞ-da hava şirkətləri pandemiya dövründə hökumətdən dəstək istəyib.

İran və Rusiya

İtaliyada aprelin 5-də koronovirusdan ölü sayı 15 min 887-yə çatıb.

İspaniyada da yoluxanların və ölənlərin sayında azalma müşahidə olunur.

İran Prezidenti Hassan Rohani aprelin 5-də bildirib ki, ayın 11-dən “az riskli iqtisadi sahələr” fəaliyyətini bərpa edəcək. O, hökumət işçilərinin üçdə ikisinin idarələrdən işləməyə başlayacağını açıqlayıb.

Bundan bir neçə saat sonra Səhiyyə Nazirliyi COVID-19-a indiyədək 58 min 226 nəfərin yoluxduğunu, 3 min 603 nəfərin öldüyünü açıqlayıb.

İran hakimiyyəti həm pandemiyaya ləng reaksiya verdiyinə görə tənqid olunur, həm də təqdim etdiyi rəsmi rəqəmlərə şübhəylə yanaşılır.

Eyni şübhə Çin, Rusiya, Türkmənistan, Şimali Koreya ilə bağlı da mövcuddur.

Rusiya hakimiyyəti 5 min 389 nəfərin yoluxduğunu, 45 nəfərin öldüyünü bildirir.

XS
SM
MD
LG