Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:55

10 milyon qaçqından testdən keçən olmayıb


Heratda qaçqın düşərgəsi
Heratda qaçqın düşərgəsi

Hazırda dünyada müharibə və iğtişaşlar nəticəsində 70 milyondan çox insan evindən didərgin düşüb, onların 10 milyon nəfəri qaçqın düşərgələri və qeyri-rəsmi sığınacaqlarda yaşayır. Bu şəxslərdən heç biri koronovirus testindən keçməyib.

“The Associated Press” agentliyi yazır ki, bu düşərgələrin çoxu nisbətən təcrid olunub və bu, virusun yayılmasını önləyə bilər. Di gəl, test aparılmırsa, adamlarda simptomlar üzə çıxanadək virus yayılmaqda davam edə bilər. Bu isə qaçqınlar üçün fəlakətli nəticələr deməkdir.

“Testlər Nyu York və Norveçdə də çatışmır, amma planetin cənub hissəsində kömək etməyə çalışdığımız adamlar üçün demək olar heç mövcud deyil”, – Norveç Qaçqın Şurasının başçısı Jan Egeland agentliyə deyib.

“Hamımız məhv olarıq”

Təşkilat bu yaxınlarda çalışdığı 30 ölkənin hamısında araşdırma apararaq üzə çıxarıb ki, insanlar xəstələnməyincə testdən keçməyiblər.

Məsələn, müharibə gedən Suriyanın İdlib vilayətində şübhəli koronovirus xəstələrini kiçik bir tibb ocağı qəbul eləyə bilər. Dünyanın ən böyük qaçqın düşərgəsi sayılan Banqladeşdə isə yardım işçiləri ard-arda təcrid obyektləri tikirlər.

“Bu virus Amerikada hər gün adam öldürürsə, sizcə, bizim başımıza nə gələr?” – Keniyanın Dadaab düşərgəsində göyərti satan Mariam Abdi deyib. Bu düşərgədə ucu-bucağı görünməyən çadırlarda 217 min nəfər yaşayır. “Hamımız məhv olarıq”, – Abdi söyləyir.

Agentlik yazır ki, qərb ölkələri pandemiyanı nə vaxtsa önləyə bilsələr də, nəzərə almalıdırlar ki, virus dünyanın ən zəif qrupu arasında yayılmağa başlasa, istənilən vaxt geri qayıda bilər.

Bir çox düşərgələrdəki şərait sosial məsafə, yaxud tez-tez əl yumaq qaydalarını mümkünsüz edir.

Egeland deyir ki, hazırda düşərgələrdə yaşayan qaçqınların sayı dəqiq bəlli deyil, amma onların qaçın və məcburi köçkünlərin sayının 10-15 faizini təşkil etdiyi bildirilir.

Artıq İtaliya, Almaniya, İran, Avstraliya və Yunanıstanda qaçqınlar arasında virus qeydə alınıb.

Yoluxanların çoxunda yüngül simptomlar üzə çıxır. Amma koronavirus ağır xəstəlik və ölümlə sonuclana bilər. Yüksək səviyyədə yoluxucu virus hətta sağlam şəxslər arasında da yayılır.

XS
SM
MD
LG